Qələbənin son akkordları – Xankəndidə ucalan bayraq və pəncərələri günəşə açılan “obkom” binası...

Dünyada baş verən bütün müharibələrdə oxşar mənzərələr çoxdur. Məğlubların məyusluğu, qaliblərin qüruru, hərbi və insanlığa qarşı cinayətdə ittiham olunanların cəzalandırılması, müvafiq sənədlərin imzalanması, nəhayət, qaliblərin öz dövlət bayraqlarını ucaltması...

Dünyanın ən böyük savaşlarından biri sayılan II Dünya müharibəsində də ən maraqlı məqamlardan biri 1945-ci ilin mayın 1-də Berlində, Reyxstaq üzərində SSRİ-nin bayrağının sancılması olub. Bu mərasim bütün müharibələrdə qələbənin ən böyük rəmzlərindən biri sayılır.

Oktyabrın 15-də Azərbaycan xalqı da belə bir mərasimi böyük qürur və sevinclə seyr etdi. Amma Xankəndidəki bayraq ucaltmaq mərasimi Berlində Rexstaq üzərinə bayraq sancılması mərasimindən fərqləndi. Belə ki, II Dünya müharibəsində alman faşizminə qarşı mübarizə aparan müttəfiqlər, SSRİ, ABŞ və Britaniyanın siyasi liderləri İosif Stalin, Harri Trumen və Uinston Çörçill qələbəni öz kabinetlərində qarşıladılar, Berlinə getməyi məqsədəuyğun saymadılar. Amma Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müəllifi olduğu qələbənin sonuncu tədbirini də özü icra etdi, Azərbaycanın Dövlət Bayrağını Xankəndinin meydanında ucaltdı.

BAYRAGİMİZ.jpg (231 KB)

Bütün savaşların oxşar mənzərələrindən biri də müharibə zamanı qənimətlərin əldə olunmasıdır. Müharibədə əldə olunan qənimətlər arasında yəqin ki, ən dəyərlisi hərbi texnika, silah və sursatdır. Çünki düşmənə öz silahı ilə zərbə endirmək istər fiziki, istərsə də mənəvi baxımdan daha sarsıdıcı olur. 44 günlük müharibədə Qarabağ cəbhələrində biz bir daha bunun şahidi olduq. İşğalçı Ermənistan ordusundan əldə etdiyimiz hərbi qənimətlər elə onların özlərinə yönəldi.

II Dünya müharibəsində müharibə coğrafiyasının daha böyük olması sayəsində qənimətlərin əldə edilməsi daha geniş miqyasda olub. Hətta qənimətlər hesabına SSRİ-də metallurgiya sahəsində böyük inkişaf müşahidə edilib. Statistik rəqəmlərə görə, sovet-alman müharibəsi zamanı SSRİ almanlardan 24 612 zirehli hərbi texnika, 30 min minamyot, 257 min pulemyot, 3 milyon avtomat və tüfəng, 114 milyon mərmi, 68 min müxtəlif təyinatlı silah, 2 milyard güllə, 50 min nasist komandirlərinin xidməti avtomobillərini götürüb.

Müharibə qənimətlərinin arasında ən maraqlısı isə məğlub tərəfin birinci şəxsinin şəxsi əşyaları olub ki, bu əşyalar sonralar hərraclarda yüksək məbləğlərə satılıb.

SİMENS .png (479 KB)

Adolf Hitlerin istifadə etdiyi qırmızı rəngli “Siemens W38” telefonu sovet əsgərlərinin əlinə keçib. Əsgərlər fürerin telefonunu dəyərləndirə bilməyiblər, onu Britaniya hərbçiləri ilə iki qutu konservə dəyişiblər. Telefona sahib olan britaniyalı zabit Ralf Reyner uzun illər onu evində saxlayıb. Sonralar Reynerin oğlu 2017-ci ildə fürerin telefonunu 243 min dollara satıb.

Hitlerin iş masası amerikalıların əlinə keçib. 2011-ci ildə həmin masa 442 min dollara satılıb. Fürerin qarajında olan 8 zirehli avtomobildən biri, zirehli “Mersedes” isə adı açıqlanmayan rus milyonçusu tərəfindən alınıb. Milyonçu bu avtomobilə 10 milyon dollar pul ödəyib.

Müharibədən sonra Hitlerin digər şəxsi əşyaları kimi, onun kabinetindəki böyük qlobusu da muzeylər, ayrı-ayrı kolleksionerlər üçün böyük maraq yaradıb, bu qlobusa kifayət qədər böyük pullar vermək istəyənlər də tapılıb. Amma müharibədən sonra fürerin qlobusu müəmmalı şəkildə yoxa çıxıb.

Almaniyanın bir neçə muzeyində sözügedən qlobuslara rast gəlmək olar. Amma mütəxəssilər onların heç də Hitlerin qlobusu olmadığını bildiriblər, tam əminliklə qeyd ediblər ki, muzeydə saxlanılan həmin qlobuslar digər nasist rəhbərlərinə məxsus olan qlobuslardır.

Nəhayət, Hitlerin qlobusundan 62 il sonra xəbər çıxıb. 2007-ci ildə 91 yaşlı erməni əsilli amerikalı Barsamyan San-Fransiskoda qlobusu hərraca çıxarıb. Mütəxəssislər qlobusun maksimum 15-20 min dollara satılacağını proqnozlaşdırsalar da, fürerin kürəsi 115 min dollara alınıb. Qlobusu San-Fransisko sakini, 78 yaşlı Robert Praytaykin alıb və o, bu qlobusa olan marağını belə izah edib:

“Mən bu qlobusu almaya bilməzdim. Dünyanın ən qəddar adamının baxdığı bu qlobus mənə çox maraqlı gəldi. Hitler məhz bu qlobusun qarşısında dayanaraq dünyaya necə sahib olacağını düşünüb...”

II Dünya müharibəsində ABŞ ordusunun sıravi əsgəri olan Barsamyan həmin qlobusu nasist Almaniyasının kapitulyasiyasından bir neçə gün sonra Hitlerin kabinetindən götürüb və qlobusu Amerikaya aparmağa nail olub. 62 il ərzində o, fürerin qlobusunu öz evində saxlayıb, bu haqda yaxınlarından başqa heç kimə məlumat verməyib. Bu, Barsamyanın söylədikləridir.

Kartoqrafiya üzrə tanınmış alman mütəxəssisi Volfram Pobants isə qeyd edib ki, hərracda satılan qlobus Hitlerə məxsus olan qlobus olmayıb. Belə ki, araşdırmaların nəticələrinə görə, fürerin qlobusunda güllə yeri olmalı idi.

Pobants qlobusun SSRİ-yə aparılması ehtimalını daha real sayıb. Daha sonra o qeyd edib ki, fürerə məxsus əsl qlobusun hansı olduğunu müəyyənləşdirmək üçün həmin qlobusu hazırlayan şirkətin arxiv sənədləri vacibdir. Belə ki, yalnız qlobusların nömrələrinə görə onu dəqiq müəyyənləşdirmək olar. Qlobusu hazırlayan “Columbus” şirkəti isə bombalanma nəticəsində yerlə-yeksan olub.

Bununla da fürerin əsl qlobusunun harada olduğu sual altında qalıb. Erməni Barsamyan isə milli xislətlərinə uyğun saxtakarlıq edərək həmin qlobusdan 115 min dollar qazanıb.

Qarabağ savaşı Xankəndinin erməni işğalçılarından təmizlənməsi ilə sona çatdı və Xankəndinin “obkom” binası kimi məşhur olan inzibati binası da separatçılardan xilas oldu. Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev qondarma “Artsax”ın qondarma “prezidenti”nin kabinetinə də nəzər saldı.

KENDİ 4.jpg (117 KB)

Sözsüz ki, Prezident üçün qanunsuz fəaliyyət göstərən “prezident”lərin şəxsi əşyaları maraqlı görünə bilməzdi.

İlham Əliyev sadəcə kabinetin pəncərəsini açaraq otağın havasını təmizləməklə kifayətləndi, bütöv Qarabağın havasını ermənilərdən təmizlədiyi kimi. Artıq bu pəncərələr günəşə və sülhə açılır...

İlham Cəmiloğlu,
Musavat.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin