“Ermənilər bu bəşəri cinayətdən cəzasız qurtarmaq üçün İrandan yararlanmaq istəyir...”

Ermənilərin sərsəmlərinə görə iki dünya, iki mədəniyyət mövcud olmuşdur. Onlardan biri, guya mədəniyyət beşiyi olan və hələ də bu mövqeyi qoruyub saxlayan erməni və İran dünyasının mədəniyyəti, «…digəri də vəhşi, mədəniyyət düşmənliyini və barbarlığı təmsil edən türk dünyası».

    

Erməni ideoloqları iddia edir ki, bir-birindən fərqli bu iki dünya, mədəniyyət, dünyagörüş arasındakı dərin uçurum ziddiyyətlərin artmasına və sonda «İran-Turan» müharibələrinə gətirib çıxarmışdır. Bu müharibələri Hörmüz ilə Əhriman arasındakı mübarizə ilə müqayisə edən ermənilər utanmadan, həya etmədən iddia edirlər ki, «…türklər daima qaranlığı, barbarlığı, iranilərlə ermənilər isə azadlıq və mədəniyyəti təmsil edirlərmiş».

Bütün bunlardan sonra «Droşaq» oxucularına «bu müharibə bitmişdirmi?» deyə bir sual ünvanlayır və özü də «xeyir, indi də davam edir» deyə cavab verir. Ermənilər yalanlarına elmi don geyindirməyə çalışıb bildirilər ki, «Türklər İranın Xorasan, Mazandaran və Azərbaycanını, Anadolu və Ermənistanı istila etmiş, ariyan qövmünün vətənlərinə sahib olmuşlardır və bu istila fars və s. ariyan millətlərinin əsrlərlə mədəniyyətdən geri qalmalarına səbəb olmuşdur». Ermənilər göstərirlər ki, fars ilə erməninin müştərək bir düşməni vardır ki, bu da türklərdir. Bu millətlərin sağ qalmaq üçün qarşılarında bir vəzifəsi vardır. Bu da onları «məhv etməyə baxmaları» olmalıdır. 

      

M.B.Məmmədzadə çox böyük peşəkarlıqla ermənilərin öz yazdıqları əsasında türklərə qarşı həyata keçirdiyi soyqırıma necə ideoloji don geyindirməyə çalışdıqlarını açıb göstərə bilmişdi. İnsanlar arasında fitnəkarlıq, şübhə toxumu səpməkdə, onları qarşı-qarşıya qoymaqda mahir olan ermənilər növbəti yalan, olmayan bir layihə haqqında danışaraq göstərirlər ki, «türklər Türkiyə ilə Azərbaycanın, İstanbul ilə Təbriz və Bakının birləşməsinə mane olan ermənilər ilə kürdləri aradan qaldırmaq planını tətbiq edirmişlər». Guya türklər bununla kifayələnməyib gələcəkdə Azərbaycanla birləşib Zəncana qədər İran Azərbaycanına sahib olmaq üçün də plan hazırlayaraq onu reallaşdırmaq istəyir. Bu siyasəti yerinə yetirərkən guya Türkiyə türkləri kimi Azərbaycan türkləri də «…eyni metodla fars millətinə mənsub kürd, tat və talışları türk olaraq göstərir, onların milli şüurdan məhrumiyyətlərindən sui-istifadə edərək, azərbaycanlılar dəxi fars ünsürlərini türkləşdirmişdilər. Mümkün imiş ki, türklər İran içərisindəki digər fars qövmlərinə dəxi təsir edərək iranilik vəhdətini pozsunlar”. Ermənilər adımı sənə qoyum, səni də yana-yana qoyum misalına ustalıqla əməl edərək Güney Azərbaycanda müsəlman türk əhalisinə qarşı törətdikləri vəhşilikləri, soyqırımıı ört-basdır etməyə cəhd edərək yazırdılar ki, «…bu məqsədlə də türklər Xoy, Maku ətrafının ermənilərini qətliam ilə aradan qaldırmaq istəmişlərmiş».

Ermənilər əsil məqsədlərindən birini bundan sonra açır. Onlar bununla türklərə qarşı soyqırım həyata keçirdiyini faktiki etiraf etmiş olurlar: guya bütün türklər birləşərək İran irqinə daxil olan millətlərə, o cümlədən ermənilərə qarşı belə siyasət həyata keçirmək istədikləri üçün bu millətlər birləşməyə, qabaqlayıcı tədbirlər görməyə məcburdur. Bu səbəbdən erməni ideoloqları uydurduqları «…xəyali təhlükələrə qarşı təklif edir ki, «necə ki, ariyan millətinin qaniçici düşmənləri çalışırlarsa, biz də o vasitə ilə müxtəlif ariyan irq və millətlərin ittihad və ittifaqını vücuda gətirməli və bu yol ilə turanlıların əməliyyatını nəticəsiz buraxmalıyıq».

      

Göründüyü kimi, ermənilər türklərə-müsəlmanlara qarşı törətdikləri bəşəri cinayətdən cəzasız qurtarmaq üçün İrandan yararlanmaq istəyir, «iki müsəlman ölkəsi olan Türkiyə ilə İranı qarşı-qarşıya qoymağa çalışır”. Onların fikrincə” Ankara turanizmin mənbəyi və mərkəzi olduğu kimi, Tehran və ya İsfahan da ariyan nəslinin qardaşlıq və ittihad mənşəyi, iranizmin mərkəzi olmalıdır. Türk dövləti qüvvətli isə gərək maddi, gərək mənəvi nöqteyi-nəzərindən İran dəxi qüvvətli ola bilər. Osmanlı torpağı geniş isə İran dəxi onun üç misli böyük ola bilər» .

Ermənilər bu məkrli hiyləgər məqsədlərini reallaşdırmaq üçün İran irqinə daxil olan millətlərin «Ariyan ocağı» və «Ariyan mərkəzini» təşkil etmələrini təklif edir. «Məhz bu mərkəz və ocaq ətrafında nəcib fars və iranilər, cəngavər və açıqgöz ermənilər, əfqan və hindistanlılar və tamam ariyan irqindən millətlər toplanmalı və birləşməlidirlər. Turanizmin ətraf və içərisində bu surətlə ariyanzim ocaqları vücuda gətirməliyik».

M.B.Məmmədzadə ermənilərin Hindistanı, həmçinin əksəriyyəti ariyan olmayan Çin-Tibet millətlərini, bu  birliyə dəvət etməsini isə obrazlı şəkildə havada  bina tikmək qədər xəyalı bir işə bənzətmişdi. 

Təbii ki, ermənilər bunu bilməmiş deyildilər. Onların başlıca məqsədləri “İran-Turan” ziddiyyətləri yaratmaq, onu gücləndirmək və bundan bəhrələnmək olmuşdur. 

M.B.Məmmədzadə “daşnaküstyun qafalıların” belə məqsədlərini, kimlərin əlində alət və vasitə olduqlarını konkret faktlar əsasında açıb göstərir.O, qeyd edir ki, “qüvvətli Osmanlı səltənəti qeyri-türkləri, Rusiya qeyri-rusları” qətiyyən aradan qaldıra bilmədiyi kimi İrandakı “paniranistlər”də bunu bacara bilməyəcək.

M.B.Məmmədzadə tarixə nəzər salaraq konkret faktlar  əsasında özlərini xristian mədəniyyətinin nümayəndəsi kimi təqdim edən ermənilərin şərq mədəniyyətinin təmsilçisi olan farslarla “tarixlər uzunu qanlı  mücadilələrdə”  olduğunu bildirir. Məsələ burasındadır  ki, ermənilər hələ  qədim dövrdən farslarla yanaşı qonşuları olan İberiya, Albaniyaya qarşı da xəyanətkar, məkrli, düşməncəsinə bir siyasət yeritmişdir. Bunu e.ə. və e.I əsrində Roma imperiyası ilə müharibələrdə, Roma-Bizans münasibətlərində də çox aydın görmək mümkündür. 

M.B.Məmmədzadə əsərində tarixə ekskurs edərək xilafət dövlətində, türklərin yaratdığı Səlcuq, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu və  Səfəvi dövründə ermənilərin normal, təhlükəsiz yaşamalarından da  bəhs etmişdir. O, doğru olaraq göstərir ki, Çar Rusiyasının isti dənizlərə və Qafqaza sahib olmaq planını reallaşdırmaq istəyindən sonra vəziyyət kökündən dəyişməyə başlamışdı. Bu işdə ilk konkret addımı atanlardan biri I Pyotr olmuşdu… 

Xanlıqların yaranması, rus-Qacar müharibələri və bu müharibələrdə qacarların məğlub olaraq Gülüstan və Türkmənçay müqavilələrini imzalaması sonrakı dövrlərdəki faciələrin və erməni iştahasının genişlənməsi üçün əsas yaratmış oldu. 

M.B.Məmmədzadə haqlı olaraq göstərir ki, ermənilərin türk düşmənçiliyi və onlara qarşı soyqırım həyata keçirməsində  “Daşnaksütyun” partiyasının yaranması, onun ayrı-ayrı illərdə keçirdiyi qurultayları, orada qəbul edilən qərarlar  xüsusi əhəmiyyət daşıyır. “Fəqət Qafqaziyada felən Ermənistan mövcud deyildir. Əlli dörd qəzadan ibarət olan Mavərəyi-Qafqaziyanın (Qafqazın o tayında-cənubi Qafqaz nəzərdə tutulur) yalnız beş qəzasında ermənilər əksəriyyət təşkil edirdilər. Hətta Ermənistanın mərkəzi hesab olunan İrəvanda əhalinin yarıdan çoxu türk idi”.  

Belə bir mürəkkəb şəraitdə “Türkiyədə ağzı yanmış erməni utopistləri” yeganə çıxış yolunu Qafqazda Ermənistan yaratmaqda gördülər. Onlar bunun üçün də gürcüləri və türkləri aradan qaldırmaq və əksəriyyət təşkil edən bu erməni  əhalisi vücuda gətirməyi lazım görürdü”. Müəllif fikrini erməni və gürcü yazarlarının əsərlərindəki faktlarla daha da gücləndirmişdi. 

Ermənilər Qafqazla yanaşı, “Türkiyənin  6 şərq vilayətini, Antakiya və Hələb tərəflərini də mənimsəmək istəyirdilər. Halbuki ən bitərəf statistika belə, bu vilayətlərdə 5,4 milyon türkə və  müsəlmana qarşı 400 min erməni mövcud olduğunu qeyd  etməkdədir. ...Belə bir ərazi içərisində bütün türkləri qırıb xalis ermənilərdən ibarət bir Ermənistan  vücuda gətirmək üçün ermənilərin  nə qədər fantazyor olmaları lazım gəldiyini kəsdirmək çətin deyildi”. 

M.B.Məmmədzadə belə nəticəyə  gəlmişdir ki, ermənilərin Azərbaycanda, o cümlədən Güney  Azərbaycanda həyata keçirdikləri soyqırım I Dünya müharibəsinin gedişi  nəticəsində Böyük Ermənistan xəyalını reallaşdırmaq  üçün “...Türkiyə ilə Qafqaziyada islamları qırmaq vasitəsilə  erməni əksəriyyət vücuda gətirmək” məqsədi ilə  tətbiq edilmişdir. 

Xalqları qarşı-qarşıya qoyaraq zidiyyət yaratmaq, bir-birinin üstünə salışdırmaqla müharibə törətmək, zəiflədərək qırıb torpaqlarına sahib olmaq kimi mürtəce niyyətlərə əsaslanan erməni milli siyasətini reallaşdırmağı qarşısına məqsəd qoyan “Daşnaksütyun”un rəhbərləri İran inqilabında iştirak etməklə Urmiya, Xoy, Maku  və Təbriz tərəfləri də  “gələcəkdə”  Ermənistanın tərkibinə qatmaq niyyətində olmuşdular. 

Bu məsələləri geniş, əhatəli obyektiv, faktları və hadisələri müqayisəli təhlil metodu ilə araşdıran M.B.Məmmdzadə belə bir doğru nəticəyə gəlir: Rusiya və Osmanlı dövlətinin ərazisində ermənilərin törətdikləri qırğınları, vəhşilikləri görərərək, “İran daxilində müstəqil bir Ermənistan” yaranmasına imkan vermədi. “Bu gündən etibarən öz müqəddəratını rus imperializminə bağlamış “Daşnaksütyun” dünya müharibəsinin gedişində qətliam yolu ilə Maku, Xoy və Urmu tərəflərdə əksəriyyət vücuda gətirmək və Ermənistan  yaratmaq fikrinə düşmüşdü”. 

M.B.Məmmədzadə 1920-ci illərin II yarısında  erməni yazarlarının, qəzetlərinin, siyasi xadimlərinin məqalələrin, yazdıqları əsərləri və  “Daşnaksütyun”un qəbul etdiyi qərarları təhlil edərək yazır: “İndi isə “Daşnaksütyun” “şeytana papaq tikən,  Tehran diplomatlarına  “Şahnamə” oxumaq  və paniranizmi  damarlarına vurmaq vasitəsilə “yeni bir papaq” tikmək  istəyir”. Ermənilər elə güman edirdilər ki,  paniranizm vasitəsilə Qafqaz və Kürdüstan İran sərhədlərinə daxil olacaq  və  Hindistanla birləşəcək. “...sonra  İngiltərə nüfuzu altına düşəcək İranda ermənilər Qafqaziya, İran və Türkiyə Ermənistanını birləşdirmək vasitəsilə xəyali Böyük Hayastanı vücuda gətirməyə müvəffəq olacaqlar”. 

Məlumdur ki, 1923-cü ildə müsəlman, xüsusilə türk dünyasına, Türkiyəyə mənfi münasibətilə seçilən  ingilislərin  köməyi ilə  İranda Qacar sülaləsinin hakimiyyətinə son qoyulmuş, taxta  Rza şah oturdulmuşdur. Bununla regionda yeni  bir siyasi vəziyyət yaranmış oldu. Ermənilər məhz bu şəraitdən istifadə  edərək  İranın milli birliyini təmin edən inkişaf tarixinin istiqamətini şərqdən “qərbə və şimala çevirmək” niyyətinə düşdülər. Onlar bunun sayəsində “İran ilə Türk dünyası arasında yeni qanlar axıtmaq yolu ilə Avropa dövlətlərinin himayəsinə istinadla “Böyük Ermənistan”ı yoxdan,  tarixlərin və əsrlərin gömdüyü  məzarlardan çıxarmaq” fikrində idilər  

Daşnak rəhbələrinin fikrincə, İranda Rza xanın timsalında   Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi, “Qacar sülaləsinin süqutu, farslığın-iranizmin türklüyə-turanizmə qələbəsi” idi. 

Beləliklə, M.B. Məmmədzadənin ermənilərin iç üzünü ifşa edən əsərinin təhlilindən sonra aşağıdakı nəticələrə gəldik:

1. Ermənilər Güney Qafqazda – o cümlədən Şimali, Qərbi Azərbaycanda, həmçinin indi İranda yerləşən Cənubi Azərbaycanda yaşayan müsəlman-türk əhalisinə qarşı soyqırım həyata keçirdiyini etiraf etmişlər. M.B.Məmmədzadə bu etirafı ermənilərin öz yazıları əsasında üzə çıxardığı üçün «Ermənilər və İran» əsəri olduqca qiymətli mənbə hesab olunmalıdır.

2. Böyük dövlətlərin köməyi ilə müsəlman-türk əhalisinə qarşı soyqırım törədən ermənilər istifadə edildikdən, işlərini yerinə yetirdikdən sonra himayədən məhrum olduğu üçün regionun digər nüfuzlu müsəlman dövləti İranın ağuşuna atılmaqla cəzadan canını qurtarmaq niyyətində olmuşdur. 

3. Bu məqsədlə onlar hiyləgərliklə «paniranizm» və ya «panariyanizm» nəzəriyyəsindən bəhrələnmək niyyətində olmuşdur.

4. Erməni ideoloqları hiyləgərlik və fitnəkarlıqla İran və Türkiyə dövlətlərini, fars və türk dilli millətləri qarşı-qarşıya qoymağa, aralarında dərin nifrət hissi aşılamağa, uçurum yaratmağa cəhd etmişlər.

5. Erməni millətçilərinin özlərinə məxsus hiyləgərliklə apardıqları təxribatçı təbliğatın kökündə İranı istəmək deyil, Panariyanizm bayrağı altında sərsəm “Böyük Ermənistan” işinə İranı da cəlb etmək niyyəti dayanmışdı.

6. Beləliklə, türklərə qarşı soyqırım törətdiklərini etiraf edən erməni rəhbərləri, ideoloqları bu cinayətlərinə, vəhşiliklərinə haqq qazandırmaq üçün təcavüzçü təxribatçı mahiyyətli ideoloji əsaslar işləyib hazırlamışlar.   

Vətənimizin azadlığı, müstəqilliyimiz uğrunda qurban getmiş dəyərli insanlarımızın xatirəsini ehtiramla yad edərkən vacib məsələlərdən biri bu hadisələrdən ibrət dərsi götürməyimizdir. Ü.Hacıbəyli yazırdı ki,  “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edilərsə, müdafiəsinə qadir olalım; bunun üçün həm hökumətimizin və həm də millətimizin yaşaması lazımdır.” O, sözünə davam edərək bunun həyata keçirilməsi yollarını da göstərib. “Bu gün istiqlal ilə yaşayıb da bu neməti-əzamətdən istifadə ediriksə də, özümüzü xarica əmin və amanlıqla bilmək və istiqlalımızın iqbasını təmin etmək üçün müdafiəyə hər an hazır olmalıyıq. Biz indi öz müqəddaratımızı öz əlimizə aldıq, borcumuz... gələcəkdə Vətənimizi hər  növ təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır...”  

M.Məmmədzadə soyqırımın ibrət dərslərindən danışarkən sanki indiki zamanı görürmüş kimi yazırdı: “Bu gün qanlı mart günlərini yad edərkən bütün millət həyəcan  və iztirabilə namusun təmizləməyə Qarabağını qurtulmağa qoşuyor...”  

M.Ə.Rəsulzadə Mart soyqımında qətlə yetirilənlərin əziz xatirəsini ehtiramla yad edərkən  tökülən qanların hədər getməməsi üçün onları yaddan çıxarmamağı, ehtiramla yad etməyi, istiqlqlımız və azadlığımızı möhkəm saxlamağı vacib hesab edirdi:  “Tətil heyəti bizi bu gün matəmə dəvət edir. Bu dəvəti qəbul edərək, bütün həyatı durduraraq Mart şəhidlərinin ruhi-məzlumu qarşısında diz şökəlim. Çökəlim də deyəlim ki, Siz məzlum oldunuz; biz sizin məzlumatınızı təlafi etdirmək üçün qanınız bahasına aldığımız hürriyyət  və istiqlalı bərk saxlayacağıq...”

                                                                   

Ədəbiyyat :                                                                                                                     
 
1.Əziz.B. Cümhuriyyətə gedən yol:milli azadlıq hərəkatının aktuallığı, mənbələri, dövrləri və cərəyanları.B., 2020, Çapar yayınları, 360 s.                                                                                                          
2.Aziz B.Mart faciasından Hocalıya Azerbaycanda ermenilerin türk soykırımı.İstabbul,2013,İQ kültür sanat yayınçılıq, 263 s.                                                                                                                                
 
3.Aziz B.Turkish massacre realized by the Armanians in Azerbaijan in XX centuru (1918-1992). Bochum,2015,                                                                                                                                              
 
4. İsgəndərov A. Azərbaycan türk-müsəlman soyqırımı problemlərinin tarixşünaslığı:1918-1920. B., 2006, 396 s.                                                                                                                                                                                                  
 
5.Rüstemova-Tohidi Solmaz Ali k.1918.Azerbaycanlılara yapılan katliamlar fotoqraf ve belgelerde.B., 2012, 208 s.                                                                                                                       
 
6.Rəsulzadə M.Ə.Əsərləri V c. (1918-aprel 1920) B., 2014 ,Qanun, 564 s. 
 
 
7.Rəsulzadə M.Ə. Unudulmaz faciə.” Azərbaycan” qəz.31 Mart 1919-cu il.                                         
 
 
8.Məmmədzadə M.B. Ermənilər və İran. B., 1993, Azərnəşr, 42 s.  
 
 
9.Məmmədzadə M.B. Mart.   ” Azərbaycan” qəz.31 mart 1920-ci il.           
 
 
10.Əziz B., Nəcəfova K. Güney Azərbaycanda ermənilərin törətdiyi söyqırımın ideoloji əsaslarının ifşası M.B. Məmmədzadənin əsərində (I h.) AXC-nin 100 illikyubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları.B., 2018, s209-213                                                                
 
11. Əziz B. Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımının ideoloji əsaslarının ifşası M.B. Məmmədzadənin əsərində. (II h.) “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. 31 Mart tariximizin faciəli səhifəsi. Bey. elmi konfr. Materiallar.B., 2019,  s. 185-199 
 
 
12.Hacıbəyli Ü. 31 Mart.  ”Azərbaycan”  qəz.31 mart 1919- cu il.
 
 
13.Mart qırğını. ”Azərbaycan” qəzetinin xüsusi buraxılışı. №11. Mart 1993.
   

Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin