“Bizans davranışı”nın sonu – Ermənistanın Rusiyaya yardımı Qərbi məyus edir, amma dinmir

Rusiyaya qadağan olunan məhsulların keçirilməsində, çatdırılmasında, satılmasında mühüm rol oynayan ölkələrin siyahısında Ermənistan da yer alır.

Bir neçə gün əvvəl “Bloomberg” agentliyi 2022-ci ildə Ermənistanın Yaponiya, Almaniya və Hindistanı arxada qoyaraq Rusiyaya hamıdan çox yarımkeçiricilər ixrac etdiyi barədə məlumat yayıb.

RF-nin Ukraynada başlatdığı qanlı və işğalçı müharibəyə görə məruz qaldığı beynəlxalq sanksiyalar şərtləndirir ki, bu ölkəyə hərbi səciyyəli materiallar göndərilməsin. Bu ondan ötrüdür ki, Rusiya öz hərbi-sənaye kompleksinin istehsal edə bilmədiyi hərbi xarakterli materiallardan qıtlıq çəksin, müharibəni davam etdirməyin mənasızlığını anlasın və öz məcrasına, sərhədlərinin içinə qayıtsın.

Ancaq bir sıra dövlətlər bu beynəlxalq sanksiyaların tələblərini pozurlar və qeyri-leqal şəkildə Rusiyanı ona lazım olan hərbi təyinatlı materiallarla təmin edirlər.

Bu yaxınlarda Qırğızıstanında Çindən alınan hərbi təyinatlı materialları, o cümlədən dronları kombayn kimi sənədləşdirərək öz ərazisindən keçirməklə Rusiyaya göndərmək istədiyi, yüklərin Qazaxıstan sərhədində müsadirə olunduğu barədə xəbər yayılmışdı.

ABŞ tərəfi müasir texnoloji vasitələrlə, eləcə də dünyanın dörd bir yanında saat mexanizmi dəqiqiliyi ilə işləyən casuslar şəbəkəsinin yardımı ilə belə əməliyyatlardan dərhal xəbər tutur və lazımi tədbirlər görür.

Ağ Evin səfirliklər vasitəsilə Qırğızıstan rəhbərliyinə Rusiyanın əlinə oynamaq işinə son verilməsi barədə xəbərdarlıq etdiyi, hətta Qırğızıstana sanksiya tətbiq etməyə hazırlaşdığı bildirilirdi.

Belə olsa, Qırğızıstan Rusiyaya görə sanksiyaya məruz qalan ikinci ölkə olacaq. Birinci Belarusdur. Məlum olduğu kimi, Rusiya ilə özünü ittifaq dövləti elan etmiş Belarus artıq Qərbin gözündə Rusiyanın bir parçası kimi qəbul edilir.

Bəs Qərbin sanksiyana məruz qalan üçüncü dövlət hansı olacaq? Ermənistan ola bilərmi?

Məlum olduğu kimi, Ermənistanın Rusiyaya köməyi təkcə yarımkeçiricilər ixracında deyil. Ukraynada müharibə başlayandan bu günə qədər Ermənistan Rusiyaya əlindən gələn köməyi edib və edir, başqa sözlə, beynəlxalq sanksiyaları pozur.

Ancaq “xaçpərəst Avropanın ərköyün balası” olan Ermənistana hər zaman olduğu kimi müstəsna yanaşma var. Eyni hərəkəti Gürcüstan edəndə dərhal Avropadan təzyiq dalğası kükrəyir, Ermənistan edəndə susqunluq müşahidə olunur.

Söz yox ki, Ermənistanın Avropadakı havadarları, eləcə də ABŞ bu məsələdə İrəvana “sağ ol” demirlər, üzlərini bozardır, başlarını bulayır, ancaq mümkün qədər yumşaq tonla “belə etmək düzgün deyil” ritorikasından istifadə edir, eyni zamanda Ermənistanın niyə belə etdiyinə anlayışla yanaşırlar.

Sona qədər də belə olacaq. Qərb Ermənistanla sərt tonda danışaraq onu yenidən Rusiyanın ağuşuna buraxmaq istəməyəcək. Ermənistan Rusiyadan bir güllə mənzili aralaşsa da, bu ölkənin daxilində Rusiyanın hərbi bazası var, üstəlik, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər rus əsgərinin himayəsinə sığınıblar. Ona görə də Avropada anlayırlar ki, Ermənistan Rusiyaya hərbi təyinatlı mallar keçirməyə, verməyə məcburdur – buradan heç bir maddi faydası olmasa da.

Fəqət Ermənistan elə bir ölkədir ki, maddi faydası olmasa, ən yaxınına, “qardaş” və ya “bacı” adlandırdığı ölkəyə qışda buz da verməz.

Bu ölkə üçün beynəlxalq konvensiyalara, qanun-qaydalara, sanksiyalara riayət etməklə bağlı heç bir qoruq-qaytaq yoxdur. 28 il boyunca BMT kimi dövlətlərüstü təşkilatın 4 qətnaməsini heçə sayan, insan haqlarına, əzir və girovlara, dövlətlərin ərazi bütövlüyə dair beynəlxalq qanunların bir müddəasına belə riayət etməyən ölkə indi durub öz himayədarı Rusiyaya arxa çevirəcəkmi? Mümkün deyil.

Ermənistan üçün böyük dövlətlərin arasında var-gəl, manevr etmək, gah bunun, gah onun tərəfini tutmaq, işlərinə yaramaq problem deyil. Suriya səmasında Türkiyənin dəstək verdiyi qüvvələr tərəfindən vurulan Rusiya qırıcısı ilə bağlı iki ölkə arasında son dərəcə gərginləşmiş münasibətlər zamanı da Ermənistan öz faydasını güdüb, Türkiyədən aldığı yüz min tonlarla pomidor, badımcan və sair k\t məhsullarını Rusiyaya öz malı kimi göndərib.

Bu, belə bir ölkədir və heç də ermənilərin üstünlüyü deyil. Çünki bu cür “Bizans davranışları”nın üstü 40 günə açılır, Ermənistandan sədaqət, dürüstlük uman dövlətlər, beynəlxalq birliklər məyus olurlar.

Xalid KAZIMLI

Rəylər

Aşağıdakı məlumatları qeyd edin