Qərbin nigaranlığına səbəb olmuş siyasət - ŞƏRH

Etiraf olunmalıdır ki, təqribən son üç il ərzində ölkənin siyasi həyatı canlanıb. Unudulmuş və ölkənin siyasi leksikonunda arxaizmə çevrilmiş siyasi partiyalar indi nəinki dildən düşmür, onlar ölkənin siyasi həyatında fəal iştirak edirlər. Təsadüfi deyil ki, son üç ili xarakterizə edən əsas tendensiyalardan biri də ölkənin siyasi partiyalar sistemində aparılan davamlı islahatlar və iqtidarın mövcud istiqamətdəki təşəbbüsləridir.

Eyni zamanda, bütün məsuliyyətlə deyə bilərik ki, ölkənin demokratik ənənələrinin zənginləşdirilməsi məsələsində hakimiyyətin digər strateji əhəmiyyət kəsb edən təşəbbüsü məhz siyasi dialoq mühitinin təşviqi ilə bağlıdır. Siyasi dialoq bilavasitə demokratik münasibətlərinin ruhunu əks etdirən sosial-siyasi təzahürdür. Dialoq siyasəti əlçatan edir, düşmənçiliyi sağlam rəqabətə çevirir və dövlətin inkişafı naminə cəmiyyətdə olan bütün potensialı səfərbər edir. Siyasi dialoq mühiti eyni zamanda milli həmrəyliyin fundamental əsaslarından biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Qərbin nigaranlığına səbəb olmuş siyasət” sərlövhəli məqaləsində yer alıb.

Politoloq bildirib ki, qeyd olunanları nəzərə alaraq, hakimiyyətin siyasi dialoqla bağlı təşəbbüslərinə qarşı radikalların qərəzli, bəzən hətta şiddəti ifrat dərəcəsində olan tənqidlərinin səbəbləri aydındır. Bu cür xain təfəkkür sabitliyə və həmrəyliyə qarşı hər zaman çıxış edər, habelə müxalifətçiliyə dair öz inhisarçılığını itirməyi də istəməz.

Bəli, bu “paslanmış” və xain təfəkkür sahibi olan radikallarla bağlı hər şey aydındır, bunlar öz cəmiyyət və dövlətinə düşmən gözü ilə baxırlar. Bəs demokratik dəyərləri öz ekspansiya siyasətinin əsas alətinə çevirmiş Qərb nədən iqtidarın siyasi dialoqla bağlı bütün təşəbbüs və çağırışlarını görməzlikdən gəlir? Axı “demokratik münasibətlərin bərqərar olunması” ifadəsi Qərb geosiyasətinin strateji şüarıdır. Yoxsa ölkələrdə milli həmrəyliyin bərqərar olması və sabitliyin qorunması onların geosiyasi planlarına daxil deyil? Demokratiya nəzəriyyəsinin müəllifi iddiasında olan Qərb bilmir ki, siyasi dialoq mühiti bilavasitə demokratik münasibətlərin təzahürüdür və dialoq olmayan yerdə fərd öz vətəndaş əhəmiyyətini dərk edə bilməz? Əlbəttə ki, ritorik sualların siyahısı davam etdirilə bilər. Ancaq bilmək lazımdır ki, bu kimi sualların arxasında bizi düşündürən həqiqət gizlənib.

Vurğulanıb ki, bu kimi suallar həqiqəti çılpaq edir. Məhz bunları düşünəndə və qeyd olunan suallara cavablar axtaranda Qərbin “nigaranlığının” əsl səbəblərini başa düşürsən. Xarici qüvvələr öz geostrategiyalarını hədəf seçdikləri ölkənin daxili məsələlərinə müdaxilə etməklə həyata keçirirlər. Konkret ölkədə yaşanan sabitlik və milli həmrəylik mühiti bu qüvvələrin qarşısında “çin səddi” kimi dayanır.

Elə bu səbəbdən də uzun illər ərzində Qərb bütün postsovet məkanında, o cümlədən Azərbaycanda, iqtidar ilə müxalifət arasında vasitəçilik oyunu oynamağa çalışırdı. Qərbin əsl oyun və manipulyasiyaları öz vasitəçi statusunun əldə edəndən sonra başlayırdı. Qeyd olunan geostrateji fənn hakimiyyət və ölkəni asılılığa salan tələdir.

Odur ki, ölkədə bütün tərəflər arasında açıq və konstruktiv dialoq mühitinin bərqərar olunması xarici qüvvələrin vasitəçilik missiyasına ehtiyacı sıfırlamış olur. Qeyd olunan məsələ bəlkə də xarici qüvvələri ən çox narahat edən amildir. Diqqət yetirin, Qərbin mövcud istiqamətdəki “nigaranlığı” məhz 31 il öncə qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsindən sonra yarandı.

Qeyd edilir ki, ötən dövr ərzində ölkənin ictimai-siyasi həyatında, habelə beynəlxalq münasibətlər sistemində baş verən hadisələr keyfiyyət və mahiyyət dəyişikliklərinə səbəb olmuşdur. Ölkənin qarşısında duran yeni hədəflər siyasi sisteminin gücləndirilməsini tələb edir. Odur ki, siyasi partiyalar ilə əlaqədar baş verən müsbət dəyişiklər ölkənin siyasi sisteminin immunitetinin gücləndirilməsinə xidmət edir. Xarici təhdidlərin artması fonunda ölkənin siyasi sisteminin təhlükəsizliyinin təmin olunması artıq strateji vəzifədir. Siyasi partiyaların xarici qüvvələrin əlində bir alət kimi istifadə olunması qəbulolunmazdır. Təsadüfi deyil ki, siyasi partiyaları tədricən manipulyasiya aləti kimi itirən Qərb son dövrdə öz siyasi jonqlyorluğunu “siyasi məhbus” ifadəsi üzərindən aparır.

“Bir aksiom kimi qəbul olunmalıdır ki, siyasi sabitliyə aparan yol həm də siyasi münasibətlərin sağlamlaşdırılmasından keçir. Həmrəylik mühiti hər bir ölkənin strateji resursudur. Bütün vətənpərvər qüvvələr, o cümlədən siyasi partiyalar da qeyd olunan vəzifənin icraatında fəal iştirak etməlidir. Milli həmrəyliyin ideoloji leytmotivi olan Prezident İlham Əliyevin: “Biz birlikdə güclüyük” ifadəsi hər bir məsuliyyətli vətəndaşın siyasi təfəkkürünün əsasını təşkil etməlidir ki, ölkəmizə dost olmayan dövlətlərin “nigaranlığı” davamlı olsun”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin