Üzərimizə ASALA və VOMA terrorçuları gələrsə...

Revanşistlər bu dəfə Ermənistanın dövlət kimi məhvini istəyirlər 

Ermənistanda “proksi qüvvələrin” - ASALA və digər terror təşkilatlarının Azərbaycana qarşı müharibəyə cəlb edilməsi təklifləri irəli sürülüb. Erməni politoloq Ara Poqosyan Ermənistanın qarşısında iki yolun olduğunu deyib.

Onun sözlərinə görə, bunlardan biri Paşinyan hakimiyyətinin yolu ilə getməkdir: “Bu yol Ermənistanın strateji ərazilərinin itirilməsi ilə nəticələnəcək. İnsanların çoxu ölkəni tərk edəcək, çünki onlar belə alçaldıcı vəziyyəti qəbul etməyəcəklər. Lakin bütün bunlar tədricən baş verəcək və ölkədə qalanlar vəziyyətə uyğunlaşacaqlar”.

Erməni politoloq ikinci yolun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olduğunu deyib.

“Peşəkar siyasi komanda hakimiyyətə gəlməlidir. Onların vəzifəsi beynəlxalq zəmanətlərlə danışıqları dayandırmaq, yaxud ən azı müvəqqəti fasiləyə nail olmaqdır. Buna paralel olaraq, cəmiyyəti "təhlükəsizlik prinsipi" ətrafında birləşdirməli, müttəfiqlər dairəsi formalaşdırmalı, fəal xarici siyasət doktrinası hazırlamalıdır.

Strateji silahlar əldə edilməlidir. Coğrafi imkanlardan istifadə edərək, müdafiə rayonları formalaşdırılmalıdır. Üç mərhələdən ibarət səfərbərlik sistemi yaradılmalıdır. Proksi qüvvələrin təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilməsi təmin edilməlidir", - Ara Poqosyan deyib.

Bəllidir ki, Poqosyanın təklifləri bölgədəki reallıqları dəyişdirmək, Ermənistanı Azərbaycanla müharibəyə hazırlamaq və yenidən işğal siyasətini həyata keçirməkdir. Onun təkliflərində əsas diqqətçəkən məqam “proksi qüvvələr” detalıdır. Ermənistanın “təhlükəsizliyinə” cəlb edilə biləcək “proksi qüvvələr” isə ASALA və onun nəzdində fəaliyyət göstərən digər terror qrupları (VOMA və s.) ola bilər.

Azər Badamov: "Onların çıxışını təmin etmək üçün dəhliz də açılır"

Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a bu mövzu ətrafında danışarkən bildirdi ki, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşı ədalətli davranmağa davam edir: “Ermənistanda siyasi qüvvələr arasında baş verən fikir ayrılıqları təbii qarşılanmalıdır. Çünki hər bir siyasi qüvvənin məqsədi mövcud rejimi yıxmaq və onun yerinə iqtidara gəlməkdir. Bu baxımdan, politoloq Ara Poqosyanın özünü ağıllı kimi göstərməsi başa düşüləndir. Dövlət rəhbəri zəif və qərar qəbul edə bilməyən olanda kənardan ağıl verənlər də çoxalır. Ermənistandakı bugünkü vəziyyət eyni ssenaridir. Çünki Paşinyan öz sözünün sahibi deyil. Gündə bir fikir gündəmə gətirir və bir həftə keçəndən sonra yeni fikir axtarışında olur. Bu da ilk  növbədə erməni cəmiyyətində çaşqınlıq yaradır. 

Paşinyan kimi qeyri-sabit düşüncəli şəxslə müqavilə imzalamaq da o qədər arxayınlıq yaratmamalıdır. Biz bunu yüksək səviyyədə keçirilmiş danışıqlarda və razılaşmalarda müşahidə edirik. Paşinyanda bir ciddiliyi görməyən politoloqlar da hökumət başçısından özünü ağıllı aparır və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün qarşısındakı yolları açıqlayır. Ermənistan döyüş meydanında məğlub olmuş tərəfdir. Ona görə də onun hər hansı bir şərtlə Azərbaycanla diktə dilində danışmağa ən azından mənəvi haqqı çatmır. Azərbaycan qalib tərəf olmasına baxmayaraq mövqeyi ədalətlidir. Belə ki, Ermənistanın suverenliyini tanıyır və ədalətli variantla sülh müqaviləsini imzalamağı təklif edir. Poqosyanın təklif etdiyi proksi qüvvələrin zamanı keçib. Onlar hətta VOBLA və ya ASALA-nı hərəkətə gətirsə belə, onların fəaliyyəti ancaq Ermənistan daxilində ola bilər. Amma biz Ermənistan ərazisindən ölkəmizə hər hansı bir təhlükə müşahidə etsək dərhal məhv ediləcək. Azərbaycanın mövqeyi qətidir və Ermənistandakı vəziyyəti müşahidə etmək imkanları genişdir. Çox təəssüf ki, Ermənistanda hakimiyyətə gəlmək üçün Paşinyana qarşı Azərbaycanla yenidən müharibə mövzusundan istifadə olunur. Bu mövzu nə Ermənistana, nə də erməni xalqına xeyir gətirməyəcək. Çünki onların Azərbaycanla yenidən müharibə etmək imkanları yaxın on illərdə heç cürə mümkün deyil. Bu, sadəcə, regiona sülhün və sabitliyin gəlməsini şübhə altına salır. Yaxşı olardı ki, Ermənistan müxalifəti hakimiyyət uğrunda siyasi mübarizəni aparmaq üçün başqa mövzular tapsın".

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov belə politoloqların bu cür fikirlərinin heç də erməni cəmiyyətinin mövqeyini ifadə etmədiyini qeyd etdi: “Ermənistanda siyasi durumun sabit olmaması hər kəsə məlumdur. O da məlumdur ki, bəzi xarici güclərin dəstəyi və təhriki ilə revanşistlər yenidən bölgəni qan gölünə çevirməyə çalışır. Lakin onların erməni ictimai fikrində və cəmiyyətində güclü tərəfdarları yoxdur. Erməni ictimaiyyətinin gec və ləng də olsa Azərbaycana qarşı hər hansı müharibə cəhdi Ermənistanı dövlət olaraq böyük faciə və fəlakətlərə gətirib çıxarardı. Ermənistanın himayədarı və qəyyumu olan Rusiya və İran da regionda müharibə vəziyyəti istəməzlər. Onların strateji və taktiki planlarında Ermənistan-Azərbaycan münaqişəsi yoxdur. Ara Poqosyan kimi "politoloq"ların sərsəmləməsi heç də bütün cəmiyyətin, yaxud böyük bir kəsimin fikrini ifadə etmir. Bu kimi “politoloq”ların səsləndirdiyi fikirlər, məncə, avantürizm və diqqət çəkmək cəhdindən başqa bir şey deyil. Doğrudur, ASALA, Nemezis və bu kimi terror təşkilatları zaman-zaman türklərə və azərbaycanlılara qarşı qanlı terror aktları həyata keçirərək yüzlərlə məsum insanın həyatına son qoyublar. 1992-ci ildə Bakı Metropolitenində, Neft Akademiyasında törədilən terrorlar erməni terrorunun qəddarlığının və vəhşiliyinin bariz nümunələrindəndir. Amma bütün bunlar arxada qalıb. Hesab edirəm ki, Azərbaycan dövləti və onun təhlükəsizlik qüvvələri etibarlı əllərdə və gücdədir. Hər bir təhdid və təhlükələri yüksək peşəkarlıqla aradan qaldırmaq iqtidarındadır. Ötən ilin 19-20 sentyabrında qısa antiterror əməliyyatı təkcə ermənilərə deyil, onların havadarlarına, ümumilikdə isə dünyaya mesaj verdi ki, heç kim xam xəyallara düşməsin. Paşinyanın hakimiyyətindən də əvvəl ermənilər öz ölkələrini kütləvi şəkildə tərk edirdilər. Bu köçün Paşinyanla əlaqəsindən çox ermənilərin işğalçılıq və nifrətə köklənən xarakterlərindən irəli gəlir. Proksi qüvvələrə bel bağlamaq və bunu böhrandan çıxış yolu kimi göstərmək ağılsızlıqdır. Ermənistanın xilası proksi, yəni kənar, xarici qüvvələrin, ASALA, VOMA terror təşkilatlarında deyil, region gücləri ilə, xüsusən də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Ara Poqosyan kimi düşünən politoloqların, siyasətçilərin fəaliyyətidir ki, Ermənistan uçurumun bir addımlığındadır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin