Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib

ADA Universitetinin “Məclis” zalında Dünya Bankı Qrupuna daxil olan
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikası Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata
keçirdiyi “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın
gücləndirilməsi” layihəsi üzrə görülən işlərin təqdimatı olub.
Komitənin sədr müavini Fuad Hüseynov təqdimatın Azərbaycanda Heydər
Əliyev ilində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirərək, ölkəmizdə qaçqın
və məcburi köçkünlərlə iş sahəsində səmərəli dövlət siyasətinin formalaşmasının
məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Prezident İlham Əliyevin sosial
siyasətin prioritet istiqaməti kimi məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasını, məşğulluğunun artırılmasını daim diqqət mərkəzində saxladığı,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların problemlərinin həllinə
xüsusi həssaslıq və təsirli dəstək göstərdiyi vurğulanıb.
Qeyd edilib ki, beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının ölkəmizdə
məcburi köçkünlərlə bağlı məsələlərin həllinə dəstək verməsi məmnunluq doğurur.
İyirmi ilə yaxındır bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlıq edən nüfuzlu maliyyə
qurumunun yeni layihəsinin Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş
doğma yurd yerlərinə qayıtmağa hazırlaşan vətəndaşlarmızın sosial ehtiyaclarının
öyrənilməsi, köçürülmənin və dayanıqlı məskunlaşmanın səmərəli təşkili üçün
müvafiq tədbirlərin görülməsi üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
ADA Universitetinin təqdimatın təşkilində əvəzsiz xidməti minnətdarlıq hissi ilə
qeyd edilib və bu nüfuzlu təhsil ocağının da işaldan azad edilmiş ərazilərə qayıdışın
proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı böyük Zəfərdən dərhal sonra apardığı
tədqiqatın nəticələri yüksək qiymətləndirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq
sektorunun müdiri Kamran Ağaməliyev və Dünya Bankının nümayəndəsi Kaldvel
Erik Conson təqdimatı keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat
veriblər. Qeyd edilib ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması, məşğulluğunun artırılması, onlar üçün gəlirgətirən proqramların
hazırlanmasıdır.
Bildirilib ki, layihə çərçivəsində məcburi köçkünlər arasında sorğular aparılıb
və onların ehtiyacları qiymətləndirilib. “PGlobal” (Türkiyə) və “SİAR Azərbaycan”
şirkətləri tərəfindən aparılan sorğular zamanı məcburi köçkünlərin sosial, iqtisadi,
demoqrafik vəziyyəti, eləcə də məşğulluq, özünüməşğulluq ilə gəlir əldə etmək
imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil olunub.
Ölkəmizdə həyata keçirilən layihə üzrə Dünya Bankının məsləhətçisi, Nyu-
Mexiko Dövlət Universitetinin professoru Sara Drayer tədbirə “Zoom” internet
platforması vasitəsilə ABŞ-dan qoşularaq sorğunun nəticələri, toplanılan
məlumatların xüsusiyyətləri barədə ətraflı danışıb.

Tədbirdə Prezidentin Şuşa və Zəngilan rayonunda xüsusi nümayəndəliyinin,
Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət
Məşğulluq Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət
Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
Dövlət Turizm Agentliyinin, KOBİA-nın, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin, TƏBİB-in, MEDİA Agentliyinin, ABAD-ın, Vəkillər Kollegiyasının, Bakı
Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Avropa İttifaqının,
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin Qaçqınların işləri üzrə Ali
Komissarlığının (QAK), BMT İnkişaf Proqramının, Koreya Beynəlxalq Əməkdaşlıq
Təşkilatının (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ),
həmçinin ölkəmizin vətəndaş cəmiyyəti institutlarının, məcburi köçkün icmalarının
nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin sədr
müavini Cəmaləddin Quliyev, BMqT Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir
Giorgyev, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin Proqram şöbəsinin müdiri
Blaze Kojcevski, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və
məcburi köçkünlər təqdimatla bağlı fikir və mülahizələrini bildiriblər.
Layihə çərçivəsində aparılan sorğunun nəticələri bir daha təhlil ediləcək və
Böyük Qaydış üzrə birinci Dövlət Proqramına aid tədbirlərin icraçılarına təqdim
olunacaqdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin