Xankəndidə əvvəllər fəaliyyət göstərmiş müəssisələr - Onlar bərpa olunacaq?

19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib.

 

Artıq Azərbaycanın bir çox dövlət qurumları Xankəndi şəhərində fəaliyyətə başlayıb. Şəhərdə Azərbaycanın reinteqrasiya təklifləri ilə razılaşan erməni sakinlər üçün şərait yaradılır.

 

Xankəndidə əvvəllər fəaliyyət göstərmiş müəssisələrin də tədricən işə düşəcəyi istisna deyil.


Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri Elçin Əhmədov Modern.az-a bildirib ki, keçmiş sovetlər dövründə yuxarı Qarabağın ərazisində 193 ümumtəhsil məktəbi, o cümlədən tədris erməni dilində aparılan 147 təhsil ocağı fəaliyyət göstərib.

"Xankəndi Pedaqoji İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilib. Keçmiş vilayət ərazisindəki 5 texnikumdan və 5 texniki-peşə təhsili məktəbindən 4-də dərslər erməni dilində keçirilirdi. Burada kitab fondu 1,5 mln. olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət evi, 195 kinoteatr və kinoqurğusu, M.Qorki adına Xankəndi şəhər Dram Teatrı, mahnı və rəqs ansamblı, erməni dilində  nəşr olunan “Sovet Qarabağı” qəzeti (rus dilində “Sovetskiy Karabax”), 5 rayon qəzeti (4-ü erməni dilində, 1-i Azərbaycan dilində) var idi. Keşmiş vilayətdə 2,5 saat yayımlanan radio verilişlərindən 2 saatdan çoxu erməni dilində idi".


Müsahibimiz deyib ki, sovet dövründə Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye kompleksi, nəqliyyat, təkmilləşdirilmiş infrastukturu olan şəhərlərindən biri idi:

 

"Xankəndidəki Pedaqoji İnstitutla yanaşı, Müəllimləri Təkmilləşdirmə İnstitutu, Kənd Təsərrüfatı Texnikumu, tibb, musiqi, orta, texniki peşə, uşaq incəsənət məktəbləri, texniki məktəb, tarix-diyarşünaslıq muzeyi, dram teatrı, konsert zalları, Azərbaycan Yazıçılar İttifaqının Qarabağ fılialı, kitabxanalar, mədəniyyət sarayı, idman meydançası, istirahət parkı, istirahət evi, mahnı və rəqs ansamblı, satış, ictimai-iaşə müəssisələri və digər mədəni-məişət obyektləri fəaliyyət göstərib. Xankəndidə yerli radio verilişləri studiyası işləyib.

Sovet hakimiyyəti illərində Xankəndidə yerli sənaye mərkəzləri yaradılıb. Burada həm yüngül sənaye, həm də yeyinti sənayesi inkişaf edib. Xankəndi sənaye müəssisələri bölgənin ümumi sənaye məhsullarının 60 faizini verirdi. Qarabağ İpək Kombinatı, Xankəndi ayaqqabı fabriki, tikiş fabriki, xalça emalatxanası, şərab zavodları, süd və ət kombinatları, kirəmid, kərpic, əhəng zavodları, taxta-şalban, inşaat materialları, kəsici alətlər zavodları, yağ zavodu, elektrik avadanlıqları istehsalı zavodu, avtomobil təmiri və asfalt-beton zavodları, sənaye, istehsalat və tədris istehsalat kombinatları, elektrik şəbəkəsi və digər obyektlər Xankəndidə yaradılmış sənaye sahələri idi.

 

 

Xankəndidə yuxarıda adı çəkilən sənaye müəssisələrinin xammal mənbələri Qarabağ ərazisindəki tükənməz xammal ehtiyatları hesabına ödənilirdi. Belə ki, Xankəndi ipək istehsalma görə Azərbaycanda ikinci mərkəz hesab olunurdu. Respublikada ipəkçilik sənayesi məhsullarının təxminən 25 faizi Xankəndinin payına düşürdü. Eyni zamanda, sovet dövründə respublikada istehsal olunan ayaqqabının beşdə biri Xankəndi ayaqqabı fabrikində istehsal olunurdu. Xankəndi Süd Kombinatında respublikamızda quru süd zərdabı hazırlayan yeganə sex işləyirdi".

 

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev Azərbaycanda əsasən yüngül sənaye və kənd təsərrüfatı ilə əlaqədar müəssisələrin olduğunu söyləyib:

 

"Qarabağda ipək kombinantı olub. Sözügedən fabrik çox aparıcı müəssisə olub. Keşmiş vilayətin sənayedəki  əsas çəkisini təşkil edib. Mebel fabriki də olub. Əsasən yüngül sənaye  və yeyinti sənaye mərkəzləri işləyib.  Üzümçülük sahəsi inkişaf edib".

İ.Niftəliyev həmin müəssisələrin yenidən bərpasının mümkün olduğunu söyləyib:

 

"Çünki buna yerli şərait imkan verir. Bu müəssisələr Qarabağ iqtisadi rayonundakı ərazilər üçün müəyyən rol oynayacaqlar. Reinteqrasiya prosesləri gedəcək. Sovetdən sonra dağıdılmış iqtisadi əlaqələr bərpa olunmalıdır. Burada əsasən kənd təsərrüfatı və yüngül sənaye sahələri bərpa olunacaq"

Rəylər

Aşağıdakı məlumatları qeyd edin