2022-ci ilin yanvar-sentyabr aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında

Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında. 2022-ci ilin yanvar-sentyabr aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən  94,2% artaraq 15040,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 428,5 manat təşkil etmişdir. 

             Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye müəssisələrində işlərin 1443,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində  işlərin 40,1 faiz, tikinti sahəsində işlərin 206,8 faiz, ticarət və xidmət müəssisələrinin işlərinin 165,6%  artmasıdır.

            Məhsulun 2048,6 min manatı sənaye, 7149,4 min manatı kənd təsərrüfatında, 135,0 min manatı tikintidə,  149,4  min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5558,3 min manatı isə ticarət və xidmət sahələrində olmuşdur.  

             Demoqrafik vəziyyət haqqında.  Şuşa rayonunun ərazisi 310,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 113 nəfər təşkil edir. 

  2022-ci ilin oktyabr ayının 1-i vəziyyətinə rayonun əhalisi 35,1 min nəfər olmuş (o cümlədən şəhər yeri 25,4 min nəfər, kənd yeri 9,7 min nəfər) və 2022-ci ilin əvvəlindən 16 nəfər, yaxud 0,05%  artmışdır. Rayon əhalisinin ümumi sayından 48,4%-ni kişilər (17,0 min nəfər), 51,6%-ni qadınlar (18,1 min nəfər) təşkil edir. 

 

İqtisadiyyatda muzdla çalışan işçilər və əmək haqqı barədə. 2022-ci ilin yanvar-sentyabr aylarında  rayonun  iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2036 nəfər olmuş, muzdla çalışan işçilərin hesablanmış əmək haqqı fondu 12394,6 min manat, orta aylıq əmək haqqısı isə 681,0 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə orta aylıq əmək haqqı 510,2 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz artmışdır. 

Şuşa rayonunda 01 oktyabr 2022-ci il tarixinə 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhalinin 70,7%-ni  iqtisadi fəal əhali təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi  93,2% olmuşdur.

 

Yeni iş yerləri haqqında. 2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 120 vahid yeni iş yeri açılmışdır ki, onlardan hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 65-i mövcud müəssisə və təşkilatlarda, 55-i isə  yeni yaradılmış hüquqi şəxslərin payına düşür. Açılmış yeni iş yerləri iqtisadi fəaliyyət növünə görə aşağıdakı kimi olmuşdur: Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürməsi və təchizatı üzrə 11, tikinti üzrə 4, yaşayışın təşkili və ictimai iaşə üzrə 6, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə 37, təhsil üzrə 60, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə 2 yeni iş yeri olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il 98 yeni iş yeri çox olmuşdur.  

 

Sənaye müəssisələrinin fəaliyyəti haqqında. Rayon üzrə sənaye təşkilatlarının 2022-ci ilin yanvar-sentyabr  aylarında malların istehsalı və xidmətlərin göstərilməsi işlərinin dəyəri 2048,6 min manat olmuşdur. Bundan 8,9 min manatı emal sənayesi istehsalı, 2039,7 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinə aiddir.

         Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin dəyəri 141,1 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən  15,5 dəfə çox olmuşdur.   

 

    Tikinti təşkilatlarının fəaliyyəti haqqında.  Rayon üzrə tikinti təşkilatlarının 2022-ci ilin yanvar-sentyabr  aylarında öz gücləri ilə yerinə yetirdikləri tikinti işlərinin dəyəri 135,0 min manat olmuşdur. Bunun da 135,0 min manatı cari təmir işi üzrə olmuşdur.

          Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş tikinti işlərinin  dəyəri 44,0 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş tikinti işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən  3,1 dəfə çox olmuşdur.   

   Tikinti  təşkilatlarında  ilin  əvvəlindən 3 nəfər işçi çalışmışdır. Onlara 7,3 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 303,0 manat olmuşdur.           

 

 Kənd təsərrüfatı işlərinin gedişi haqqında. Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

Şuşa rayonu üzrə 2022-ci ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2022-ci ilin məhsulu üçün 01 yanvar 2022-ci il vəziyyətinə 2302,5 hektar sahədə şumlama işi aparılmış, ondan 684,8 hektarında buğda, 1337,2 hektarında arpa, 77,8 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 684,8 hektar buğda sahəsi və 1337,2 hektar arpa sahəsi olmuşdur.

2022-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 10,0 hektar sahədə buğda, 6,0 hektar sahədə qarğıdalı, 101,5 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 10,5 hektar sahədə isə yazlıq yonca və 51,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri (44,5 hektar yemiş, 6,5 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2022-ci ilin məhsulu üçün 2413,2 hektar əkin sahəsi vardır. Bunun 2099,8 hektarı payızlıq, 181,0 hektarı yazlıq və 132,4 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır. 

01 oktyabr 2022-ci il tarixinə qarğıdalı istisna olmaqla bütün əkin sahələrində məhsul yığımı başa çatdırılmışdır.

 2022-ci il oktyabr ayının 1-i vəziyyətə 694,8 hektar buğda sahəsindən 6,5 hektarında məhsul olmadığı üçün biçin aparılmamış, 688,3 hektarından isə 15459,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 13439,0 sentner, yəni 46,5% az olmuşdur. Keçən il məhsuldarlıq 23,3 sentner/ha olduğu halda, bu il 22,5 sentner/ha olmuşdur. 

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 1337,2 hektar arpa sahəsindən 195,0 hektarında məhsul olmadığı üçün biçin aparılmamış, 1142,2 hektarından isə 23192,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 9309,0 sentner, yəni 67,1% çox olmuşdur. Keçən il məhsuldarlıq 19,0 sentner/ha olduğu halda, bu il 20,3 sentner/ha olmuşdur. 

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 2,0 hektar kartof sahəsindən 230,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 10,0 sentner, yəni 4,5% çoxdur. Məhsuldarlıq keçən il 110,0 sentner/ha olduğu halda, bu il 115,0 sentner/ha olmuşdur.  

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 101,5 hektar tərəvəz sahəsindən 21415,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 10650,0 sentner, yəni 98,9% çox olmuşdur. Keçən il məhsuldarlıq 180,9 sentner/ha olduğu halda, bu il 211,0 sentner/ha olmuşdur. 

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 51,0 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 6220,0 sentner məhsul əldə edilmişdir. Keçən il məhsuldarlıq 78,9 sentner/ha olduğu halda, bu il 122,0 sentner/ha olmuşdur.

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 142,9 hektar yonca sahəsindən 6002,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 758,0 sentner, yəni 21,7% az olmuşdur. Keçən il məhsuldarlıq  42,1 sentner/ha olduğu halda, bu il 42,0 sentner/ha olmuşdur. 

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 6,0 hektar qarğıdalı sahəsi vardır ki, 01 oktyabr 2022-ci il vəziyyətə məhsul yığımı aparılmamışdır.

2022-ci il oktyabr ayının 1-i vəziyyətə 12,5 hektar meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2022-ci il vəziyyətə məhsul yığımı aparılmamışdır.

2022-ci ilin payızında 2023-cü ilin məhsulu üçün  01 oktyabr vəziyyətə 1348,0 hektar sahədə şum qaldırılmış və 31,0 hektar sahədə yaşıl yem üçün arpa səpini aparılmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında  4918 baş iribuynuzlu mal-qara, o cümlədən 2426 baş inək və camış, 36381 baş qoyun və keçi mövcud olmuşdur.

01 oktyabr 2022-ci il tarixinə mövcud olan mal-qaranın baş sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iribuynuzlu mal-qara  43 baş, o cümlədən inək və camış 20 baş, qoyun və keçilər isə 900 baş çox olmuşdur.   

            2022-ci il oktyabr ayının 1-i vəziyyətə rayon üzrə ət istehsalı 2775,0 sentner (diri çəkidə), süd istehsalı 16805,0 sentner, yumurta istehsalı 786,0 min ədəd, yun istehsalı isə 535,0 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 36,0 sentner, yəni 1,3 % çox, süd  55,0 sentner, yəni 0,3% çox, yumurta isə 6,0 min ədəd, yəni 0,8 % çox, yun 60,0 sentner, yəni 12,6 % çox olmuşdur.

2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 7149,4 min manat (4223,8 min manat bitkiçilik, 2925,6 min manatı isə heyvandarlıq məhsulları üzrədir), yəni keçən ilin müvafiq dövrünə nisbətən 40,4 % çox olmuşdur.

 

İnformasiya, rabitə və nəqliyyat sektorunun inkişafı haqqında. Rayon üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi 149,4 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 61,2 % az olmuşdur.

 

Ticarət və xidmət sektorunun inkişafı haqqında. Rayon üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında Ticarət və xidmət sahəsi üzrə işin  həcmi 5558,3 min manat olmuşdur ki, bundan da 2941,7 min manatı ticarət sahəsi üzrə, 2616,6 min manatı isə xidmət sahəsinin payına düşür. Ticarət və xidmət sahəsi üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə işin həcmi 165,6 % çox olmuşdur.

 

 

                                                                             Şuşa Rayon Statistika İdarəsinin 

                                                                                   rəisi   Anar Xəlilov                                                           

             shushainfo.com                                                              

Rəylər

Aşağıdakı məlumatları qeyd edin