İrəvan və separatçılar müharibəni seçir - Bakı isə nəyi nə vaxt edəcəyini bilir!

Paşinyan Köçəryan-Sərkisyan yoluna qayıdır; Ermənistan “Spayka” TIR-ları kimi dalanda, xuntaçılar da 80-ci illərdə ilişib qalıb; kapitulyant ölkə üçün sonrakı sülh sənədi əvvəlkindən daha ağır olacaq, çünki...

“Gallup” bu yaxınlarda Ermənistanda növbəti sorğu keçirib. Nəticə nə baş nazir Nikol Paşinyan iqtidarı, nə də müxalifət üçün təsəllivericidir. Elə erməni cəmiyyəti üçün də. Doğrudur, hakim partiyanın reytinqi yenə müxalifətin toplam nüfuzunu üstələyir. Lakin söhbət aşağı rəqəmlərin müqayisəsindən gedir. Yəni “pislərin içində ən yaxşısı” məsələsi.

“Gallup”a görə, respondentlərin yalnız 13,3%-i hakim partiyaya səs verməyə hazırdır. Müxalifətçi “Ermənistan” 3,8%, “Çiçəklənən Ermənistan” 1,8%, “Şərəf duyuram” bloku isə 1,5% səsə ümid edə bilər. Respondentlərin 0,8%-i “Daşnaksütyun”a, 0,4%-i Erməni Milli Konqresi və “Sasna Tsrer”ə səs verməyə hazır olduğunu bildirib (Müxalifətə üst-üstə 8% səs). Sorğu habelə müəyyən edib ki, vətəndaşların 67%-dən çoxu N.Paşinyana etibar etmir.

Sonuncu rəqəm kifayət qədər düşündürücüdür. Çünki belə çıxır, Nikol Paşinyan ictimai etimadı itirib və sülh müqaviləsi imzalaya bilməyəcək (Hərçənd müxalifətə dəstək ondan da aşağıdır). Yaxud imzalasa, devriləcək? Və ya bu o anlama gəlirmi ki, erməni cəmiyyəti radikal-revanşistlərin ardınca getməyə hazırdır?

Suallar hələlik açıq qalır. Lakin mövcud vəziyyət hakim partiyaya Azərbaycanla nə dərəcədə səmərəli sülh danışıqları aparıb konkret sənəd imzalamağa zəmanət verir, onu da söyləmək çətindir. Rəsmi İrəvan sülh sazişi məsələsində iki ildir vaxtı məsuliyyətsizcəsinə uzatmaqla ən böyük pisliyi elə öz xalqına eləməkdədir. Ona görə ki, bir var, özünə qarşı etimadın pik vaxtında cəmiyyətlə açıq danışıb onu sülh müqaviləsinə inandırasan, bir də var, nüfuzun “quyunun dibi”nə düşəndə eyni cəhdləri edəsən.

Qısası, bir daha bəlli olur ki, zaman Ermənistana işləmir. Demək, İrəvan üçün sonrakı sülh anlaşması əvvəlkindən daha ağır olacaq. Təəssüf ki, Paşinyan hakimiyyət öz sələfləri kimi, tam yanlış olaraq, bunun əksini zənn edir. Sərhəddəki “humanitar” avantüra göstərdi ki, hətta o, Köçəryan-Sərkisyan cütlüyünün destruktiv, pozucu kursuna qayıdıb. Guya zamanla Ermənistan üçün indikindən xeyli məqbul şərtlər yaranacaq.

Kreml və İrəvan üçtərəfli anlaşmaları ləğv etdi: Bakı antiterror  əməliyyatlarına...

Bu isə gözlənilmir. Ona görə ki, Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi tandemdə bölgədə öz qüdrətini durmadan artırır və kapitulyant ölkəyə heç vaxt hərbi paritet (balans) yaratmağa imkan verməyəcək. Başqa sözlə, masada şərtləri həmişə Bakı diktə edəcək. Odur ki, son sorğudan ən ciddi nəticələri Nikol Paşinyan hökuməti çıxarmalıdır.

Əsas qənaət isə belədir ki, Ermənistan baş naziri öz xalqını Azərbaycanla sülhə hazırlaya bilməyib, vaxtı uzatdıqca hazırlaması daha çətin olacaq. Bu mənada iki həftədir “Laçın” postu yaxınlığında dalanda ilişib qalan “Spayka” TIR-ları ilə yanaşı, elə Ermənistanın özüdür.

Bu arada Ermənistan Vəkillər Palatasının keçmiş sədri Ara Zohrabyan və qondarma “dqr”in “vəkillər palatası”nın “sədri ” Erik Beqlaryan Paşinyana qarşı məhkəmə iddiası qaldırıblar. “Biz İnzibati Məhkəmədən Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatlarını və hərəkətlərini qanunsuz hesab etməyi tələb edirik. Törəmə tələb kimi Ermənistan baş naziri Paşinyana bu istiqamətdə hər hansı addım atmasının, o cümlədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədi imzalamasının qadağan olunmasını (?! - red.) istəyirik”, - Zohrabyan bildirib.

Diqqət edin, revanşistlər öz iddialarını Ermənistan konstitusiyasına, habelə Ermənistan SSR Ali Sovetinin 1989-cu il qərarına (Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi”) əsaslandıqlarını söyləyiblər.

Həqiqətən də Ermənistanın hazırkı konstitusiyası beynəlxalq normaların ziddinə olaraq, keçmiş DQMV-ni Ermənistanın ərazisi kimi təsbit edib. Yəni həmin konstitusiyaya əsasən, kapitulyant ölkənin ərazisi heç də 29.7 min kv km yox, 34.1 min kv km-dir (4.4 - keçmiş  DQMV).  

Sadalananlar, o cümlədən “Qarabağ Azərbaycandır” deyən Paşinyana qarşı artan ictimai etimadsızlıq göstərir ki, ermənilər mənfur “miatsum” ideyasından qurtula bilmir. Laçın yolu da onlar üçün humanitar dəhliz yox, məhz öz köhnə, bədnam planlarını reallaşdırmaq üçün vasitə, silah-sursat, təchizat yolu kimi lazımdır...

***

Xaçaturyanı Bakıya İrəvan satıb” – Separatçılar şokda

Son gəlişmələrin yekunu olaraq erməni toplumunda “müharibə partiyası” təzədən populyarlıq qazana, Azərbaycanla sülh daha əlçatmaz ola bilər - təbii ki, Ermənistan üçün qat-qat acı nəticələri ilə birgə. Seçim özlərinindir. İstənilən halda rəsmi Bakının xoş məramı sonsuzadək davam etməyəcək, illah da bu, qarşı tərəfdən zəiflik kimi qəbul edilib avantürist planlar naminə istifadə olunarsa. Məqamı gələndə lokal antiterror əməliyyatları olacaq, o yana da keçiləcək.

Srağagün separatçı-başı Araik Arutyunyanın verdiyi təxribatçı müsahibə, baş xuntaçının növbəti dəfə Azərbaycan dövlətinə meydan oxuması, dünən isə daşnak David İşxanyanın qondarma “artsax parlamentinin sədri seçilməsi” buna şəkk-şübhə saxlamır.

Bəlli olduğu kimi, Araik Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib, faktiki silahlı mübarizəyə çağırıb. Ağılları gedib 80-ci illərə. Eyni zamanda bir daha aydın olur ki, separatçılar Qarabağdakı sadə erməniləri də girov saxlayırlar.

Belə demarşlara Azərbaycan, əlbəttə ki, uzun müddət susqun qala bilməz. Daha bir səbəbə: Qarabağa artıq böyük köç başlayıb, quruculuq-bərpa işləri ildən-ilə sürətlənir. Dəfələrlə yazdığımız kimi, biz imkan verə bilmərik ki, silahlı banditlər həm qayıdan əhalimizə, həm də Qarabağın bərpası prosesinə ciddi təhlükə yaratsın.

Belə bir “lüks” onlara tanınmayacaq, çünki bu bizim qırmızı xəttimiz! Azərbaycan dövləti nəyi nə vaxt edəcəyini yaxşı bilir...
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin