Ermənistanı sentyabrda İran xilas etdi- Erməni yazardan böyük etiraf

Ermənistanın rusdilli “Respublika Armeniya” qəzetinin yazarı Qayane Movsesyan “Zəngəzur dəhlizi”, onun strateji əhəmiyyəti, İranın bu məsələdə mənfi rolu ilə bağlı (erməni yazar məqaləsində İrana buna görə riqqətlə təşəkkür edir-red.) maraqlı yazı qələmə alıb.

“Ankara və Bakı Azərbaycanı, Ermənistanı və Türkiyəni birləşdirəcək, Ermənistan və İranı ümumi sərhəddən məhrum edəcək (?) dəhlizin çəkilməsinə rəsmi İrəvanı razılaşmağa məcbur etmək cəhdlərindən əl çəkmirlər.

İrəvan dəfələrlə Ermənistanın öz ərazisindən ekstraterritorial dəhliz çəkilməsinə yol verməyəcəyini bəyan edib. Ermənistan yalnız öz qanunvericiliyinə müvafiq olan və özünün nəzarəti altında olan yol çəkilməsinə hazır olduğunu deyib. Lakin bu, Ermənistanın bütün ərazisinə iddialarını gizlətməyən (?) Bakı və Ankaraya yaramır.

Bununla bağlı hərbi cəhd 2022-ci ilin sentyabrında baş tutub. Bu cəhdin baş tutmamasında İranın böyük rolu olub. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın “Al-Monitor”a müsahibəsində bildirdiyi kimi, o zaman İran Azərbaycanın Ermənistana qarşı daha genişmiqyaslı hücumunun qarşısını almağa kömək edib.

“İran Ermənistan üçün mühüm tərəfdaşdır və bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim iki bağlı sərhədimiz var - Türkiyə və Azərbaycanla, ona görə də İran və Gürcüstan bizim xarici dünyaya yeganə qapımızdır. Bizdə Azərbaycanın ötən ilin sentyabrında daha böyük hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatı var idi. İranın hərəkətləri və bəyanatları vəziyyətin daha da pisləşməsinin qarşısını almağa kömək etdi”, - Kostanyan bildirib.


Ötən gün Türkiyə Ermənistanı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TBND) çərçivəsində əməkdaşlığa dəvət edib. “Şimal dəhlizi artıq alternativ olmadığı üçün biz Transxəzər dəhlizinin istifadəsini genişləndirməyə çalışdıq. Gələcəkdə bizim həyata keçirdiyimiz layihələrə Ermənistan da qoşula biləcək. Orta dəhliz gələcəkdə daha böyük əhəmiyyət daşıyacaq”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Gürcüstan və İran arasında üçtərəfli və dördtərəfli formatlar regiona böyük fayda verəcək.

TBND və ya Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Dəhliz 2017-ci ildə açılıb, o vaxtdan üç konteyner qatarı yola salınıb. Marşrut: Çin (Lyanyunqanq limanı, Sian) - Aktau (Aktau limanı) - Bakı (Ələt limanı) – Tifilsdən, daha sonra Gürcüstanın Poti limanına və Qara dənizin dərinliklərindən keçərək Avropaya qədər uzanır. Bundan başqa Bakı-Tiflis-Qars dəmir yolu və Türkiyə ərazisindən (İzmit, Mersin, Çərkəzköy) Avropa ölkələrinə çatmaq mümkün olacaq.

Çinin “Bir kəmər, bir yol” İqtisadi İnkişaf Təşəbbüsünün tərkib hissəsi olan layihənin icrasına 2013-cü ildə başlanılıb. Layihənin iştirakçıları Türkmənistan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Ukrayna, Polşa və Rumıniyadır. Marşruta 10 min kilometr dəmir yolu şəbəkəsi, 10 dəniz limanı, 70 min ədəd vaqon daxildir. Ötürmə qabiliyyəti  ildə 10 milyon ton yük, o cümlədən 200 min konteyner həcmindədir.

Türkiyəli ekspertlər qeyd ediblər ki, “Orta Dəhliz” “Şimal marşrutu” (Rusiya ərazisindən keçməklə) və “Cənub dəhlizi”nə (İran vasitəsilə) olduqca sərfəli alternativdir. Pekin üçün bu layihə daha az geosiyasi risklər daşıyır .Çünki şimal marşrutunun gələcəyi əsasən Rusiya, ABŞ və Çin arasındakı münasibətlərdən asılıdır və hər hansı bir mənfi hadisə baş verərsə, Pekin seçim qarşısında qala bilər. Çin iqtisadiyyatına zərbə vuran “Cənub marşrutu” istiqamətində ABŞ-ın nüfuz etdiyi Səudiyyə Ərəbistanı və İsrailin İranı təcrid etmək cəhdləri riski var, üstəlik, Yaxın Şərqdə vəziyyət də sabit deyil.

Ötən il noyabrın sonunda Aktauda Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın xarici işlər və nəqliyyat nazirlərinin dördtərəfli görüşü keçirilib və bu toplantıda TBND -nin 5 il, yəni 2027-ci ilə qədər iş prinsipləri müəyyən edilib.

Maraqlıdır ki, bu görüş zamanı Azərbaycan və Türkiyənin xarici işlər nazirləri hələ  ki adı heç bir sənəddə keçməyən “Zəngəzur dəhlizi”ni də müzakirə ediblər. “Bu dəhliz TBND, Yaxın Şərq-Qərb dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malikdir. Regionda bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək”, - deyə Ceyhun Bayramov bildirib.

Mövlud Çavuşoğlu da öz növbəsində son illərdə Füzuli və Zəngilan rayonlarında ( erməni yazar həyasızlıqla buranı “Azərbaycanın işğalı altında olan Varanda və Kövsakan” adlandırır-red.) iki yeni beynəlxalq hava limanının açılışına diqqət çəkib.

Maraqlıdır ki, Türkiyənin bu təşəbbüsündən sonra Qərb də “Steady Syunik/Team Europe”dlı  beynəlxalq təşəbbüsünə start verib.

Həmin layihənin ilkin büdcəsi 51 milyon avro təşkil edəcək.

Ümumilikdə, növbəti beş ildə Avropa Birliyi Ermənistana müxtəlif proqram və layihələr üçün 2,6 milyard avro qrant, dövlət və özəl kreditlər verəcək. Xüsusilə, bu, kiçik və orta biznesin inkişafına kömək etmək üçün 500 milyon avro ayrılacaq. Daha 80 milyon Sünikdə infrastrukturun inkişafına, 120 milyon avro "Yaşıl İrəvan" proqramının həyata keçirilməsinə, 500 milyon avro yeni su anbarlarının inşasına, 300 milyon avro rəqəmsal transformasiya proqramlarına ayrılacaq.

Beləliklə Sünik Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Geosiyasi proseslərə baxsaq, təkcə Ermənistan üçün deyil...”.

Göründüyü üzrə Qayane Movsesyan adlı bu yazar Ermənistanın beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevrilə biləcəyini əslində etiraf edir. Lakin bununla belə Ermənistanın və onun əhalisinin miskin vəziyyətə düşmək bahasına belə tipik erməni kini və hikkəsindən geri qalmır.(Musavat.com)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin