Bu, bir ictimai müzakirə mövzusu olmalıdır...

Demokratik təfəkkür və dəyərlər sisteminin şüarı ola biləcək bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Dövlət başçısı konkret bir məsələ ilə bağlı cəmiyyəti növbəti dəfə açıq ictimai müzakirələrə dəvət etdi. Təfərrüatlara yox, məhz hadisələrin mahiyyətinə diqqət yetirən və adekvat qiymət verməyi bacaran hər bir məsuliyyətli vətəndaş Prezident İlham Əliyevin elə təkcə bu müraciət xarakterli fikirlərini ölkənin ictimai-siyasi həyatında baş vermiş möhtəşəm hadisə kimi dəyərləndirəcək.

Bu fikirlər politoloq A.Adilin Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı qələmə aldığı məqalədə yer alıb. 

Mülahizələrimizin adekvatlığı və konteksti qorumaq üçün sitatı tam göstərək: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”. Bu beş cümlədə, sözün əsl mənasında, düşünmək və şaxəli fəaliyyət üçün dərya boyda fikirlər gizlənir.

Sosial şəbəkələrdə oturub ictimai qeybətlərin “son trendlərini” izləmək əvəzinə Prezident İlham Əliyevin sözügedən çağırışına adekvat olan fundamental işlərin hazırlanması və bununla da böyük Azərbaycan xalqının elmi-ictimai fikrinin zənginləşdirilməsi zamanı deyilmi? Tarixi Zəfər, cəmiyyətdə yaşanan Qələbə ruhu, ölkəmizin heç zaman olmadığı qədər güclü olması, Prezidentin cəmiyyətin inkişafına dair bu cür açıq müraciəti, əldə olunmuş uğurların qorunmasına dair obyektiv zərurət – daha nələr olmalıdır ki, dövlət başçısı bəhs etdiyi və xalqımızın ictimai-elmi təfəkküründə əbədi həkk olunacaq ideoloji fikirlərinin formalaşmasına xidmət edən fundamental xarakterli əsərlər yazılsın?

İlk növbədə, nəzərə almalıyıq ki, bilavasitə dövlət başçısı tərəfindən bu cür müsahibələrin verilməsi təcrübəsi özlüyündə demokratik münasibətlərə sadiqliyin əlamətidir. Bu, təkcə önəmli mesajların verilməsi vasitəsi deyil, açıq müsahibələr, eyni zamanda, idarəçilikdə hesabatlılıq prinsipinin təzahürüdür. Odur ki, Prezident İlham Əliyevin 10 yanvar tarixli müsahibəsi ölkənin siyasi həyatında, sözün əsl mənasında, mühüm hadisədir. Çəkinmədən deyə bilərik ki, fasiləsiz informasiya axınının təsiri altında bu müsahibənin unudulması və müsahibə zamanı səsləndirilmiş fikirlərin bir müddət sonra tədqiqat predmetinə çevrilməməsi sadəcə qəbahət kimi qiymətləndirilə bilər.

Əsas məsələyə keçməzdən öncə cəmi bir neçə cümlə ilə yuxarıda göstərilən sitatda əksini tapmış bəzi prinsipial məqamları qeyd edək. “... bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi...” – bununla da əslində Prezident “milli birlik” məfhumunu dövlət və cəmiyyətin sabit inkişafını şərtləndirən əsas amil kimi müəyyən etmiş olur.

Prezident İlham Əliyevin mövcud kontekst çərçivəsində “... gələcək inkişafla bağlı əlbəttə ki, mənim fikirlərim var” sözləri bilavasitə şəxsi məsuliyyət hissinin təzahürüdür. Siyasi məsuliyyət hissi rəhbəri peşəkar edir və verilmiş bütün vədlərə hər zaman sadiq qalacağının dəlalətidir. Razılaşın ki, qeyd olunan meyarlar Prezident İlham Əliyevin siyasətini xarakterizə edən əsas göstəricilərdəndir. Tam əksinə olaraq, ötən illərin təcrübəsini nəzərə alaraq deyə bilərik ki, bizim bəla siyasətşivənlərimiz isə məsuliyyət hissindən tamamilə məhrumdurlar. Məsuliyyət hissi olmayan yerdə isə heç bir inkişaf və etibardan söhbət belə gedə bilməz. Yeri gəlmişkən, qeyd edə bilərik ki, “məsuliyyətsizlik” bilavasitə radikal düşüncənin əlamətidir.

Konteksti inkişaf etdirərək sözügedən sitatda xüsusilə önəmli hesab oluna biləcək digər sözlərə də diqqət yetirək: “... diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır”. İlk növbədə, bu sözlərdə biz yenə də dialoqa, habelə açıq və peşəkar müzakirələrə çağırışı görürük. Bununla da Prezident İlham Əliyev növbəti dəfə əməkdaşlıq əlini cəmiyyətə uzadır. Bu cür yanaşma Azərbaycanda reallaşan dövlət siyasətinin fəlsəfəsinin əsas paradiqmalarından biridir. Təsadüfi deyil ki, dialoqu inkar edən radikal təfəkkürə Azərbaycan siyasətində yer yoxdur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin dövlət siyasətinin strategiyasını təhlil edən zaman biz aydın şəkildə görə bilirik ki, düzgün prioritetlərin müəyyən olunması məsələsi Prezidentin ən güclü tərəflərindən biridir. Hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə, verilən strateji qərarlar, aparılan islahatların ardıcıllığı və bir çox digər amillər qeyd olunan mülahizəni təsdiq edirlər.

Əlbəttə ki, Azərbaycanın artan gücü bəzi ölkələri narahat edir. Bu fakt bir siyasi aksiom kimi qəbul olunmalıdır. Biz güclüyük ki, kimlərinsə narahatçılığına səbəb oluruq. Bəli, Azərbaycan ictimaiyyəti və ilk növbədə ekspertlər Prezident İlham Əliyevin açıq müzakirələrə etdiyi dəvəti qəbul etməli və öz potensiallarını cəmiyyətimizin inkişafı naminə əsirgəməməlidir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin