Tuğ kəndi ərazisindəki tarixi mədəniyyət abidələri

Xalq arasında haqqında müxtəlif yozumlar və əfsanələrin yarandığı Tuğ toponiminin də qədim tarixi var. Yazılı mənbələrdə bu söz öz həqiqi həllini tapdığına görə, Ermənistan silahlı qüvvələrinin işğalı dövrü bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb.

Tuğ kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. “Tuğ” sözünün bir neçə mənası var: bu adı “zirvə” və “bayraq” kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ qıpçaq kökənli bir soyun adıdır.

Bu sözlər AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Tuğ kəndi ərazisindəki tarixi mədəniyyət abidələri” adlı məqaləsində yer alıb. 

Tuğ kəndi 1991-ci il oktyabrın 31-dən 2020-ci il noyabrın 9-na kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. İşğal dövrü bu kəndin tarixi mədəniyyət abidələri ermənilər tərəfindən formaları dəyişdirilərək erməniləşdirilib, kəndin yaşayış evləri isə dağıdılaraq xarabalığa çevrilib.

Tuğ dərəsi ərazisi Xocavənd rayonunun tarixi və mədəniyyət abidələri ilə zəngin ərazidir. Kənd İşxan çayının ətraf yamaclarında yerləşir. Sıx yarpaqlı meşələr və meyvə bağları ilə örtülmüş dağlar və dərələr, dumanda itən məxmər çəmənliklər və qayalıq dağ zirvələri, gümüşü axarları və buzlu bulaqlar bu dərəyə xüsusi cazibə və təbii gözəllik verir.

Müasir Xocavənd rayonunun böyük bir hissəsinə daxil olduğu Dizak məlikliyinin ərazisi zəngin tarixi və memarlıq irsi ilə seçilir. İşxan çayının sağ tərəfində, Çıraqüz kəndindən bir kilometr yarım Cənub-Qərbdə, Məmməddərə kəndi yaxınlığındakı yamacda Tuğ kəndi, bir az irəlidə - Ağdam kəndi yerləşir. Çıraqüz kəndinin sağında Düdükçü kəndləri, eləcədə Edilli, Axullu, Ağbulaq, Xırmancıq kəndləri yerləşir.

Dərənin qarşı tərəfində sirli möcüzəli yeraltı salonları olan Azıx mağarası, sol tərəfdə Zoğalbulaq, Salakətin, sağ tərəfdə Böyük Tağlar, Cənubda dərənin son yaşayış yeri olan Binə kəndi yerləşir. Vadinin mərkəzində Tuğ dağı ucalır, dağın zirvəsində qədim Ktiş qalası yerləşir. Dağın şərq yamacında, qayalı yaylanın ətəyində, Dizaq məlikliyinin sarayı olan Tuğ kəndi, Cənubda, Ktiş məbədinin qonşuluğunda, beş kilometr məsafədə Susanlıq kəndi yerləşir.

Tuğ vadisi şimaldan Kirs dağ silsiləsi, qərbdən Ziyarət dağı ilə həmsərhəddir. Şərqdə, Qarabağ dağ silsiləsinin ətəklərində tədricən düzənliklər başlayır. İşğan çayı dərə boyu axır. Çayın sahilləri boyu meşəyə qarışmış qoz-tut bağları, üzüm bağları, alma, armud və gilas ağacları, itburnu (həmərsin) və böyürtkən kolları göz oxşayır.

Bulaq: Abidə Xocavənd rayonunun Tuğ kəndində yerləşir. Bulaq yerli pud daşlar və əhəng məhlulu ilə tikilib. Görkəmi qövsvari formaya malikdir ön tərəfin yan divarları yonulmuş və cilalanmış daşlardan tikilib. Abidənin şimal-qərb tərəfində bir taxça var. Bulağın uzunluğu 5,9 metr, eni 4,7 metr, hündürlüyü 3,1 metrdir. Abidə Ermənistan silahlı qüvvələrinin işğalından sonra öz mövcudluğunu qoruyub saxlaya bilib.

Daş fiqur: Abidə Xocavənd rayonunun Tuğ kəndi ərazisində, Ki-Tış məbədinin yaxınlığında aşkar edilib. Abidənin eni 12 santimetr, hündürlüyü 31 santimetr, eni 10 santimetrdir. Hazırlanma tarixi məlum deyil. Abidə Ermənistan silahlı qüvvələrinin işğalından sonra öz mövcudluğunu qoruyub saxlaya bilib.

Daş fiqur: Abidə Xocavənd rayonunun Tuğ kəndində aşkar edilib. Eni 54 santimetr, qalınlığı 7 santimetr. Abidə qəhvəyi daşdan hazırlanıb. Fiqur işğal dövrü mövcudluğunu qoruyub saxlayıb.

Kitış məbədi: Tuğ dağının şimal-şərq yamacının aşağısında, sıx meşələr arasında günbəzi uzaqdan yaxşı müşahidə olunan məşhur Kitış məbədi yerləşir. Tarixi mənbələrin göstərdiyi kimi, Kitış məbədi qədim zamanlardan Qarabağın Şərq regionunun siyasi və mənəvi mərkəzlərindən biri olub. Alban Yeparxiya mərkəzi kimi fəaliyyət göstərən məbəd VIII əsrdən etibarən Dizak naiblərinin himayəsində olub. Məbədin yaxınlığında yerləşən Kitiş qalası IX əsrdə Esai Əbu-Musa adlı şəxsin iqamətgahı olub. X əsrdə qala Dizaq mahalı naiblərinin iqamətgahına çevrilib.

XIII əsrin ortalarında yeni tikililər sayəsində Kitış məbədi genişlənmiş, Dizak məlikləri dövründə, Qarabağın məşhur monastır komplekslərindən birinə çevrilib. Məbədin divarlarında və məbədin ərazisindəki xaçdaşları üzərində həkk olunmuş XIII əsrlərə aid epiqrafik yazılar və qiymətli məlumatlar təəssüf ki, Ermənistan silahlı qüvvələrinin işğalından sonra ermənilər tərəfindən bir qismi silinərək erməni dilində əlavələr edilib.

Abidə üzərində dövrümüzə qədər qorunan epiqrafik yazılar ermənilər tərəfindən silinməsəydi, məbədin qədim tikililərinin tarixini müfəssəl araşdırma imkanımız olardı. Məbədin şimal divarına yerləşdirilən yazı saxtadır. Məbəd haqqında həqiqətləri əks etdirmir. Erməni mənbələrində Kitış məbədinin 1241-ci ildə tikintisinə başlanıldığı və yeddi il sonra, 1248-ci ildə tamamlandığı göstərilir. Lakin bunun nə dərəcədə doğru olduğu gələcək tədqiqatlar nəticəsində müəyyən olunacaq.

Memarlıq baxımından Kitış məbəd kompleksi çoxəsrlik Alban mədəniyyətinin maraqlı abidələrindən biridir. Bildiyiniz kimi, Qarabağ memarları Alban memarlıq məktəblərinin ən yaxşı nailiyyətlərini məharətlə yerli ənənələrlə birləşdirib, gözəl və ahəngdar kompozisiya yaradılmasına öz töhfələrini veriblər. Kitış məbədi kompleksin fərdi proporsiyalarının mütənasibliyi, fasadların təmkinli dekorasiyası təkcə orijinal deyil, həm də ölməz xatirələrin yaradıcısı olan türk xalqlarının yüksək peşəkar ustalığının və estetik zövqünün sübutudur. Kompleksin əsas binası, şübhəsiz ki, bütün kompleksin bəzəyidir. Xaricdən düzbucaqlı uzunluğu 10 metr, eni 7,5 metr ölçüdə və içəridən mərkəzləşdirilmiş günbəzli bu kiçik tikili yarımdairəvi apsid (tağlı) hər iki tərəfində qoşa divar dirəkləri və ikimərtəbəli dəhlizləri olan günbəzli salonu təmsil edir. Dəhlizlərin yuxarı mərtəbələrindəki girişlərinə daş pilləkənlərlə çıxılır.

Məbədin əsas binası yaxınlıqda olan karxanalarda sarımtıl daşdan yonulmuş bloklarla tikilib. Binanın divar sütunlarının üstündən qövsvari tağlar kifayət qədər hündür qurulub və üzərlərində məbədin möhtəşəm günbəzini daşıyırlar. Günbəz silindrik formada olub damın tağları üzərində oturdulub. İkinci mərtəbəyə çıxmaq üçün daş pilləkənlərlə giriş təmin edilib. Binanın fasadları qoşalaşmış üçbucaqlı nişlərlə bəzədilib. Pəncərələrin ətrafı düzbucaqlı bədii ornamentli bəzəklərlə haşiyələnib.

Məbədin daxili və xarici divarları dekorativ bəzəklərlə çox yüklənməyib ki, bu da bəlkə də, o dövrün memarlığının əsas xarakterik xüsusiyyətlərindən biri olub. Məbəd 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalına qədər öz unikal görünüşünü qoruyub saxlayıb. Məbədin daxili fasadlarının dekorasiyasında pəncərə ətraflarında üçbucaqlı taxçalar diqqət çəkir. Binanın öz dövrü üçün məbəd memarlığı ənənəvi və innovativ dekorativ motivləri özündə birləşdirir. Dekorasiyanın ayrı-ayrı detalları Amaras Monastrındakı ornamentlərlə və eləcədə Gəncəsər Monastrının taxçalarının dekorativ tağları və bəzəkləri ilə paralellik təşkil edir.

Xocavənd rayonunun öz memarlıq məziyyətlərinə və bölgənin mədəni həyatında müstəsna mühüm rola görə Kitış məbədi Kəlbəcər rayonunun Gəncəsər və Xudavəng monastrları kimi Azərbaycan memarlığının şah əsərləri ilə eyni səviyyədədir.

İşğal dövrü (2007-ci ildə) ermənilər bu abidəni bərpa etmək bəhanəsi ilə formasını dəyişdirdilər. Bərpa dövrü abidənin üzərindəki bir çox ornamental daş nümunələri məhv edildi. İki daş əlyazma isə çıxarılaraq Ermənistanın İrəvan şəhərindəki Matadaran meydanına aparıldı. Hazırda həmin daş əlyazmalar Matadaran meydanında №7822, №7823 şifrlər altında saxlanılır.

Tuğ qalası: Qala Tuğ dağının zirvəsində, Kitış məbədi ilə üzbəüz ərazidə yerləşir. Azərbaycanın orta əsrlər tarixində dəfələrlə adıçəkilən Kitış və ya Tuğ qalası erkən orta əsrlərdə Dizak Mahalının və bütün Qarabağın ən alınmaz istehkamlarından biri idi. Qalanın şimal tərəfdən keçilməz qaya ilə, şərq tərəfdən mühafizə divarları ilə, Cənub və Qərb tərəflərdən isə sərt şaquli qayalarla əhatələnib. Uçurumun yarıqlarında xəndəklər uzanır, ikinci təbii müdafiə xətti şəklində orijinal istehkam yaradır.

Heç də təsadüfi deyil ki, Dizak mahalının naibləri Tuğ şenliyini özlərinin baş kəndi seçərək Kitış və ya Tuğ qalasından özlərinin iqəmətgahı kimi istifadə etdilər. Qala xarici dünya ilə yalnız onun Şimal hissəsindən Kitış məbədi ilə üzbəüz hündür qayadan keçən gizli keçid vasitəsilə əlaqə saxlayırdı. İnşaatçılar qalada su ehtiyatı saxlamaq üçün su anbarları da yaradıblar. Kitış qalasının dörd tərəfdən sıldırım qayalarla əhatələnmiş dağın zirvəsində, hündür ağacların sıx kölgəsi altında qədim qalanın möhtəşəm görüntüləri canlanır. Qalanın keçmiş əzəmətini təsəvvür etmək üçün orada Dizak naiblərinə məxsus çoxsaylı binaların xarabalıqları var. Artıq yarısı torpaq altda qalan qalanın yuxarı hissəsində, demək olar ki, uçurumun yanında, yonma daşdan tikilmiş yarıuçuq binanın qalıqları var.

Yerli əhalinin verdiyi məlumata görə, son illərdə bu qaladan Ermənistan hərbçiləri tərəfindən qalıb əldə edilən müxtəlif məişət əşyaları, gil qablar, müxtəlif silahlar, metal qablar, qədim sikkələr, saxsı küplər, karaselər tapılaraq Ermənistana aparılıb. Qalanın daxilində iç qalanın qala divarlarının qalıqlarının ayrı-ayrı hissələrini görmək olur. İşğal dövrü ermənilər tərəfindən qala divarlarına yerləşdirilmiş xaç daşlarının yöndəmsiz görkəmi də diqqət çəkir. Qaladaxili binaların uçuq-sökük divarları mamır basmış vəziyyətdədir.(AZƏRTAC )

Rəylər

Aşağıdakı məlumatları qeyd edin