“Son nəticədə ABŞ da Azərbaycanın Laçında sərhəd məntəqəsi qurmasını dəstəkləyəcək...”

“Vaşinqton da İrəvana  deyir ki, səni himayə etməyimi istəyirsənsə, rusları öz ərazindən qov və Azərbaycan ilə də sülh deyilən əsaslarda bağlanmalıdır...”

"Qarabağdakı ermənilərin hüquqlarından danışılırsa, Ermənistandan – Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların da Zəngəzurdakı, Göyçədəki və s. yaşam hüquqlarının bərpasından danışılmalıdır..."

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla Moderator.az üçün qısa telefon söhbətimizdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 1-dən 4-dək Vaşinqtonda ABŞ Dövlət Katibi Antoni Blinkenin vasitəçiliyi ilə keçirilmiş danışıqlarından bəhs etdik.

Tofiq müəllim, Vaşinqtondakı  son Azərbaycan- Ermənistan danışıqlarında  tərəflərin razılaşmadığı ən düyünlü nöqtələrdən biri də, yəqin ki, Azərbaycanın son günlər Laçın yolunun girişində qurduğu sərhəd-buraxılış məntəqəsi ilə bağlı olub?

– Sözsüz ki, ermənilər bu mövzunu qaldıracaqlar. Amerikanın buna ciddi diqqət yetirəcəyinə və sərhəd-keçid məntəqəsinin götürülməsinə dəstək verəcəyinə inanmıram.   ABŞ hesab edir ki, Qarabağ mövzusu Azərbaycanın daxili məsələsidir.  Eyni zamanda, Ağ Ev kommunikasiyaların açılmasını istəsə də, ölkələr ərazisində dəhlizlərə qarşı çıxır. Bu mənada ABŞ Zəngəzur dəhlizinə də qarşı çıxır. Yəni dəhlizlərdə eks-territorial ərazi qurulmasını yox, orada dəhlizin aid olduğu ölkələrin qanunlarının işləməsinin tərəfdarıdırlar. Bir sözlə, Rusiyanın Ermənistan ərazisində eks-territoriallıq yaratmasına qarşı çıxırlar. Ona görə də  Laçın dəhlizi ilə də bağlı Vaşinqtondan eyni mövqenin sərgilənəcəyi istisna olunmur. Yəni son nəticədə amerikalılar da Azərbaycan tərəfindən öz dövlət sərhədində sərhəd-keçid postu qurulmasını dəstəkləyəcəklər...

– Yəqin ki, Qarabağ ermənilərinə status məsələsinə də gündəlikdə yer olmayıb?

– Bəli. Əslində Dövlət Katibi Blinkenin son bəyanatından da aydın olur ki, söhbət, sadəcə, hər iki ölkədəki milli azlıqlardan gedə bilər...

– Yəni yalnız  həmin azlıqların, indiki halda Qarabağdakı ermənilərin hüquqlarının təmin olunmağından danışılır, heç bir statusdan söhbət getmir...

– Bəli. Azərbaycan gələcəkdə bu məsələni müzakirə edə bilər, amma qarşılıqlı şəkildə olacağı halda. Yəni Qarabağdakı ermənilərin hüquqlarından danışılırsa, Ermənistandan – Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların da Zəngəzurdakı, Göyçədəki və s. yaşam hüquqlarının bərpasından danışılmalıdır...

Yadınızdadırsa, biz Zəngəzurdan danışanda bəziləri etiraz edirdi ki, Xankəndi, Xocalı məsələsi həll olunmamış Zəngəzurdan, Göyçədən danışmaq yersizdir.  Yəqin, indi Qərbi Azərbaycan məsələsinin nəyə görə qabardılmasını anlayarlar. Başa düşərlər ki, həmişə üç addım qabağı görmək lazımdır...

– Bildiyiniz kimi, mayın 3-də Kremldə Putinin qərargahı olan bina PUA-larla vurulub. Yəni, deyəsən, Moskva sözün əsl mənasında öz hayındadır... Bakı və İrəvan bundan yararlanıb öz aralarındakı məsələni özləri həll edə bilərlər... 

– Bəli. Rusiya öz başının hayındadır. Bu da var.... Amma elə məqam yetişib ki, əslinə qalsa, son nəticə Ermənistandan asılıdır. Əgər Vaşinqtonda proses qeyd etdiyimiz bu əsaslarda getsə, mən şəxsən onu müsbət qiymətləndirirəm...

– Ermənistan daxilində də, təbii ki, Rusiyanın “5-ci kalon”u  erməniləri Vaşinqton prosesi əleyhinə qaldırmağa çalışacaq...

–   Bu, Ermənistan hakimiyyətinin problemidir. Öz cəmiyyətlərini özləri düzgün yola yönəltməlidirlər. Baxaq görək bu dalandan necə çıxacaqlar... Vaşinqton da İrəvana  deyir ki, səni himayə etməyimi istəyirsənsə, rusları öz ərazindən qov və Azərbaycan ilə də sülh deyilən əsaslarda bağlanmalıdır. Burada dediyim kimi, ermənilərin cavabı vacibdir...

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin