Böyük Qayıdış üçün böyük başlanğıc – Azərbaycan dövləti vətəndaşlarına layiqli həyat şərtləri təmin etmək niyyətində qətidir

Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərinin bərpasına hələ müharibə gedən günlərdə başlayıb – düşməni qovduqca, təmizlənən torpaqlara torpaqdan yol salmaqla... Döyüşlər dayanan kimi isə ilk növbədə azad olunan əraziləri qoruyan ordu hissələrinə təminat xətlərinin yaradılması, daha sonra isə Şuşa başda olmaqla, bütün rayon mərkəzlərinə yolların çəkilməsi, infrastrukturun bərpası işlərinə başlanıb.

Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan işçi qruplar tərəfindən bir ildən çox toplanan təkliflər əsasında əhalinin azad olunmuş ərazilərə qayıdışına dair ilk dövlət proqramı hazırlanaraq qəbul edildi. Noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair Birinci Dövlət Proqramı”nı təsdiqləyib. 2023-2026-cı illəri əhatə edən proqramda azad olunan ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəallığın təmin olunması üçün bir sıra addımların atılması nəzərdə tutulur.

media-media-1653680791-e5m7iow4lbfhqj9pyu0c-5kuojehgxb8z674pcw2m.jpg (105 KB)

Proqramın əsas prioritetlərindən biri ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulmasıdır. Sənəddə qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir.

Proqramdan aydın olur ki, ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində müasir nəqliyyat-yol infrastrukturunun qurulması zamanı bölgənin tranzit potensialından effektiv istifadə, əhalinin ehtiyacları və bu infrastrukturun işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mümkün təsirləri nəzərə alınacaq.

Proqramın əsas prioritetlərindən biri də dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyasıdır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın yenidən qurulması və inkişafı iqtisadi canlanmanın yaradılması, iqtisadi aktivliyin təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması, su və torpaq ehtiyatlarının səmərəli idarəedilməsi mexanizminin yaradılması və bölgədə regional ixtisaslaşmanın artırılması məqsədilə tədbirlərin icrasını əhatə edəcək.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, habelə innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin ərazilərin bərpasına və sosial-iqtisadi inkişafına töhfə verəcək.

Böyük Qayıdış" nə vaxt başlayacaq? - "Bir neçə ay sonra Şuşaya, 1 il sonra  isə..." Yeni Sabah

İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək.

Dövlət Proqramına dair tədbirlərin icrası dövlət büdcəsi, Dövlət Neft Fondu, büdcədənkənar fondlar (Qarabağ Dirçəliş Fondu və digər fondlar), Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti, habelə yerli və xarici investisiyalar, dövlət ‒ özəl sektor tərəfdaşlığı nəticəsində yaranan maliyyə vəsaiti, beynəlxalq təşkilatların, donorların və fondların vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək. Hökumət proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması təşviq etmək niyyətindədir.

Proqramın icrası üçün tərtib olunan Tədbirlər Planından aydın olur ki, 2023-2026-cı illərdə geri qayıdışın ilkin mərhələsində həyətyanı və yaşayış sahələri üzərində istifadə hüquqlarının tanınması ilə bağlı tədbirlər görülməsi, həmçinin torpaq islahatlarının aparılması ilə bağlı təkliflər veriləcək. Torpaq islahatı aparılana qədər isə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi ilə bağlı tədbirlər görüləcək.
Bundan əlavə, ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin maliyyə resurslarına çıxışı imkanlarının genişləndirilməsi, cəlb edilmiş resursların maya dəyərinin azaldılması, onlara veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi kimi addımların atılması planlaşdırılır.

Tədbirlər Planına əsasən Azərbaycan hökuməti azad olunan ərazilərə yatırılan investisiyaların sığortalanması mexanizmini yaradacaq. Kənd təsərrüfatının inkişafı istiqamətində beynəlxalq donor təşkilatları ilə birlikdə layihələr həyata keçiriləcək, ərazilərdə xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiq olunacağı fəaliyyət istiqamətləri müəyyən ediləcək, ərazilərdə resursların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi üçün vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunacaq.

Həmçinin rayonlar üzrə torpaq-iqlim şəraiti və bazar tələbləri nəzərə alınmaqla bitkiçilik sahəsində və orqanik kənd təsərrüfatı məhsullarının istehsalı potensialının araşdırılması, eləcə də su ehtiyatları və iqlim şəraiti nəzərə alınmaqla akvakultura sahəsində ixtisaslaşma aparılacaq.

Dövlət proqramında yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi, yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması, məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb olunması, ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması, bölgədə turizm sektorunun inkişaf etdirilməsi kimi vəzifələr müəyyənləşdirilib.

Azərbaycan Prezidentinin birbaşa göstərişinə əsasən azad olunan ərazilərin enerji təminatı bilavasitə alternativ mənbələr hesabına təmin olunacaq. Artıq bu istiqamətdə çox mühüm işlərə başlanılıb: ərazilərdəki SES-lər bərpa olunur, daha bir neçəsinin tikintisi üçün plan hazırlanır. Bundan əlavə, Böyük Britaniyanın bp şirkəti ilə Cəbrayıl rayonunda günəş elektrik stansiyasının qurulmasına dair razılaşma əldə olunub.

Proqrama əsasən “Yaşıl enerji zonası” “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə olunacaq. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcək.

uyt-1644946821.jpg (74 KB)

Artıq ölkə qanunvericiliyinə azad olunan ərazilərdə çalışacaq yerli və əcnəbi mütəxəssislərə, investisiya yatıracaq şirkətlərə vergi, gömrük və digər güzəştlərin, əlavə imtiyazların verilməsini nəzərdə tutan dəyişikliklər hazırlanaraq qəbul edilib.

Eyni zamanda bölgəyə xarici investisiyaların cəlbi istiqamətində ciddi addımlar atılır. Bp şirkətindən əlavə, Azərbaycan bölgənin yaşıl enerji zonasına çevrilməsi üçün bir neçə digər beynəlxalq səviyyəli şirkətlərlə razılıq əldə edib. Bu ilin martında “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında dörd anlaşma memorandumu imzalanıb. Bu memorandumlardan biri “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” olub. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.

Dekabrın 18-19-da isə Səudiyyə Ərəbistanının investisiyalar naziri, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Falehin rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Azərbaycana, o cümlədən işğaldan azad olunan ərazilərə səfəri baş tutub.

Zəngilanın "Ağalı" kəndində jurnalistlərə açıqlamasında Səudiyyəli nazir bəyan edib ki, ölkəsinin investorları işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji (günəş və külək enerji sahəsində), turizm, kənd təsərrüfatı və texnologiya sahəsinə yatırım etməkdə maraqlıdır.

_1668748719.jpg (143 KB)

Nazir bildirib ki, Qarabağda geniş kənd təsərrüfatı potensialının olduğu bugünkü səfər zamanı müşahidə edilib: "Qarabağda iribuynuzlu heyvandarlıq sahələri ilə tanış olduq. Böyük potensialın olduğunu gördük. Səudiyyə Ərəbistanı üçün ərzaq təhlükəsizliyin təmin edilməsi zəruridir və bu baxımdan işğaldan azad edilmiş ərazilərə yatırımda maraqlıyıq. Zəngilanda yeni tikilən hava limanı çox cəlbedicidir. Eyni zamanda, yeni yaradılan ağıllı kəndi görmək bizdə xoş təəssürat yaratdı və təəccüb doğurdu. İndi mənimlə birlikdə buraya Səudiyyə Ərəbistanının böyük nümayəndə heyəti gəlib. Burada yalnız dövlət deyil, özəl sektor, o cümlədən energetika, xüsusilə də yaşıl enerji, turizm və kənd təsərrüfatında çalışan özəl biznesin təmsilçiləri var. Səudiyyə Ərəbistanı Qarabağ regionuna investisiya yatırmaq niyyətindədir. Xüsusi qeyd edim ki, yeni tikilən ağıllı kənd və Zəngilan aeroportu bizi təəccübləndirdi. Buralar ailəvi istirahət üçün gözəl yerlərdir”.

631225a1d02bd.jpg (58 KB)

Ölkəsinin Azərbaycana 5 infrastruktur layihəsində iştirak etdiyini deyən nazir həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanı əhalinin işğaldan azad olunmuş ərazilərdəki doğma yerlərinə qayıtmasına sərmayə qoymağa hazırdır.

Azərbaycan dövləti öv vətəndaşlarının doğma yurd-yuvalarına layiqli qayıdışını, əhalinin azad olunmuş ərazilərdə yüksək səviyyədə və təhlükəsiz yaşayışını təmin etmək üçün bütün imkanlarını səfərbər edib. Bu səfərbərlik bölgənin ən qısa müddətdə iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişafına təkan verəcək....(Musavat.com)

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin