İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulması


Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər uzun müddət erməni işğalında qalan ərazilərimizin azad olunmasını və regionda yeni reallığın yaranmasını şərtləndirməklə yanaşı, həm də yeni zərurətlər doğurub.

Təqribən 28 il davam etmiş erməni işğalı dönəmində həmin bölgələrimiz gerçək vəhşət və vandalizmə məruz qalıb. Bu illər ərzində ermənilər işğal etdikləri ərazilərimizdə ağlasığmaz vəhşiliklər törədərək, yaşayış məntəqələrimizi yer üzündən silmək, mədəni-dini və tarixi abidələrimizi dağıtmaq, evlərin materiallarını söküb daşımaq və başqa səpkili talançılıqla kifayətlənməyib eyni zamanda, ekologiyaya da böyük zərbə vurublar. Bunun nəticəsində meşə zolaqları məhv edilib, nadir və qiymətli ağaclar qırılaraq əvəzsiz tikinti materialı kimi satış məqsədilə xaricə çıxarılıb. O cümlədən, müxtəlif su hövzələri və işğaldan əvvəl yüksək məhsuldarlığı ilə seçilən münbit torpaq sahələri yararsız hala salınıb, ətraf mühitin təbii düzəni məqsədli şəkildə pozulub. Bütün bu vəhşilik erməni xislətinə xas olsa da, onların zəbt etdikləri bölgələrimizdə mümkün olan hər şeyi amansızlıqla talamalarının əsas bir səbəbi var: ermənilər bu əraziləri əllərində saxlaya bilməyəcəklərini, Azərbaycanın bu işğala gec-tez son qoyacağını anlayaraq, o naqis əməlləri törədiblər.

Ərazilərimizin işğaldan azad edilməsindən sonra qarşıya qoyulan ən ümdə vəzifə həmin bölgələrin bərpası, infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin əhalinin məskunlaşmasına hazır vəziyyətə gətirilməsidir. Çox əlamətdar haldır ki, Azərbaycan dövləti bu məsələni özünün əsas prioritetlərindən birinə çevirib və nəzərdə tutulan işlər planlı surətdə həyata keçirilməkdədir. O baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə 44 günlük müharibəni yekunlaşdıran 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından demək olar, həmən sonra başlanılması Azərbaycanda bu fəaliyyətə necə böyük əhəmiyyət verilməsinin bariz göstəricisidir.

“Müharibə cəmi iki ilədən artıqdır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri müharibətəndən dərhal sonra başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

Bu işin əhəmiyyəti həm də bütün dövlət qurumlarının vurğulanan çərçivədə koordinasiyalı fəaliyyət göstərməsi, ölkənin malik olduğu resursların həmin istiqamətdə səfərbər edilməsi, hazırlanan nəhəng layihələrin vaxtında və keyfiyyətlə icra edilməsi üçün zəruri maliyyənin ləngimədən ayrılmasından açıq görünür. Xatırlatmaq yerinə düşər ki, Qarabağda tikinti-quruculuq işlərinin aparılmasına 2021-ci ildə 2,2 milyard manat vəsait xərclənib. 2022-ci ilin dövlət büdcəsində həmin təyinat üzrə yenə də 2,2 milyard manat vəsait ayrılıb.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin miqyası həqiqətən də, böyükdür. Bu sırada indiki mərhələdə sözügedən bölgələrdə nəqliyyat-logistika layihələrinin reallaşdırılması xüsusi yer tutur. İnfrastrukturun yenidən qurulması çərçivəsində regionda bir neçə hava limanının inşasına yönəlik layihələrin sürətli icrası həqiqətən də, müsbət mənada təəccüb doğuran və qürurverici fəaliyyətdir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin