Böyük tarzən Sadıqcan

Sadıqcana qədər tarı adət üzrə diz üstündə qoyub əyilərək çalardılar. Sadıqcan bu primitiv qaydanı da ləğv edib tarın tarixində ilk dəfə onu sinə üzərində əlində tutaraq çalmağa başlamışdı. Sadıqcana qədər tarın beş simi var idi. O, tara altı sim də əlavə edib onun sayını 11-ə çatdırdı.

Xan Şuşinski, Hacı Hüsü və Səttar haqqındakı yazılardan sonra, növbəti yazı XIX əsrin məşhur tarzəni Sadıqcan barəsindədir. Görkəmli musiqişünas Firudin Şuşinskinin tarzən Sadıqcana həsr etdiyi yazısını təqdim edirik:

Guş qıl, ey ki, bilirsən özünü vaqifi-kar, 

Agah ol, gör ki, nədir: naleyi-ney, nəğmeyi-tar.

Seyid Əzim Şirvani

Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan sənətkarlardan biri də böyük tarzən Sadıqcandır.

Mirzə Sadıq Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Sadıqcanın atası Əsəd kişi gözətçi işləmiş, ailəsini çox çətinliklə dolandırmışdı. Yoxsulluq və ehtiyac içərisində böyüyən Sadıq incəsənətə sonsuz həvəs göstərir, xalq mahnılarını gözəl səslə oxuyarmış. Əsəd kişi oğlunun məlahətli  səsini eşidib, onu Xarrat Qulunun məktəbinə aparır. Xarrat Qulu gənc Sadığın səsini yoxlayıb, məktəbə qəbul edir. Bu məktəb Sadığın musiqiçi kimi yetişməsində böyük rol oynayır. On səkkiz yaşında ikən Sadığın səsi batır. Lakin o, ruhdan düşməyib əvvəlcə tütək və ney çalmağı öyrənir, sonra isə kamança çalır. Bir qədər keçdikdən sonra Sadıqda tar çalmaq həvəsi oyanır. O, kamançanı buraxıb tar çalmağı öyrənir. Professor Bülbülün yazdığına görə, Mirzə Sadığın tar müəllimi şuşalı tarzən Əli Əskər (XIX əsrdə yaşamış məşhur tarzən Əli Əsgər görkəmli səhnə xadimi Mirzə Muxtarın atası idi.) olmuşdu. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddətdə özünün fitri istedad və qabiliyyəti nəticəsində nəinki bu sənətə yiyələnir, hətta məharətli tar çalması ilə o öz müəllimini geridə qoyur. Sadıq tar çalanda ustadı Əli Əsgər həsədlə deyərmiş: “Kaş mənim var-dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı”.

Gənc Sadığın adı hər yanda – Azərbaycanın bir çox şəhərlərində, hətta, Gürcüstanda və İranda Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Mirzə Məhəmməd, Həsən, Əbdülbaqi (Bülbülcan) və Cabbar Qaryağdı oğlu kimi görkəmli xanəndələrlə yanaşı çəkilmişdi. Mirzə Sadıq İran şahzadəsi Müzəffərəddinin toyunda elə bir məharət göstərmişdir ki, Nəsrəddin şah onu “Şiri-Xurşid” qızıl medalı ilə təltif etmişdi.

Azərbaycan musiqi tarixinə yaxından bələd olan və “Harun Əl-Rəşid” operasının  müəllifi Ağalarbəy Əliverdibəyovun yazdığına görə, Təbrizdə Nəsrəddin şahın məclisində məşhur bir tarzən Sadığı yarışa çağıranda Sadıq tarın bütün pərdələrini  kəsib. Bunu görən tarzən yarışdan imtina edib Sadığın barmaqlarını öpüb. (A.Əliverdibəyov. Musiqi tarixi   (əlyazması). Respublika əlyazmaları fondu, inv. № B-5007.)

Sadıq Zaqafqaziya xalqları arasında böyük şöhrət qazanmış bir sənətkar idi. Onun “Sadıqcan” adlanması da bu şöhrət və məhəbbətlə əlaqədardır. Xalq rəssamı Lətif Kərimovun “Musiqi lüğətinin izahı”na aid əlyazmalarından məlum olur ki, XVIII  əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən  yüksək dərəcədə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə “can” kimi yüksək ad və yaxud təxəllüs verilərdi. Bu tərifli adı qazanmaq şərəfi Sadığa və məşhur xanəndəmiz Əbdülbaqi Zülalova (Bülbülcana) müyəssər olmuşdu.

Sadıqcanın ansamblı, sağdan – kamançada Ata Bağdagüloğlu, Sadıqcan, Bülbülcan, qoşa nağara Hüseynbala və Vaso Kikialişvili Tiflis, 1878

Musiqi həvəskarlarından bakılı Əbdülhəmid Babayev öz xatirələrində yazır: “Mən  ilk dəfə Sadıqcanı 1897-ci ildə Bakıda  –  İçərişəhərdə Hüseynbəy Ağayevin toyunda gördüm. Cəmi Qafqazda belə gözəl tarçalan olmayıb. Sadığın çox gözəl camalı var idi. Ucaboy, enlikürəkli və cüssəli idi. O, məclisə çox ədəb və ərkanla girərdi. Camaat ona sonsuz hörmət bəslərdi. Onun sol əlində o qədər qüvvə var idi ki, tarı çox zaman mizrabsız çalardı” (Ə. Babayev. Xatirələrin. Azərbaycan Mədəniyyət Nazirliyi Memarlıq və İncəsənət İnstitutunun elmi arxivi, inv. № 90 “A”.)

Sadıqcanın gözəl çalğısı şamaxılı Mahmud ağanın da nəzərini cəlb etmişdi. Bu barədə məşhur şair və musiqişünas Məhəmməd ağa Müctəhidzadə “Qarabağnamə” adlı əsərində yazır: “Şirvanlı Mahmud ağa Sadıqcanın tərifini eşidib onun Şirvana təşrif gətirməsini xahiş edir. Mahmud ağa Sadıqcanı dəvət etmək üçün öz məclisində Hümayi təxəllüsü ilə məşhur olan bir tarzəni Şuşa şəhərinə göndərir. Sadıq əvvəlcə gəlmək istəmir, sonralar isə necə olursa razılıq verir. Mahmud ağa onun Şamaxıya gəlməsindən son dərəcə şadlanaraq Sadığa lazımi qədər hörmət edir, hətta onu dəvət edib gətirdiyi üçün Hümayiyə də mükafat verir. Sadıqcan məclisdə kamali-zövqlə tar çalmağa başlayır. Məclis Sadığın böyük məharətlə tar çalmağını alqışlayır. Hümayi günəş qarşısında ay olsa da, günəşin qarşısında sönüklüyünü hiss edərək Şirvanda dəxi qala bilməyib təcili olaraq Şuşaya gəlir. Mahmud ağanı həcv edib, Sadıq haqqında nalayiq sözlər söyləməyə başlayır.

Bu əhvalatı eşidən Sadıqcan Şirvana qayıtmaq şərtilə Şuşaya getməyə Mahmud ağadan icazə alır. O, Şuşaya qayıdarkən eşidir ki, Hümayi yalan və böhtan ilə onun şəxsiyyətinə toxunub. Hümayinin bu nalayiq işlərindən qəmgin olan Sadıq Şirvana qayıtmaqdan imtina edir.

Mahmud ağa Sadığın qayıtmamasından kədərlənir və Seyid Əzim Şirvanidən  xahiş edir ki, məktub vasitəsilə Sadığın gəlməməsi səbəbini sorsun.

Seyid Əzim isə məktub yazıb Sadıqdan gəlməməsi səbəbini soruşarkən, Sadıqcan həcvin surətini məktubla Seyid Əzimə göndərir”(M. A. Müctehidzadə.   Qarabağnamə (əlyazması). Azərbaycan Mədəniyyət Nazirliyi Memarlıq və İncəsənət İnstitutunun elmi arxivi, qovluq №78 “А”).

…Sadıqcanın sənətinə və şəxsiyyətinə son dərəcə vurulan Mahmud ağa onu xanəndə Hacı Hüsü ilə tez-tez Şamaxıya qonaq dəvət edərdi. Bu isə Xanqızı Xurşidbanu Bəyim Natəvanı əsəbiləşdirərdi. Çünki Sadıqcan Xanqızının məclislərinin yaraşığı idi. İstər Xanqızı sarayında düzəldilən ziyafətlərdə və istərsə də “Məclisi-üns”ün yığıncaqları Sadıqsız keçinməzdi. Maraqlı burasıdır ki, Mahmud ağa da Sadıqsız keçinə bilmirdi. Deyilənə görə, Sadığın üstündə Mahmud ağa ilə Natəvan arasında uzun illər yazışma olmuşdu.

Hətta bir dəfə nə təhər olmuşsa, Sadıq Şamaxıya gəlməkdən imtina edərkən Mahmud ağa şair Seyid Əzim Şirvanini Sadıqcanın dalınca Şuşa şəhərinə göndərmişdi. Böyük şair Şuşaya gəlmiş və Şuşa haqqında bu beyti söyləmişdi:

Şəhri-Qarabağa Şişə qoymuşlar ad, 

Bu şəhər pərilərdən olubdur abad. 

Təxsiri-pari Şişədə qalmaq xoşdur, 

Amma bu pərilərin əlindən fəryad.

Sadıqcan toy şənliklərində və məclislərdə çalmaqla bərabər Şuşada və Tiflisdə  göstərilən teatr tamaşalarının fasilələrində bir tarzən kimi çıxış edirdi.

Məsələn, 1886-cı il dekabrın 29-da Tiflisin “Artsruni” teatrının binasında M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası tamaşaya qoyulmuşdu. Həmin tamaşanın afişasında yazılmışdı ki, tamaşanın fasilələrində məşhur tarzən Sadıq çalacaq, xanəndə Mirzəli isə oxuyacaq.

Tiflisdə çıxan “Kavkazskoye obozreniye” adlı siyasi, ədəbi və yumoristik qəzet də bu tamaşa haqqında maraqlı yazılar vermişdi. Qəzetdə “Teatr və musiqi” rubrikası  altında dərc olunmuş məqalədə Sadıqcanın və xanəndə Mirzəlinin çıxışlarına aid məlumatda deyilirdi: “Komediya səhnədə sönük keçdi… Tamaşamı maraqlı edən  əsasən sazəndələr idi. Tarda bütün Zaqafqaziyada birinci tarzən sayılan məşhur Sadıq çalırdı. Onun çalğısı aydın, sənətkarlıq cəhətcə dəqiq, güclü və məlahətli idi. Yaxşı olardı  ki, bizim Tiflis bəstəkarları Sadığın Tiflisə gəlməyindən istifadə edib ondan Şərq havalarını öyrənələr. Bu isə onlara yeni əsərlər yazmaqdan ötrü yaxşı material ola bilər.

İran şahının saray müğənnisi Mirzə Əli oxudu. Mirzə Əli geniş diapazonlu səsə malik olan tenor tipli xanəndədir. O, əvvəllər dini havalar oxuyurmuş. Ancaq yaxın  zamanlardan müasir nəğmələrə keçmişdi… Odur ki, hələlik onun oxumaqlarında dini motivlərin təsiri vardı. Lakin buna baxmayaraq Mirzə Əlinin oxumağı öz təsir və səmimiliyi ilə insanda həqiqi zəvq oyadır” (“Kavkazskoye obozreniye” qəzeti, 4 yanvar 1887-ci il, № 3.).

Sadıqcan Şuşada təşkil olunan birinci Şərq konsertində (1901) iştirak etmiş tarçalanlar sırasında ilk dəfə olaraq tarda solo “Mahur” çalmışdı. Sadıqcan sözün ən geniş mənasında novator tarzən idi. O, təxminən 1870-1875-ci  illərdə İran tarı  üzərində hərtərəfli rekonstruksiya aparır. Yəni o, tarın təkmilləşməsi üzərində  işləyərək tarın quruluşunu dəyişdirmişdi. Tarın qolunda olan bir çox artıq pərdələri atıb 17 pərdə saxlamış, tarın səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt singənə  simi əlavə etmişdi. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim də artırdı. Bundan əlavə tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaq ilə “lal barmaq” üslubunu da icad etdi.

Sadıqcana qədər tarı adət üzrə diz üstündə qoyub əyilərək çalardılar. Sadıqcan bu primitiv qaydanı da ləğv edib tarın tarixində ilk dəfə onu sinə üzərində əlində tutaraq çalmağa başlamışdı. Sadıqcana qədər tarın beş simi var idi. O, tara altı sim də əlavə edib onun sayını 11-ə çatdırmışdı. Professor Saşa Oqanezaşvili yazır ki, “Sadıq tara 8 sim əlavə etmişdi. Bunlar “Re” və “sol” səslənir” (Saşa Oqanezaşvili. Tar. “Dan yıldızı” jurnalı, Tiflis. 1926-cı il. № 10, səh. 35.).

Sadıqcanın tar ifaçılığı qaydaları üzrə irəli sürdüyü bütün bu yeniliklər az zamanda  bütün Zaqafqaziya və Orta Asiya tarzənləri tərəfindən danışıqsız qəbul olundu.  Onun yaratdığı yeni tar, yəni Azərbaycan tarı çox az müddət içərisində bütün Qafqaz və Orta Asiyada mövcud olan primitiv, beş simli, zəif səsli İrak tarını sıxışdırıb ortadan çıxartdı.

Tarın quruluşunda etdiyi bu yeniliklərlə Sadıq tarın ifaçılıq texnikasını yüksək bir mərhələyə qaldırdı. Beləliklə, tar ifaçılıq sənətində bir musiqi aləti kimi daha mühüm rol oynamağa başladı. Təsadüfi deyildir ki, onun tarını xalq “sehirli tar”, Sadığı isə “tarın atası” hesab etmişdi. Bülbül yazır ki, köhnə İran tarı gözəl musiqiçi Sadıqcan tərəfindən təkmilləşdirildikdən sonra onda çalınan havalar daha rəngarəng səslənməklə əsl xalq çalğı alətinə çevrildi. (Bülbül. Xalqın yaradıcılığı.  “Pravda” qəzeti, 2 aprel  1938-ci  il, № 91.)

Yeri gəlmişkən onu da deyək ki, bir çoxları musiqi irsimiz və milli musiqi alətlərimiz haqqında mətbuatda və istərsə də radioda tərtib etdikləri oçerklərdə tarın guya ərəb, fars, əfqan və başqa millətlərə aid musiqi aləti olduğunu söyləyirlər. Bəziləri isə Nizami Gəncəviyə əsaslanıb guya tarın XII əsrdə Azərbaycanda yarandığını və bir çoxları isə tarın Füzuli dövrünə aid olduğunu iddia edirlər. Bütün bunlar heç bir elmi və arxiv sənədlərinə əsaslanılmayan sadəcə söz-söhbətdən başqa bir şey deyildir. Mötəbər tarixi vəsiqələrə əsaslanıb deyə bilərik ki, tarı Miladın X əsrində Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Carco şəhərinin Fərab adlı bir kəndində düzəltmişdi (“Yeni yol” qəzeti, 1929-cu il, № 15.).

Şərq musiqi alətlərinin şahı olan tar təkçə türkdilli xalqların deyil, eyni zamanda  ərəb, fars, əfqan, hind, ləzgi və Qafqazın bir çox xalqlarının istifadə etdiyi bir musiqi aləti kimi məşhur olmuşdu.

Lakin Yaxın və Orta Şərq xalqlarının istifadə etdikləri tar alətləri içərisində Azərbaycan tarı özünün istər forması, məziyyəti, istərsə də kamilliyi cəhətdən seçilir. Bu tarın yaradıcısı isə dediyimiz kimi, böyük tarzən Sadıqcan olmuşdu. Məşhur türk musiqişünası Rauf Yektabəy Qafqaz musiqisinə aid yazılarında Sadığın sənətkarlığına və onun tara etdiyi yeniliklərə yüksək qiymət verərək yazmışdı: “…Sadığın musiqiçilik şöhrəti bütün Qafqaza yayılmışdı. Tarzənlikdə dahi olan Sadıq 5 simli tara 6 sim əlavə edib onu zənginləşdirmişdir”. (Rauf Yektabəy. Qafqaziyədə musiqi. “Şəhbal” jurnalı, İstambul, 1912-ci il, № 59, səh. 210.) Rauf Yektabəy Sadığı dövrünün bir çox böyük xanəndələri ilə müqayisə  edərək üstünlüyü ona vermişdi:

“…Tarzən Sadıqdan sonra Qafqazda Hacı Hüsü, Məşədi İsi, Yusif, Həsənçə, Dəli İsmayıl, Həşim və Əbdülbaqi adlı xanəndələr şöhrət qazanmışlarsa da, lakin bunların heç biri Sadıq dərəcəsinə çatmamışlar” (Yenə orada).

Sadıq Azərbaycan muğamına da bir sıra yeniliklər gətirmişdi. O, “Segah”  muğamını inkişaf etdirərək, tarın qoluna “Zabul” pərdəsini, “Mirzə Hüseyn  segahı”na isə “Müxalif”i əlavə etmiş, “Mahur” muğamını təkmilləşdirmişdi.

Sadıqcanın evi, Hoca Mircanlı məhləsi, Şuşa

Görkəmli bəstəkar-musiqişünas Əfrasiyab Bədəlbəyli Sadıqcanın tara və muğamata gətirdiyi yenilikləri yüksək qiymətləndirərək yazırdı: “Əgər muğamatın ifası sahəsində tarın musiqi alətləri içərisində birinci yer tutduğunu nəzərə alsaq Mirzə Sadığın kəşf etdiyi yeniliklərin, nəticə etibarı ilə Azərbaycan musiqisi tarixində böyuk bir dönüş yaratdığını təsdiq etmiş olarıq. Demək olar ki, Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamatının mahiyyəti, onun ifadə vasitələri, təsir qüvvəsi və muğamatı ifa etmək üslubu yeni bir pilləyə qalxmış oldu. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açdı”. (Ə. Bədəlbəyli. Qurban Pirimov. Bakı, 1955, səh. 18. 66) Sadıqcanın sənətkarlığı gənc çalğıçılar və oxuyanlar üçün məktəb olmuşdu.

O, XIX əsrin 90-cı illərində Şuşada ansambl yaratmış, dövrünun ən məşhur oxuyub-çalanlarını ansambla cəlb etmişdi. Ansamblda, hətta iki nəfər qız da iştirak edirdi. Onlar Azərbaycan və gürcü rəqslərini ifa edərdilər. Sadıqcanın ansamblı  Şuşa şəhərinin ziyafət salonlarında, xüsusilə Xurşidbanu Natəvanın məclislərində, Tiflisin “Müstəhid”, “İrəvanın “Xürrəm” bağlarında dəfələrlə çıxış etmişdi.

Sadıqcan tarı elə məharətlə çalarmış, elə şirin barmaqlar vurarmış ki, hətta quşlar  belə onun çalğısının səsindən həvəsə gələrmiş. Böyük tarzənin müasirləri olan  Məhəmməd ağa Müctehidzadə, şuşalı Xan İsmayıl, Məşədi Süleyman Mənsurov və Məşədi Müseyib Daşdəmirov öz xatirələrində Sadıqcanın qaratoyuq quşuna bir-iki yüngül təsnif və mahnı öyrətdiyini təsdiq edirlər. Bu hadisənin canlı şahidi  olan Qurban Pirimovun xatirələrində oxuyuruq: “Bir gün Sadıq məndən xahiş etdi  ki, onun üçün Gülablıdan bir bülbül tutub gətirim, mən də bir şeyda bülbül, bir də qaratoyuq tutub apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü qoyub özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O, qaratoyuqların çöldə oxumaqlarına bənzəyən bir təsnif çalırdı. Güzgüdə öz şəklinə  tamaşa eləyən qaratoyuq birdən başlayıb oxuyanda düzü mən təəccübümdən yerimdə quruyub qaldım… Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi.” (“Ədəbiyyat və incəsənət” qəzeti, 30 oktyabr 1955-ci il, № 44.)

Sadıqcanın tarda işlətdiyi barmaqları, vurduğu alt-üst mizrabları hələ indiyə qədər  heç kəs təkrar edə bilməmişdi. Onun sənəti barəsində Qarabağda çoxlu nağıllar,  rəvayətlər yaranmışdı. Bunların yaranması isə heç də təsadüfi deyildi.

Xalq öz doğma sənətkarını sevmiş və onun şəninə dastanlar söyləmişdi. Şair Məşədi Əyyub Bakinin Mirzə Sadığa müraciətlə yazdığı şeir belə başlayır:

 Ey Sadıq! Al ələ tarı,

                               səni-tarı. 

Bir halə gətir, mən dili zarı,

                               səni-tarı.

Xalqımızın sevimli sənətkarı Mirzə Sadıq 1902-ci ildə 56 yaşında Şuşada vəfat  etmişdi. Məşədi Zeynal, Mərdi Canıbəyov, Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov və başqaları Sadıq məktəbinin yetişdirmələri olublar.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin