BMT missiyası Qarabağa gəldi - Azərbaycanın əsas gözləntisi nədir?

“Bu həftə Azərbaycan üçün gərgin və çətin keçəcək”

Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Missiyanın gəlişi ilə bağlı aşağıdakı məsələlər bir daha gündəmə gəldi: 1. Azərbaycan şəffaflığı təmin etdi və bir daha xoş niyyətini, humanistliyini nümayiş etdirdi və göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur. 2. Azərbaycan erməniləri çıxartmır, onlara hər hansı təzyiq göstərilmir, onlar öz xoşları ilə gedirlər. 3. Onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. 4. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiq göstərib. BMT missiyasından Azərbaycanın əsas gözləntisi nədir?

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov ölkə rəhbərinin son çıxışından sitat gətirdi: “Azərbaycan tərəfinin razılığı ilə BMT missiyasının Qarabağa gəlməsi ilə beynəlxalq hüququn aliliyini və ümumbəşəri dəyərləri rəhbər tutmaqla Azərbaycan bir daha göstərdi ki, 30 il separatizm qarşısında susan, işğal və təcavüzlə bağlı Təhlükəsizlik Şurası qətnamələrini icra etməkdə aciz qalmış, qərarları yalnız Azərbaycanın özü tərəfindən hərbi-siyasi yolla təmin olunan BMT-nin Qarabağda müşahidələri obyektiv olacağı halda nəinki Bakını narahat etmir, əksinə, maraqlarımıza uyğundur. Eyni zamanda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında aciz qalacağı sual, gizlətmək istəyəcəyi məqam yoxdur. Əksinə, mülki insanlarla humanitar hüquq çərçivəsində ləyaqətli formada davranan Azərbaycanın təcrübəsinin öyrənilməsi və təşviq edilməsi üçün bu tip missiyalar vacibdir. Lakin bir şərt vacibdir ki, BMT-nin müşahidə missiyası da təmsil etdikləri ölkələrin maraqlarından yox, ilk növbədə təşkilatın məqsəd və prinsiplərindən çıxış etməlidir. Çünki Qərbin bir sıra subyektləri, xüsusən Almaniya və Fransanın simasında biz regionda cari situasiyadan faydalanmaq niyyətini müşahidə edirik. Üstəlik, əslində bu qlobal subyektlər üçün də erməni amili önəmli deyil, önəmli olan Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycana münasibətdə rıçaqlar əldə etməkdir. Bu mənada, əslində Ermənistan Azərbaycandan yox, erməniləri çirkin niyyətlər naminə istifadə etmək istəyən Almaniya, Fransa kimi subyektlərdən müdafiə olunmalıdır. Bizim ermənilərə münasibətdə mövqeyimiz aydındır. Möhtərəm Prezidentin sentyabrın 20-də xalqa müraciətində də ifadə etdiyi kimi, "Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq".

O cümlədən nə müharibə, nə antiterror tədbirləri zamanı, nə də əsas həssas məqam olan ermənilərin köçü prosesində Azərbaycanın hər hansı formada təzyiq və təşviqindən söhbət getməyib. Qarabağdan köçməkdə olan ermənilər özləri də həm Azərbaycanda, həm də Ermənistanda media qurumları ilə söhbətdə bir nəfər kimi heç bir təzyiqlə üzləşmədiklərini və Azərbaycanı könüllü tərk etdiklərini bəyan edirlər. Qarabağda yaşamaq, Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəməyən ermənilər isə ya Ermənistan tərəfindən 30 il ərzində Qarabağa Yaxın Şərqdən qanunsuz formada köçürülən miqrasiya cinayətinin ortaqlarıdır, ya da Ermənistanın nifrət və düşmənçilik təbliğatının əsirinə çevrilərək Azərbaycan bayrağı altında yaşamaq istəməyən ermənilərdir. Köçənlərin digər qismi isə Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejimin təzyiqləri ilə Qarabağdan çıxanlardır. Ermənistanda müxalif qüvvələr Qarabağdan köçənlərə Paşinyan iqtidarına qarşı istifadə etmək üçün, hökumət isə Azərbaycana “etnik təmizləmə” ittihamı irəli sürmək üçün potensial alət kimi baxır. Biz isə irəli baxırıq, Prezident İlham Əliyevin Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında da ifadə etdiyi kimi, ümidlə yanaşırıq ki, “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu həftənin Azərbaycan üçün çətin keçəcəyinin anonsunu verdi: “Tutduğumuz bu yol xaricdə Azərbaycan əleyhinə qərarlar verilməsi üçün çalışan gücləri pis vəziyyətə qoyub. Onlar tamam başqa bir ssenari üzrə hazırlıqlarını görmüşdülər. Yəni onların fikrincə, Azərbaycan Ordusu dərhal bütün gücü ilə Xankəndinə girəcəkdi, şəhərdə qondarma rejimin bütün strukturları dağıdılacaqdı, kütləvi həbslər baş verəcəkdi və ən nəhayət erməni əhalisi zor gücünə ərazilərdən çıxarılacaqdı, işgəncələr, ölümlər olacaqdı. Bunların heç biri onlar düşündükləri kimi olmadı. Əksinə, əhaliyə qalıb reinteqrasiya olmaq təklifləri, erməni icmasının nümayəndələri ilə mütəmadi danışıqlar prosesi xaricdəki bəzi dairələrin bütün planlarını pozub. Azərbaycan əleyhinə öncədən hazırladıqları ssenariləri dəyişmək imkanları belə yoxdur. O səbəbdən hələ də xaricdə Azərbaycanın Qarabağı blokadada saxlaması, humanitar fəlakət yaşatması, süni aclıq yaratması, Laçın dəhlizində tıxaclar yaradılması, insanların incidilməsi və s. bunun kimi öncədən hazırlanan tezislərlə çıxış etməyə məcburdurlar. BMT missiyasının oraya gəlməsi, onları məhz Azərbaycan tərəfinin müşayiət etməsi həqiqətləri ortalığa çıxarmaq üçün yaxşı bir şansdır. Doğrudur, onlar reallıqları rahatlıqla qəbul etməyə bilərlər. Amma həqiqətlərin qarşısında doğruları söyləməkdən başqa yol olmamalıdır. Bu həftə Azərbaycan üçün gərgin və çətin keçəcək. Belə ki, oktyabrın 5-də Qranadada Azərbaycan-Ermənistan-Avropa İttifaqı və Makron arasında görüş keçiriləcək. Görüş öncəsi Avropa Parlamentinin Azərbaycan əleyhinə sənəd qəbul etdirmək üçün layihə hazırlaması və həmin layihəni ayın 5-də, məhz Qranadada danışıqlar günündə Avropa parlamentində səsverməyə çıxardacağı Qarabağ probleminin həlli yolunda sülh müqaviləsi perspektivinə qarşı təxribatdan başqa bir şey deyil. O səbəbdən Azərbaycanın müvafiq strukturlarının nümayəndələrinin Qarabağda görüşlər keçirməsi, xüsusilə orada qalan erməni əhali ilə reinteqrasiya ilə bağlı maarifləndirmə işlərini aparması və bu istiqamətdə digər işlərin görülməsi çox vacibdir. Görülən işlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı da intensiv işlər görülməlidir. Hazırda əleyhimizə aparılan təbliğatlardan biri Laçın dəhlizi vasitəsilə 100 mindən artıq erməninin zorla çıxarılması, etnik təmizləmə ittihamıdır. Aydındır ki, gedənlərin bir hissəsi könüllü, bir hissəsi də separatçıların təhriki ilə gediblər. Amma əminəm ki, bunlar deyilən rəqəmin heç yarısı belə deyil. O səbəbdən əlimizdə olan real rəqəmlərin deyilməsi də vacibdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin