Qarabağ danışıqları - Bişkek, Lissabon, Paris, Moskva, Brüssel, Praqa... - YEVLAX

Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı antiterror tədbirləri separatçıların bu gün ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi.

 

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.



Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Qarabağla bağlı problemin başlaması ilə paralel olaraq start götürüb. İndiyədək haralarda görüş keçirilməyib... Bişkek, Lissabon, Paris, Ki-Uest, Madrid, Moskva, Brüssel, Praqa, Soçi şəhərləri... və nəhayət Yevlax...



1991-ci ilin sentyabrında Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin də iştirakı ilə imzalanan kommünike Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutsa da, bu, baş tutmadı.

 

Müharibəni dayandıran 12 may 1994-cü il tarixli Bişkek protokoluna - atəşkəs razılaşmasına qədər müxtəlif səviyyələrdə təmaslar davam etdirilsə də, hər hansı ciddi nəticə əldə olunmayıb. Atəşkəsdən sonra da ilkin dövrdə danışıqlar o qədər də nəzərəçarpan məzmun daşımayıb.

 

2001-ci ildə Azərbaycan və Ermənistan prezidentləri iki dəfə Parisdə (yanvar, mart), sonra Ki-Uestdə (ABŞ, aprel) və Soçidə (Rusiya, avqust) görüşüblər. O dövrdə paket, mərhələli və ümumi dövlət adlı layihələr müzakirə edilsə də, heç biri hər iki tərəfdən ümumi razılığa gətirib çıxarmayıb.

 

2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da danışıqlar prosesi davam edib. Praqa prosesi, Madrid və Kazan, Soçi, Həştərxan, Sankt-Peterburq görüşləri nəticəsiz qalıb. Təkcə 2009-cu ildə liderlər 6 dəfə, XİN başçıları isə 3 dəfə görüşüblər.

 

2013-cü ilin noyabrında Avstriyanın paytaxtı Vyanada ölkə başçıları arasında keçirilən görüşdə də bir sıra müzakirələr aparılıb. 2016-cı ildəki aprel döyüşlərindən sonra da proses davam edib. 2017-ci ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində daha bir görüş baş tutub.

 

 

 

2018-ci ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra da danışıqlar davam etdirilib. İki ölkənin xarici işlər nazirləri həmin il 11 iyulda Brüsseldə, 5 dekabrda Milanda, 2019-cu ilin yanvarında isə Parisdə görüşüblər.

 

Elə həmin ay Davosda Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüş keçirilib.

29 martda tərəflər Vyanada danışıqları davam etdiriblər. Apreldə isə XİN başçıları Rusiya tərəfinin də iştirakı ilə Moskvada bir araya gəliblər. 



2020-ci ilin yanvar ayının sonlarında Cenevrədə xarici işlər nazirləri arasında 7 saatlıq görüş olub.

 

2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən II Qarabağ müharibəsindən sonra da danışıqlar prosesi dayanmayıb. 2021-ci ilin yanvarında Rusiyada bu ölkənin prezidenti Vladimir Putinin də iştirakı ilə görüş keçirilib. Proses 2023-cü ilə kimi Brüssel formatında, o cümlədən Vaşinqton görüşləri çərçivəsində, habelə Moskva və Soçidə davam etdirilib.

 

Azərbaycan tərəfi Ermənistan rəsmiləri ilə görüşlərlə yanaşı, Qarabağın erməni icmasının nümayəndələri ilə də görüşlərə açıq olduğunu nümayiş etdirib. Martda Xocalıda belə bir görüş baş tutub. Sonradan rəsmi Bakı Bərdə, Yevlax kimi şəhərlərdə və paytaxt Bakıda da belə müzakirələrin keçirilməsini təklif edib, amma Qarabağ ermənilərinin nümayəndələri bundan imtina edib.

 

2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ separatçılarının qondarma "ordu"sunun buraxılması və tərksilah olunması ilə bağlı razılıq əldə olunub. Azərbaycan Respublikasının Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilib ki, sabah - 21 sentyabr tarixində Yevlaxda belə bir görüşün keçirilməsi razılaşdırılıb.

 

Şübhəsiz ki, bu, Azərbaycan liderinin, Azərbaycan ordusunun, Azərbaycan diplomatiyasının, Azərbaycan diasporunun, nəticə etibarilə Azərbaycanın qələbəsidir. Yevlax Moskvanın, Vaşinqtonun, Brüsselin, Parisin,  Lissabonun, Bişkekin və s. həll edə bilmədiyini birdəfəlik həll edəcək...

 

Modern Təhlil və Araşdırma Qrupu

Rəylər

Aşağıdakı məlumatları qeyd edin