Vaşinqton görüşünə Moskvadan REAKSİYA: "Sülhün gələcəyi sual altındadır"

1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Görüşlərdə ABŞ dövlət katibi Entoni Blinken və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da iştirak edib.

 

Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Görüşdən sonra Blinken deyib ki, Azərbaycan və Ermənistan sülh razılaşması istiqamətində ciddi irəliləyiş əldə ediblər. "Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib", - Blinken bildirib.

 

Rəsmi Moskvadan isə Vaşinqton görüşünə bir neçə fərqli reaksiya verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına istənilən yardımı alqışlamaq olar, ancaq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalar əsasında...

 

"İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik barışıq sazişini dəstəkləyəcək başqa hüquqi əsaslar yoxdur. Ona görə də bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur”, - deyə Peskov qeyd edib.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir, buna görə həmin danışıqlarda baş verən proseslər barədə birbaşa iştirakçılardan maraqlanmaq lazımdır. O, Rusiyanın görüşdən sonra əlavə şərh verəcəyini də diqqətə çatdırıb.

 

Bəs, həqiqətən Kremlin Vaşinqton görüşünə münasibəti necədir?

 

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov Modern.az-a bildirib ki, sülh müqaviləsi barədə danışıqların hansı ölkədə getdiyinin fərqi yoxdur: 

 

“Sadəcə nəticəyə baxmaq lazımdır. İki ölkə arasında danışıqların nəticəsi olması vacibdir. Azərbaycan və Ermənistan sülhə indiyə qədər çox ölkə vasitəçi olub. Görünən odur ki, onlar uğurlu olmayıb. Məsələn, Avropa son zamanlar tərəflər arasında vasitəçiliyə can atırdı, amma onun yanaşması fərqli olduğuna görə uğurlu olmadı. Avropa tərəflər arasında münaqişəni sadəcə dərinləşdirir, eyni zamanda tərəfli olaraq baxır. Məsələn, Azərbaycan tərəfinin fikrini öyrənmədən Ermənistanın Azərbaycanla sərhədinə missiya göndərir. Bu da problemin daha da dərinləşməsinə səbəb olur. Eyni zamanda Fransanın da mövqeyi burada vacib idi. Bu ölkə problemə sadəcə tərəfli olaraq baxırdı. Fransa XİN rəsmisinin Cənubi Qafqaza səfəri də son həmlə idi. Amma görünən odur ki, bunun bir nəticəsi olmadı. Digər tərəfdən danışıqlara bir neçə dəfə ev sahibliyi etmiş Brüssel də Avropanın sülh missiyasını yerinə yetirə bilmədi”.  

Ekspert son olaraq Amerika və Rusiya tərəəfinin vasitəçiliyinə toxunub:

 

“Bundan sonra isə iki seçim qalır, bu da Moskva və Vaşinqtondur. Hazırda idanışıqlar Amerikada gedir. Danışıqların uzun müddət aparılması Amerikanın nə qədər bu məsələdə qərarlı olduğunu göstərir. Çünki bilir ki, bu, əslində əlinə düşən son fürsətdir. Amerikanın məsələyə yanaşması isə fərqlidir. O, iki ölkə arasında problemi genişləndirməyə deyil, əsas problemləri taparaq kiçik-kiçik həll etməyə çalışır. Bu, Avropadan daha effektiv vasitə ola bilər. Amerikada aparılan danışıqlarda kiçik razılaşmala gəlinə bilər. Amma sülhün Amerika ilə gələcəyi də sual altındadır. Bunu yaxın günlərdə görəcəyik".

 

Onun sözlərinə görə, Rusiya ilə raund bitə bilər: Amerikadan sonra Rusiyada da görüşün keçiriləcəyi gözlənilir. Bu görüşdə Rusiyanın hansı təkliflə çıxış edəcəyi, Amerikadan nə ilə fərqlənəcəyi maraq doğurur. Rusiyanın əsas tələbi tərəflərin üçtərəfli anlaşmaya sadiq qalmasıdır. Amma düşünürəm ki, Rusiya tərəfi hansı ölkədə olmasından asılı olmayaraq sülh prosesini alqışlayır. Sülh üçün son olaraq Rusiyanı da gözləmək lazımdır".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin