Türkmənçay müqaviləsində “Ermənistan” sözü yoxdur

Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi.

İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Yeri gəlmişkən, işğalçı general bu faktla hesablaşmağa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə ermənilərə daha yaxşı şərait yaratmaq üçün canfəşanlıq edən, regionda böyük əksəriyyət təşkil edən yerli Azərbaycan türklərinin haqqını kobudcasına tapdalayan İrəvan Müvəqqəti İdarəsinin üzvü, erməni arxiyepiskopu Nersesi vəzifəsindən kənar edib Bessarabiyaya sürgün etdirmiş, buna şərait yaradan İrəvan Müvəqqəti İdarəsinin rəisi, general Krasovskini isə vəzifəsindən kənar edib Rusiyaya qaytarmışdı.

Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar – red.) köçürüb gətirmişik”.

Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq erməniləri Cənubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi dövrlərdən bəri davam edən ənənəvi etnik-siyasi və dini mənzərəsini zorla dəyişdirdi. Şimali Azərbaycanın İran və Türkiyə ilə sərhəd torpaqlarında Cənubi Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi.

Rusiya müstəmləkəçiləri çox çəkmədən Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də – Azərbaycan xalqının Novruz bayramı günlərindən birində imperator I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma “Erməni vilayəti” yaradıldı. Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı. Yeri gəlmişkən, 1828-ci ildə özü də ermənilərin köçürülmə kampaniyası başa çatdırıldıqdan sonra “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı.

Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: “Erməni vilayəti” ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s.  1849-cu ildə isə həmin Azərbaycan torpaqlarında yeni inzibati-ərazi vahidi – İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması əslində Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.

Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə, Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qafqazla bağlı geosiyasi planlarını həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun müqabilində onlara Şimali Azərbaycan torpaqlarında – keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür kömək göstərdilər.

Nəhayət, 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalqının iradəsini nəzərə almadan böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kvadratkilometr torpaqla birlikdə ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən torpağından düşmənə pay verildi. Və pay verilmiş həmin Şimali Azərbaycan torpağında – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı.

29 may 1918-ci il! – Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda – tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində, ümumiyyətlə, erməni dövləti olmamışdır.

Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında – İrəvan  və Naxçıvan xanlıqlarının ərazisində erməni dövlətinin yaradılmasından dərhal sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı. Erməni millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya imperiyasının Azərbaycan xanlıqları, İran və Türkiyə ilə bağladığı müqavilələrin adları və mətnləri də saxtalaşdırıldı. Rusiya və Sovet İttifaqının ali rəhbərliyində, dövlət və hökumət strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi surətdə köçürülüb gətirilmiş gəlmə ermənilər bu regionun “ən qədim yerli əhalisi”, ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli azərbaycanlılar isə “gəlmə”, “köçəri yırtıcılar” kimi qələmə verilməyə başlandı. Erməni millətçiləri bütün dünyaya Azərbaycan və azərbaycanlılar haqqında dayanmadan saxta və qəsdən təhrif olunmuş informasiyalar yaydılar.

Bəzi faktlara müraciət edək.

Tarixi həqiqət belədir ki, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında Kürəkçay sazişi adlanan saziş bağlanmışdı. Sazişin adı belədir: “Traktat mejdu Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlast Rossii ot 14 maya 1805 qoda”. Həmin sazişə görə Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını təsdiq edirdi. Erməni tarixçiləri isə real tarixi və Kürəkçay müqaviləsini saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinin guya ermənilərə məxsus olduğunu və Kürəkçay müqaviləsinin də guya ermənilərlə Rusiya arasında bağlandığını iddia edirlər. Halbuki ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ xanlığının ərazisinə köçürülməsinə Kürəkçay sazişinin imzalandığı 1805-ci ildən çox sonra – 1828-ci ildə başlanmışdı. Və Qarabağ erməniləri 1978-ci ildə özlərinin İrandan bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Dağlıq Qarabağda – Ağdərə rayonunun Marquşevan kəndində bir xatirə abidəsi də inşa etmişdilər. 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri “tarixi həqiqətin izini itirmək” məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar. Hazırda həmin abidənin qalıqları Azərbaycan  Respublikasının Ağdərə rayonu ərazisindədir.

Digər bir fakt: XIX əsrin əvvəlində Rusiya imperiyası Cənubi Qafqazı işğal etməyə başlayanda burada heç bir erməni dövləti yox idi. Cənubi Qafqazda Azərbaycan xanlıqları hökmranlıq edirdi. Regionda Azərbaycan xanlıqlarından başqa bir də gürcü çarlığı vardı. O zaman indiki Ermənistan Respublikasının yerləşdiyi ərazidə iki Azərbaycan dövləti vardı: İrəvan və Naxçıvan xanlıqları. Və 1826-1828-ci illər Rusiya – İran  müharibəsi başa çatdıqdan sonra Türkmənçay müqaviləsinə (1828) əsasən Azərbaycanın məhz həmin iki xanlığı – İrəvan xanlığı və Naxçıvan xanlığı Rusiya imperiyasına qatıldı. Bu tarixi fakt 1828-ci il Türkmənçay müqaviləsinin bütün mətnində və məzmununda da öz əksini tapmışdır. Konkret olaraq müqavilənin 3-cü maddəsində məhz İrəvan xanlığının və Naxçıvan xanlığının Rusiya imperiyasına ilhaq olunduğu qeyd edilir.

Müqavilənin nə bu maddəsində, nə də digər maddələrində – heç yerdə “Ermənistan” sözü yoxdur. Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi. Erməni “tarixçiləri” bütün bu real tarixi faktları saxtalaşdıraraq İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya guya “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edirlər. Buna xüsusi niyyətlə düşünülmüş saxtakarlıqdan başqa nə ad vermək olar?!

Daha bir fakt: erməni alimləri tarix elmini akademik səviyyədə saxtalaşdırırlar. Məsələn, erməni tarixçisi akademik S.P.Ağayan böyük Azərbaycan mütəfəkkiri A.A.Bakıxanova həsr etdiyi əsərdə XVIII əsr Şimali Azərbaycan xanlıqlarının xəritəsini vermişdir. Lakin erməni akademiki həmin xəritəyə saxtakarlıq edərək Şimali Azərbaycan xanlıqlarından birinin – məhz İrəvan xanlığının ərazisini daxil etməmişdir.

Ağayan öz əsərində, özü də həmin xəritənin altında verdiyi qeyddə yazır ki, göstərilən xəritəni guya P.İ.Kovalevskinin “Qafqazın Rusiya tərəfindən işğalı” əsərindən olduğu kimi götürüb öz əsərinə daxil etmişdir (bax: Kovalevskiy P.İ. Zavoevanie Kavkaza Rossiey. (İstoriçeskiy oçerk), SPb., (bez vıxodnıx dannıx), s.65, 113.). Bununla Ağayan oxuculara yalan satır, həm də peşəkar saxtakar olduğunu sübut edir. Çünki P.İ.Kovalevskinin əsərindəki xəritədə Şimali Azərbaycan xanlıqlarının hamısının əraziləri, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının əraziləri də öz əksini tapmışdır. Göründüyü kimi, erməni akademiki öz xalqına “xidmət etmək üçün”  tarixi həqiqəti təhrif etməklə yanaşı, rus alimi P.İ.Kovalevskinin xəritəsini saxtalaşdırmaqdan da çəkinməmişdir.

Bu gün Ermənistan Respublikası adlanan dövlətin yerləşdiyi ərazi yaxın keçmişə qədər bütün tarix boyu Azərbaycan torpağı olmuşdur. XIX əsrin əvvəllərində həmin ərazidə iki Azərbaycan dövləti – İrəvan və Naxçıvan xanlıqları yerləşirdi.  Yalnız 1828-ci ildə Rusiya orduları tərəfindən bu iki Azərbaycan xanlığı işğal  olunduqdan sonra ermənilər Türkiyədən və İrandan Şimali Azərbaycana köçürülüb gətirildilər. Və bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.

Bütün bu saxtakarlıqları ifşa etmək, dünyaya elmi həqiqəti, daha doğrusu, real tarixi olduğu kimi çatdırmaq ölkə başçısı cənab İlham Əliyevin tarixçilər qarşısında qoyduğu ən ümdə vəzifədir. Cənab Prezidentin demək olar ki, bütün çıxışlarında bu məsələyə toxunması bizə yeni stimul verir, bu istiqamətdə daha gərgin fəaliyyətə səsləyir.

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Yaqub Mahmudovun “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan ərazilərinə köçürülməsi tarixi həqiqətdir” (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il) məqaləsi əsasında hazırlanıb

01.07.2019

Rəylər

Aşağıdakı məlumatları qeyd edin