Başlıbel qətliamının təbliği Avropada həyata keçiriləcək

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi “ Başlıbel faciəsinin 30-cu ildönümü ilə bağlı Avropada anım tədbirinin keçirilməsi” layihəsinin icrasına başlayıb.

İctimai birlikdən Moderator.az-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi qətliamla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır.

Məlumatda deyilir ki, 1993-cü ilin 18 aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakininin (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər)  gülləboran edilməsi, girov götürülməsi, qətli ilə bağlı həqiqətlər Avropa ictimaiyyətinə çatdırılacaq. Layihə çərçivəsində Almaniyada “Başlıbel soyqırımı: Ermənistanın müharibə cinayəti” mövzusunda məlumatlandırma tədbiri keçiriləcək.

Tədbirdə Almaniyanın  ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, Almaniyada təhsil alan digər ölkələrdən gələn tələbələr, media təmsilçiləri iştirak edəcəklər. Tədbir vasitəsilə Ermənistan Silahlı Qüvvələrinin Başlıbel kəndində mülki insanlara: qadın, uşaq və ahıllara qarşı törətdikləri vəhşilikləri ilə bağlı  həqiqətlər Avropa ictimaiyyətinə çatdırılacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin