“Eşidən eşitsin ki...” - Dövlət başçısının müsahibəsindəki mesajlar və nəticələr...

Prezidentin 2 saat 31 dəqiqədə elan etdiyi yeni dövr

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. 2 saat 31 dəqiqə davam edən və 20-yə yaxın istiqaməti əhatə eləyən müsahibədə Prezident İlham Əliyev öncə bildirib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. 

“Çünki  müstəqillik tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”, - deyə dövlət başçısı vurğulayıb. 

İlham Əliyev 7 fevrala növbədənkənar prezident seçkisinin təyin edilməsinin səbəblərini də açıqlayıb: “Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkisi də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir.

Prezidentin yerli telekanallara müsahibəsinin TAM MƏTNİ

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkisi birinci seçki olmalıdır.

Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkisinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkisi bu yeni dövrə də xeyir-dua verəcəkdir".

Prezident qeyd edib ki, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi: “Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.

Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi... Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir".

Prezident həmçinin deyib ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Ona görə biz heç vaxt sakitləşməməliyik: “İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.

Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilərE

Bəli, yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq.

Prezident yerli televiziya kanallarına müsahibə verdi - FOTOLAR -  GlobalInfo.az

Bilirsiniz, bizim tarixi Qələbəmiz o qədər parlaq idi və cəmi bir neçə saat ərzində davam edən əməliyyat nəticəsində suverenliyimiz bütün ərazidə bərpa olunanda bunu bəziləri belə qavraya da bilmədilər. O qədər tez bir zamanda başladı və sona çatdı və eyni zamanda bu parlaq Qələbə fonunda bax, dediyiniz o personajların da tutulması bir qədər kölgədə qaldı. Halbuki bu, özlüyündə böyük bir tarixi hadisədir. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər". 

Prezidentin müsahibəsində dedikləri ictimaiyyətdə maraqla qarşılanıb. 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin 3 saata yaxın müsahibəsini dinlədikdə dövlət başçısının öz xalqı ilə necə səmimi olduğunun növbəti dəfə şahidi olduq: "İlham Əliyev gücü xalqdan aldığı üçün xalqına inanır və xalqla açıq, səmimi danışır. 3 saata yaxın müsahibədə dedikləri bir daha bunu göstərməklə yanaşı, həm də Azərbaycan dövlətinin, xalqının necə nəhəng qələbələrə nail olduğunun, bu qələbələrə gətirən proseslərin xəritəsi idi. Böyük mübarizə, qətiyyət, Prezident-xalq birliyi Azərbaycanı bütün bu ağır, gərgin proseslərdən qalib çıxarıb. 

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri də açıqladı. Prezident İlham Əliyev bunun, ilk növbədə, ötən ilin sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirdi. O qeyd etdi ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir. Dövlətimizin başçısı digər səbəbi isə bu cür izah etdi: Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Prezident yeni dövrün başlandığını elan etmiş oldu.

Həm indiyə qədər keçilən yola, proseslərə işıq salındı, qiymət verildi, onun səbəbləri, nəticələri ən önəmli olan gələcəyə yönəlik fikirlər səsləndirildi. 

Prezidentin Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı dövrü ilə bağlı olan məsələlərə gəlincə, burada Ermənistan dövlətinə, hakimiyyətinə çox ciddi mesajlar var idi. Xəbərdarlıq kimi də dəyərlənidirilə bilən mesajlarda Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməyəcəyi halda dalan ölkə olaraq qalacağı və daha da böyük çətinliklərlə qarşılaşacağı açıq ifadə olundu. Eyni zamanda Ermənistana və havadarlarına xəbərdarlıq edildi ki, bizə qarşı təhlükə yaradacaq istənilən mənbəyi harada yerləşməsindən asılı olmayaraq məhv edəcəyik. Yəni sabah Ermənistanın hər hansı nöqtəsindən Azərbaycana qarşı təhdid, təhlükə olacaqsa, həmin nöqtə vurulacaq. 

Dövlət başçısı bəzi xarici qüvvələrin Qarabağ məsələsini Azərbaycana, bölgəyə təsir rıçağı kimi bundan sonra da istifadə etmək planlarını pozduğumuzu da bəyan eləmiş oldu. İndi həmin güclər başqa vasitələrlə, Ermənistanı silahlandırıb qızışdırmaqla öz istəklərinə nail olmaq istəyirlər. Prezident İlham Əliyev buna görə də Ermənistan dövlətinə xəbərdarlığını bəribaşdan göndərmiş oldu. Bəyan edildi ki, Azərbaycana təhdid olacaq istənilən nöqtə susdurulacaq". 

Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin vasitəçilər olmadan reallaşdırılmasının ən doğru variant olduğunu və bu məsələdə ölkəmizin konkret mövqeyini bildirdi. Onu da qeyd etdi ki, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Bu isə arzuedilmızdir. 

Prezident Ermənistan-Azərbaycan münasibətlərinin geosiyasi mövzuya çevrilməsini istəmədiyini də dedi və fikrini isə belə əsaslandırdı ki, bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin