Sülhün bir addımlığında: Ermənistanla Azərbaycan müqavilə imzalayacaq

Bir neçə gün əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü olub. Bu zaman Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Liderlər sülh gündəliyini müzakirə ediblər.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Bakı və İrəvanın sülh sazişini yekunlaşdırmağa hazır olduğunu bildirib.

 

Dünən də xarici işlər naziri Ceyhun Bayramov sülhün çox yaxın olduğu barədə mesajlar səsləndirib. Rusiya mətbuatında yayılan məlumatlara görə. sülh müqaviləsi gələn ilin əvvələrində imzalana bilər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, sülh müqaviləsi yaxınlaşır:

 

“Sülh anlaşması üçün  delimitasiya, demarkasiya məsələləri, bizim irəli sürdüyümüz 5 prinsipin yerinə yetirilməsi, kommunikasiyaların açılması öz əksini tapdıqdan sonra sülh müqaviləsinin imzalanması mümkündür. Düşünürəm ki, bu proseslərə də mane ola biləcək heç bir problem yoxdur”.

A.Nağıyev qeyri-formal görüşlərdə dövlət başçılarının bir sıra detalları müzakirə etdiyini bildirib:

 

“Cənab İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan ayaqüstü görüşdülər. Belə qeyri-formal görüşlərdə bir sıra detallar müzakirə edilə bilir. Bunun da ancaq müsbət nəticəsi ola bilər. Dövlət başçıları müəyyən detalları müzakirə edə, daha sonra məsələlərin rəsmiləşdirilməsi prosesi gedə bilər. Ancaq qeyri-formal görüşşdə hansısa məsələnin  yüz faiz həll olunması protokola uyğun olan məsələdir”.

 

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev isə vurğulayıb ki, Azərbaycan və Ermənistan əvvəlki illərlə müqayisədə sülhə daha da yaxınlaşıblar:

 

“Azərbaycan sülhə məcburetmə siyasəti yürüdür. Mərhələli şəkildə Ermənistanı da başa salır ki, sülhün alternativi yoxdur. Ermənistan revanşist fikirlərlə alışıb-yansada, reallıqları qəbul etməsədə, sülhün olması vacibdir. Regionda dayanıqlı, daimi sülhün olması bütün region dövlətləri üçün, o cümlədən Ermənistan üçün ən faydalı yoldur. Təəssüflər olsun ki, Ermənistanın havadarları, bəzi təxribatçı qüvvələr Ermənistanı tez-tez yolundan çıxarır. Şükürlər olsun ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra biz daha güllə səsi eşitmirik. Tək narahatverici məsələ mina terrorudur. Onu da biz həll edəcəyik. Ümumilikdə,əvvəlki illərlə müqayisədə sülhə daha çox yaxınlaşmışıq. Qarabağda yaşayan ermənilərlə əlaqədar problemi də biz özümüz həll etmişik. Ermənistan qeyri-qanuni silahlı birləşmələri Qarabağdan çıxara bilmirdi. Paşinyan bəlkə də, halkimiyyəti itirməkdən qorxurdu. Bu baxımdan Azərbaycan Ermənistanın bu öhdəliyini də özü həyata keçirdi. Birgəyaşayışla bağlı proqramı ortaya qoydu. Biz inanırıq ki, Ermənistan da birgəyaşayışla bağlı xüsusi proqram işləyəcək. Yaxın gələcəkdə Qarabağda yaşamaq istəyən ermənilər Azərbyacan vətəndaşlığını alacaqlar. Qərbi Azərbaycanlılar öz dədə-baba yurdlarına qayıdacaqlar. Ümid edirəm ki, Azərbaycanın son sülh müqaviləsi ilə bağlı mətni Ermənistana göndərməsi, Ermənistanın  da bunu cavablandırması çox uzun çəkməyəcək. Sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlərin  imzalanacaq sülh anlaşmasından çıxarılması prosesi daha real edir. Çünki sərhədlərin delimitasiya və demarkasiyası prosesləri daha uzun çəkən məsələdir. Sankt-Pterburqdakı sonuncu təmaslardan da belə bir qərara gəlmək olar ki, sülh anlaşmasının böyük hissəsi razılaşdırılıb. Orada  təbii ki, təzadlı məqamlar da var. Bu da müəyyən dərəcədə zaman alacaq".

Deputat gələn ilin ilk 6 ayı ərzində sülhün imzalanacağını düşünür:

 

"Ancaq 2024-cü ilin ilk üç, yaxud 6 ayı ərzində sülh müqaviləsi imzalana bilər. Ermənistan iradə ortaya qoya bilsə, sülh müqaviləsinin elə ilk üç ayda imzalanması mümkündür. Xüsusilə də ikili təmasın olması, moderatorların,üçüncü tərəflərin iştirakı olmadan da  anlaşmanın mümkünlüyünü göstərir. Sülh müqaviləsi imzalamaqla iş bitmir. Həqiqətən də, tərəflər, xüsusilə də Ermənistan mənfi fikirlərdən əl çəkməlidir. Yalnız sənədə arxalanıb, biz artıq barışdıq demək olmaz. Sözün əsl mənasında xüsusi proqram icra olunmalıdır. Bunu isə Ermənistandan görməmişik. Yalnız açıqlamalarla, müsbət fikirlərlə sülh olası deyil. İnanıram ki, Ermənistan özündə cəsarət tapacaq və öz müstəqilliyini qoruyub saxlamaq məsələsi prizmasından məsələyə yanaşıb, sülh müqaviləsini imzalayacaq".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin