Doğma yurduna qayıdan sakinləri hansı güzəştlər gözləyir? - Subsidiyalar, yanacaq...

Azərbaycanın suverənliyinin tam bərpa olunmasından sonra qarşıda duran əsas vəzifələrdən ilki Qarabağın bərpasıdır. Qarabağın bərpası Azərbaycan iqtisadiyyatı üçün də ən vacib məsələlərdən biridir. Belə ki, həmin ərazilərin ölkə iqtisadiyyatı ilə bütünləşməsi və insanların işlə təmin edilməsi ilə bölgədə biznes fəaliyyətinin bərpasına ehtiyac var.  

 

Doğma yurdlarına qayıdan insanların normal yaşamı üçün onlara bir sıra güzəştlər verilir. Bundan əvvəlki yazımızda doğma yurduna dönən insanlara iqtisadi sahədə hansı güzəştləin veriləcəyi barədə yazmışdıq.

 

Modern.az bu dəfə doğma yurduna qayıdan sakinlərimizə aqrar sahədə hansı güzəştlərin veriləcəyi barədə araşdırma aparıb.

 

Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı meyvəçilik və tərəvəzçiliyin inkişafı potensialı da genişdir. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında yeni trend kimi intensiv meyvəçilik sahələrinin, xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam və Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, növbəti vaxtlarda Qarabağda aqrar sahədə güzəştlərin olması gözlənilir:

 

“Hazırda Qarabağda fəaliyyət göstərənlərə subsidiyalar, yanacaq, sütkü yağları verilir. İnsanlar oraya məskunlaşdıqdan sonra təssərafatın inkişafı üçün müəyyən güzəştlər təbii ki, olacaq. Çünki hava şəraiti və digər problemlərlə bağlı çətinliklərlə üzləşə bilərlər. Güzəştlərin bütün aqrar sahələrdə tətbiq olunması gözlənilə bilər. Bu güzəştlərlə yanaşı hər hansı başqa problemlərlə qarşılaşarlarsa, güzəştlərin olması gözlənilə bilər”.

 

Ötən əsrin 80-ci illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərindəki rayonlar respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik olub.

 

Belə ki, taxıl məhsullarının təqribən 14 %-i, kartof, tərəvəz və bostan məhsullarının təqribən 6 %-i, tütünün təqribən 8 %-i, üzümün təqribən 25 %-i, ət və süd məhsullarının hər biri üzrə istehsalın təqribən 15 %-i bu bölgənin payına düşüb. Bu rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu təsdiqləyir..

Rəylər

Aşağıdakı məlumatları qeyd edin