Ermənistan NATO ilə saziş imzalamaq ərəfəsində

Rəsmi İrəvan təhlükəli sularda üzməyə başlayıb və alyansa yaxınlaşma cəhdlərinə Kremlin qəzəbli xəbərdarlığı var; Paşinyanın “iki stul” siyasətinə ekspertlər qiymət verir 

Şimali Atlantika blokunun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib ki, NATO Ermənistanın xarici və müdafiə siyasətində dəyişiklik etməsini dəstəkləyir. NATO rəsmisinin sözlərinə görə, ümid edirlər ki, yaxın həftələrdə alyans və İrəvan fərdi şəkildə hazırlanmış tərəfdaşlıq proqramını təsdiq edəcək. 

“Hazırda biz kifayət qədər iddialı məqsədləri olan yeni Fərdi Tərəfdaşlıq Proqramı üzərində işləyirik. Biz təlim imkanları üzərində işləyirik. Bunun növbəti həftələr ərzində baş verəcəyinə böyük ümidlər bəsləyirəm” - “Yeni Müsavat” bildirir ki, Kolomina belə anons edib. O, həmçinin qeyd edib ki, yanvarda İrəvana etdiyi səfər məhsuldar olub. “Biz Ermənistanla bugünkü ikitərəfli münasibətlərdən razıyıq”, - deyə o bildirib. “Ermənistanın xarici və müdafiə siyasətində qəbul etdiyi qərarlar, qəbul etmək qərarına gəldiyi dəyişiklik bizi də çox ruhlandırır. Bilirəm ki, bu çətin qərardır və çox güman ki, uzun vaxt aparacaq, lakin biz tərəfdaşlarımızı əlbəttə ki, təşviq edirik. Ermənistanın etdiyi budur-bizə yaxınlaşmaq”, - deyə Kolomina qeyd edib.

Onun sözlərinə görə, son bir neçə ildə Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq aktivləşdirməyə qərar verib. “Təbii ki, NATO-nun geosiyasi maraqları var, bu maraqların istiqamətlərindən biri Ermənistandır, Ermənistanın Rusiyanın KTMT sisteminə rəsmi bağlılığı NATO-nun planlarında onun əhəmiyyətini artırır və NATO Rusiyaya alternativ olaraq Ermənistanın üzərində təsirlərini artırmağa çalışır”. “Kimsə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 31-də keçirdiyi brifinqdə Ermənistanın NATO-ya üzv olmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, rəsmi İrəvan bu cür qərarlar qəbul etməzdən əvvəl ölkədəki vəziyyəti təhlil etməlidir: "Biz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin fayda gətirdiyini, qısa, orta və uzunmüddətli perspektivdə nəyin fayda verə biləcəyini anlamalı və buna uyğun çıxış etməliyik. Qərbdə hamıya vədlər verirlər".

Qeyd edək ki, Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri tərəfindən qurumun noyabr sammitində razılaşdırılmış sənədləri hələ də imzalamayıb. Ermənistan baş nazirin müavini Vahan Kostanyan yerli mətbuata deyib ki, bu məsələyə hələ baxılır. Kostanyan məsələnin təfərrüatları barədə heç nə deməyib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri tərəfindən 23 noyabr Minsk sammitində imzalanmış sənədlərin arasında KTMT üzv ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma da var. Hərbi alyansın Baş katibi İmanqali Tasmaqambetov bu sənədi Ermənistan hökumətinə ötən dekabrda İrəvana səfəri zamanı vermişdi. Şərhçilər bildirirlər ki, sözügedən razılaşmaların İrəvan tərəfindən hələ də imzalanmaması Ermənistanın ikiüzlü siyasətini davam etdirdiyini, təşkilatı tərk edəcəyi görüntüsü yaradaraq, Qərbdən daha çox dəstək almağa çalışdığını göstərir. 

Rusiyanı Azərbaycanla qarşıdurmaya cəlb edə bilməyən Paşinyan hökuməti KTMT-nin guya Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Moskvanı Qərbə meyllənməklə şantaj edən İrəvan nə qədər “ciddi” olduğunu nümayiş etdirmək üçün KTMT Baş katibinin müavini vəzifəsi kvotasından, KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan təlimlərindən imtina edib. Ölkəsinin sərhədlərini hələ də Rusiya əsgərlərinin qoruduğu halda Ermənistanın KTMT-dən çıxacağına dair iddialar Moskvada ciddi qəbul edilmir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin ötən dekabrda bildirib ki, o, Ermənistanın KTMT-dən çıxacağını düşünmür. O əlavə edib ki, Ermənistanın təşkilatı boykot etməsi Ermənistan daxilində Qarabağla əlaqədar mürəkkəb proseslərin getməsi ilə bağlıdır. Həssas məqam odur ki, Ermənistanın Azərbaycanla sülh prosesini bütün bəhanələrlə ləngitdiyi indiki şəraitdə NATO-nun xüsusi Fərdi Proqramları Ermənistanı ruhlandıra bilər və bununla da sülh prosesinə daha da mənfi təsir edər. Yada salaq ki, Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarışında olduğunu açıqlamışdı. Erməni baş nazir bununla Rusiyanın və KTMT-nin onu müdafiə etmədiyinə işarə vurmuşdu. Bütün hallarda rəsmi İrəvan bölgədə “odla oynayır”.

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu

Bu mövzuda “Yeni Müsavat”a danışan təhlükəsizlik eksperti Alp Arslan İmamqulu hesab edir ki, Cənubi Qafqazda Rusiya-NATO çəkişməsi getməkdədir. Onun fikrincə, bununla belə, Ermənistan tam Rusiyadan asılıdır və alyansa çox yaxınlaşa, bu bloka üzv ola bilməz. “Ermənistanda NATO strukturlarının yerləşdirilməsi mümkün deyil. Rusiyanın Ukrayna cəbhəsində məğlub olacağı  gözləntiləri var. Belə hesab edirlər ki, bu halda Qərbin Cənubi Qafqazda təsirləri güclənə bilər. Amma müharibənin nəticələrindən asılı olmayaraq, Rusiya Ermənistandan çıxmayacaq. Ermənistanın siyasi iradəsinə təsir etməyə Kremlin kifayət qədər gücü çatır, orada iqtidarı dəyişmək iqtidarına da malikdir. Ona görə İrəvanın NATO ilə yaxınlaşmaq cəhdləri bizi yanıltmamalıdır”, - deyə təhlükəsizlik eksperti belə qiymətləndirir. Mütəxəssisin sözlərinə görə, eyni zamanda regionda Qərb strukturlarının yerləşməsi Azərbaycanın da maraqlarına fayda verməyəcək: “İstənilən halda, biz bütün riskləri nəzərə almalıyıq, Ermənistanı hansı gücün himayə etməsinə baxmadan öz tədbirlərimizi görməliyik. Çünki Ermənistanın addımları, silahlanması, yeni təhlükəsizlik müttəfiqləri axtarışı bunu deməyə əsas verməkdədir”.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun bildirdiyinə görə, Ermənistanın cəzalandırılacağı müzakirələri gedir: “Amma Rusiya bu ölkəni həmişə bəsləyir, sığallayır, hələ ki sərt addım atmır. İrəvanla NATO arasında təsdiqlənməsi gözlənilən o proqramın nədən ibarət olacağına baxmaq lazımdır. Sadəcə, hətta belə bir əməkdaşlıq proqramı gerçəkləşsə də, Ermənistanın alyansa üzv edilməsi mümkün deyil. Əvvəla, bütün ölkələrin razılığı olmalıdır. Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri yoxdur, sərhədləri bağlıdır və rəsmi Ankara NATO dövləti olaraq İrəvanın üzvlüyünə müsbət cavab verməyə bilər”.

Emil SALAMOĞLU
 


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin