Şuşa uğurla dirçəlir

Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Xalqımız Şuşanın erməni faşizminin əsarətində olduğu illərdə şəhərin işğaldan xilas olunacağına və o günün tezliklə gələcəyinə, doğma Qarabağımızın incisinə qovuşacağına inanırdı. Bu inam və ümidi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaradırdı.

Ötən il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, Ali Baş Komandanımızın Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” –söyləməsi də bu qələbəyə yönələn ümid və əminliyimizi daha da artırırdı.

Nəhayət, o gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 8-də xalqımızı Şuşanın iş­ğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altın­da olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanın­da qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Bu tarix əbədi yaşaya­caq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısındakı çıxışında da bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı nitqində düşmənin müqəddəs şəhərimizi tapdaq altında saxladığı dövrdə hər il may ayında burada işğalı bayram etdiyini, Şuşa zəfərindən sonra isə bu torpağın öz sahibinə qovuşduğunu, yenə də Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsinə başlanıldığını, muğam oxunduğunu, Vaqif Poeziya Günlərinin reallaşdığını deyib: “Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu”.

Şuşa azad edildiyi ilk günlərdən burada geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abad­laşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehri­ban Əliyevanın noyabr ayının 7-də Şuşa şəhərinə səfəri zamanı bir daha öz təsdiqini tapdı.

Dövlətimizin başçısı və bi­rinci xanım əvvəlcə Füzuli rayo­nunda Zəfər yolunun açılışında iştirak ediblər. Daha sonra Daşaltı kəndində məscidin, Şuşa radio-televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyublar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə də tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa səfəri çərçivəsində əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Bu qələbə, uğur yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq zəfərin simvolu kimi dəyərləndirilib. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji im­kanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib.

Belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada ana­loqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik oldu­ğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi.

Şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən təmizlərkən, istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin baş­çısının daimi nəzarəti altında icra olunub.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magist­ral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq in­sanların rahatlığının təmin olunma­sına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət göstərir.

Düz bir il bundan öncə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində oldu­ğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutma­dıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özü­müz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman ordumuzun Vətən müharibəsində qazandığı qələbə Azərbaycan xalqının zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.

Erməni faşizmi işğal dövründə təkcə Qarabağın bu qala şəhərini deyil, bütün yaşayış sahələrini yerlə-yeksan edib. Maddi-mədəni nümunələrimizin izlərini silməyə cəhd göstərib. Yeraltı-yerüstü sərvətlərimizi talayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən bu barədə deyib: “Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apara­raq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq”.

Düşmənin bu vandallığı, barbar­lığı əvvəla bizə qarşı nifrətindən, kinindən irəli gəlib. Digər tərəfdən, bu ərazilərdəki şəhər və kəndlərin onun olmadığını yaxşı bilib. Sadəcə bu vəhşiliklə izimizi silməyə, tari­ximizi unutdurmağa çalışıb, lakin buna nail ola bilməyib.

Azərbaycan xalqı belə bir mənfur niyyətin gerçəkləşməsinə imkan vermədi. Prezident İlham Əliyevin sərkərdəliyi ilə Silahlı Qüvvələrimiz işğalçının niyyətini pozmaqla milli qürurumuzu, milli ləyaqətimizi bərpa etdi. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağımızı reallaş­dırdı.

İndi işğaldan azad edilən bütün ərazilərimizdə, eləcə də Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də Azərbaycan Prezidentinin qətiyyətli siyasətindən xəbər verir. Yağı tapdağından xilas olunan ərazilərimizdə işğal dövründə düşmən tərəfindən da­ğıdılmış dini-mənəvi abidələrimizin bərpa olunması, yaxud yenilərinin tikilməsi də bunun bariz ifadəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlinin qoyulması və hazırda şəhərdəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin ilkin layihəyə uyğun bərpa olunması dünyaya növbəti mesaj kimi dəyərləndirilməlidir: “Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq üçün müasir infrastruk­tur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallı­ğın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq”.

Xatırladaq ki, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Sa­atlı məscidləri ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri si­yahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Hər üç məscidin bərpa işləri “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Ha­zırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağı­dılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparıla­caq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 7-də Şuşa­da Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olmaları da dövlətimizin başçısının və birinci xanımın tarixi irsimizə necə məhəbbətlə, necə diqqətlə yanaşmalarından xəbər verir.

Burada bildirildi ki, işğal dövründə ermənilər Azərbaycanın bu ərazisində əsrlər boyu yaşayan böyük şəxsiyyətlərimizin tarixi irsini məhv etməyə çalışıblar. Şuşadan Azərbaycan izinin silinməsi üçün tarixi-mədəni abidələri dağıdaraq milli dəyərlərimizə ciddi ziyan vurublar. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub.

Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağın­tılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Buna uyğun olaraq ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.

Noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyası­nın təməlqoyma mərasimi də əlamətdar hadisə idi. Bu tədbirdə dövlətimizin başçısına və birinci xanıma Şuşa Radio-Televiziya Yayım Stansiyası barədə məlumat verilərək, bildirildi ki, sözügedən stansiya 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Belə ki, stansi­ya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qaldığından buradakı avadanlıqlar zədələnmişdi, texniki binada ciddi dağıntılar baş vermişdi. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.

Vətən müharibəsində əldə olun­muş qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televi­ziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Belə ki, stansiyadan yayımlanan 11 televiziya proqramı­nın Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayon­larında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllənin və texniki binanın inşası Azərbaycanın tele­kommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutudur.

İnşa olunacaq yeni qüllə daya­nıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmələri doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli səhiyyə xidmətini yaradılmasına xüsusi diqqət yetirilməsindən, xalqımızı möhtəşəm qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Cıdır düzündə ağac əkmələri isə ermənilərin ekoloji sistemə vurduq­ları ziyanın aradan qaldırılmasına xüsusi qayğı ilə yanaşılmasından xəbər verir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin