Rusiya təhsil sistemini dəyişir - Azərbaycanda da ehtiyac varmı - rəy

Azərbaycanın təhsil sistemi zaman-zaman və daha çox Rusiyadan nümunələr götürülməklə tətbiq olunub.  Bunun da səbəbi uzun illər Rusiyanın əsarəti altında yaşamağımız - SSRİ dövrü ilə bağlıdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra biz test üsulunu tətbiq etdik və ali məktəblərə qəbul məsələsində bu mükəmməl variant bu gün də özünü doğruldur.

Ancaq ekspertlər illərdir ki, Azərbaycanın ali və orta məktəblərində tətbiq olunan təhsil-tədris qaydalarının, tətbiq olunan sistemin özünü doğrultmadığını bildirirlər.

Bəziləri Sinqapur modeli təklif edir, bəziləri Finlandiya sistemini daha effektiv sayır.

Bu arada bəlli oldu ki, Rusiya da ali təhsil sistemini dəyişir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında ali təhsildə ciddi dəyişikliklərin vaxtı çatıb.

Vladimir Putin mütəxəssislərin hazırlanması modelinə qayıtmağı təklif edib: “Tələbələr 4 ildən 6 ilə qədər təhsil alacaqlar və gələcəkdə onlar magistratura və ya ordinaturada təhsillərini davam etdirə biləcəklər”, - deyə Putin qeyd edib .

Prezident vurğulayıb ki, yeni ali təhsil sisteminə keçid rəvan olmalıdır: “Bizə sovet təhsil sistemi ilə müasir təcrübənin sintezi lazımdır. Hazırkı tələbələr köhnə sistemlə təhsillərini davam etdirəcəklər. Bakalavr, mütəxəssis və magistr proqramlarını artıq bitirmiş vətəndaşların diplomlarına baxılmayacaq”.

Azərbaycan da təhsil sisteminə yenidən baxmalıdırmı? Ekspertlərin hansı təklifləri var? 

Kamran Əsədov: “ Təhsil sisteminn qarşısında duran ən vacib məsələlərdən  biri də Təhsil menecmentinin formalaşdırılmasıdır”

Kamran Əsədov: “Heç bir universitet əmək bazarını araşdırmır”

Təhsil eksperti Kamran Əsədov mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, Azərbaycan ali təhsili 2005-ci ildən Boloniya prosesinə qoşulub, kredit sistemi ilə işləyir və Avropa təhsil sisteminə inteqrasiya olunur. Ekspert vurğuladı ki, müəyyən olunmuş strateji istiqamətlə irəliləyərək pedaqoji kadr hazırlığında lazımi nəticələr əldə etməyə, innovativ metodlarla işləməyi bacaran, savadlı, məsuliyyətli, bacarıqlı müəllimlər yetişdirməyə çalışılır: “Mövcud qaydalara görə ali təhsil üç səviyyədə keçirilir:

1) bakalavriat ( tibbi təhsilə aid deyil); 2) magistratura (tibbi təhsilə aid deyil); 3) doktorantura .

Azərbaycan təhsil sistemi hazırda bir sıra inkişaf etmiş ölkələrin təhsil sistemi ilə rəqabətə girə bilmək imkanlarına malik olmasına baxmayaraq, işin keyfiyyətini, rəqabətə davamlılığını daha da artırmaq üçün dövlətin təhsil siyasəti cəmiyyət tərəfindən geniş dəstəklənməli, təhsilin inkişafı və keyfiyyət göstəricilərinin yüksəlməsi üçün zəruri resurslar ayrılmalı, onlardan səmərəli istifadənin mexanizmi yaradılmalı, təhsil sistemi hərtərəfli modernləşdirilməlidir. Məlumdur ki, cəmiyyətdə yeni keyfiyyətlərin bərqərar olmasının zəruri faktoru kimi təhsilin əhəmiyyəti insan kapitalının formalaşma tendensiyası ilə birgə artır. Ona görə də dövlətin təhsil siyasətinin əsas prinsipləri, cəmiyyətin inkişaf tendensiyası ilə bağlı problemlər, sosial-iqtisadi siyasətin əsas istiqamətləri nəzərə alınaraq gələcək onillikdə əsas strateji xətt-təhsilin modernləşdirilməsi həyata keçirilməlidir. Müasir dünyanın çağırışları, şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlilik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb. Dünyanın nüfuzlu ali məktəblərində tətbiq olunan təhsil proqramları və sillabusları ilə bağlı hər il əmək bazarının tələblərinə və müasir standartlara uyğunlaşdırılır. İxtisas kafedraları ilə birlikdə bakalavriat və magistratura səviyyələri üzrə  tədris standartlarını məhz onların tələblərinə uyğun şəkildə təmin edirlər. Məhz ona görədir ki, həmin universitetlərin beynəlxalq nüfuzu yüksəkdir və məzunlarının hamısı işlə təmin olunur, əmək bazarında uğur əldə edirlər. Bizdə isə yerli müəlliflərin yazdığı dərsliklərin keyfiyyətsiz olması və əksər hissəsinin plagiat olmasını müşahidə edirik".

K.Əsədov qeyd etdi ki, Azərbaycan ali təhsil müəssisələrinin işəgötürənlər arasında nüfuzu, onlarla əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməsi kimi prinsiplərə uyğun gəlmədiyi görünür: “Demək olar ki, heç bir universitet əmək bazarını araşdırmır, onlarla əməkdaşlıq etmir. Hazırda işəgötürən ölkə  universitetlərin məzunları arasında özünə layiq bildiyi mütəxəssisi axtarıb tapa bilmir. Universitetlərimiz tələbələri yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişdirmək gücünə malik deyil. Dünyanın ən yaxşı universitetlərinin çoxunun hər il yüksək nailiyyətləri olan məzunlar buraxmasına baxmayaraq, işəgötürənlər tez-tez narahatlıqla bildirirlər ki, akademik müəssisələr öz tələbələrini əmək bazarına hazırlamaq üçün kifayət qədər iş görmür. Məzunları əmək bazarında asanlıqla iş tapan  ali məktəblərin  siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir. Dünyanın ən nüfuzlu texnologiyayönümlü ali məktəbinin məzunlarına əmək bazarında xüsusi  tələbat var. MIT bu il məzunların işlə təmin edilməsi keyfiyyətinə görə 4 pillə önə keçərək bu kateqoriyada ən yaxşı ali məktəb statusunu qazanıb. Ali məktəb həm də dünyanın ən yaxşı universitetlərinin qlobal reytinqinə başçılıq edir”.

Ekspert məzunların təyinatla işlə təmin olunması probleminə də diqqət çəkərək hesab edir ki, tədris prosesindəki çatışmazlıqlar da kifayət qədərdir: “Təəssüf ki, bu gün ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər universitetlər təyinat vermir. Bir çox hallarda onlar heç məzunlarının sonrakı taleyi ilə də maraqlanmırlar. Hesab edirəm ki, bütün universitetlərimiz maddi texniki bazalarını yeniləməlidirlər çünki onların hazırda laboratoriyaları, infrastrukturları, mühazirə mətnləri keçən əsrdən qalıb. Universitetlərimiz dərs proqramlarını, mövzuları, dərslikləri dəyişməlidirlər.

Bütün universitetlərimizin dərs proqramları köhnəlib, onları müasir dövrün və əmək bazarının tələblərinə uyğunlaşdırmalıdırlar. Ali təhsilin qlobal problemləri çoxdur. Adi bir nümunə: ali təhsilin beynəlxalq reytinq səviyyəsinin müəyyənləşdirilməsi, yaxud biliyin qiymətləndirilməsi və standartlaşdırılmasının vahid şkalasının hazırlanmaması.

Bu gün ali təhsilimiz əmək bazarının tələblərinə cavab vermir. Ali məktəblərdə tələbələrin əsas problemi dərsliklərdir. Özüm də dərsliklərlə bağlı hər il çətinlik çəkirəm. Ələlxüsus sərbəst işləri yazmağın vaxtı gəlib çatanda. Hələ dərslik problemi azmış kimi, müəllimlər də sovet dövründən qalma, kiril əlifbası ilə yazılmış kitabları məsləhət görürlər, onlar da müasir dövrlə heç uyğunlaşmırlar. Bütün bunlar tələbənin oxumağa, öyrənməyə olan həvəsini öldürür. Ali məktəblərdə müəllimlər mühazirə mətnlərindən istifadə edirlər. Müəllimlər ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar. Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır. Ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan tələbələr  yetərli məlumatı əldə edə bilmir. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkül məsələyə çevrilib. Texnologiyadan xəbərsiz keçmişin kitabları da tələbənin istəyi ilə tərs mütənasibdir. Latın qrafikası ilə yazılmış dərsliklərinsə əksəriyyəti tərcümədir. Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı, məna səhvləri də olur. Təəssüf ki, bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkağrıdıcıdır".(musavat.com)

Nigar HƏSƏNLİ,
 


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin