Kreml İrəvanı qarışdıra bilər: gərginlik pik həddə - Bakıya bundan nə fayda...

Ermənistan Rusiyaya rəsmən strateji müharibə elan etdi; politoloqların fikrincə, Qriqoryanın açıqlaması və Kremlin reaksiyası münasibətləri daha da kəskinləşdirəcək - Azərbaycana geniş manevr imkanları yaranır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı faktiki olaraq “düşmən” elan edib. O, Ermənistan İctimai Televiziyasının efirində danışarkən deyib ki, Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə, ittifaq dövlətinə daxil olmağa məcbur edir.

Sitat: “Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə bildirir ki, ölkənin strateji müttəfiqi Rusiyanın rəsmi İrəvanı öz ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir”. Onun iddiasına görə, Azərbaycana dəhliz verilməsi məsələsində rəsmi İrəvana ciddi təzyiqlər göstərilir. Qriqoryan hətta belə bir iddia da səsləndirib ki, Laçın dəhlizinin bağlanması da bu siyasətin tərkib hissədir: “Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqində Azərbaycana dəstək kontekstində, belə demək mümkünsə, geniş məsələdir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, sentyabrın 13-də eskalasiya da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”.

Beləliklə, Qriqoryan Rusiyanı Ermənistana qarşı planlarda ittiham edib. Düzdür, onun Laçın yolundakı aksiya ilə bağlı dedikləri cəfəngiyyat hesab olunmalıdır. Çünki burada söhbət Ermənistanın və Qarabağdakı qanunsuz silahlı ermənilərin Azərbaycanın faydalı yataqlarını istismarını dayandırmasından gedir. Bunun Rusiyanın maraqlarına nə dərəcədə uyğun olması başqa məsələdir. Faktiki olaraq Ermənistanın üst düzey adalarından birinin Rusiyanı “erməni düşməni” elan etməsi sadə məsələ deyil. Güman etmək olar ki, Ermənistan Qərbin boyunduğuna keçmək kursu götürür və bununla Rusiyaya təzyiq göstərməyə çalışırlar. Ancaq unudurlar ki, Kreml bir saatın içərisində İrəvanı qarışdıra bilər. Deyəsən, proseslər elə buna doğru da gedir.

Armen Qriqoryan Ermənistanın Azərbaycana 6 bəndlik təklifindən danışdı -  05.05.2022, Sputnik Azərbaycan

Başqa bir versiya isə odur ki, Qriqoryan bunu məhz elə Kremldən gələn təlimat əsasında, bir oyun oynayaraq, rəyi başqa yönə istiqamətləndirmək üçün edir... Hər halda, mürəkkəb bir situasiya yaranıb və Kreml Qriqoryanın bu açıqlamalarını təxribat olaraq qiymətləndirir. Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edib: “Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”.

Bəs azərbaycanlı politoloqlar Ermənistan-Rusiya münasibətlərində yaranmış bu gərginliyi necə qiymətləndirir? Bu iz azdırmaq üçün görüntüdür, yoxsa Ermənistan Rusiyadan tam qopmaq üçün çalışır? Rusiyanın gerçəkdənmi Ermənistanla bağlı belə siyasəti var? Bu, Azərbaycanın uğuru sayıla bilərmi?

“Ermənistanla Rusiya arasında strateji problemlər var”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev deyib. “Ermənistan elə bilirdi ki, Rusiya onun işğalçı siyasətini dəstəkləyəcək. Ermənistan rəhbərliyi elə fon yaradırdı ki, guya Rusiyadan asılı deyil. Belə demək mümkünsə, Ermənistan iki stulda oturmağa çalışırdı”, - Şəfiyev bildirib. O, Tovuz döyüşlərini Ermənistanın başlatdığını xatırladıb: “Ermənistanın baş naziri Nikol Paşinyan həmin hadisələrin nəticəsində qələbə qazandıqlarını demişdi. Rusiya isə bu hadisələri pisləmişdi. Ermənistanla Rusiya arasında fundamental fikir ayrılıqları davam edəcək”.

Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik"  - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirir ki, Qriqoryanın sözlərinə görə, bu gün Laçın yolunda baş verənlər guya İrəvanın Kremlin iki tələbini yerinə yetirməməsi ilə bağlıdır: “Qriqoryan sentyabr ayında Azərbaycanla Ermənistan təmas xəttindəki döyüşləri də Kremlin tələblərinin yerinə yetirilməməsi ilə izah edib. Armen Qriqoryanın müsahibədəki sonuncu cümləsi də Kremlə atmacadır: ”Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib". Qriqoryan bu cümləsi ilə demək istəyib ki, Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar; İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb.

Armen Qriqoryanın bu müsahibəsi Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib. Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu". Politoloqun fikrincə, əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək: “Digər tərəfdən, bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diqtə etmək üçün geniş manevr imkanları yaradır”.

Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova Rusiyadan Paşinyan administrasiyasına təzyiqlərin güclənəcəyini güman edir. Onun fikrincə, Moskva Ermənistanla Paşinyan hökumətini bir-birindən ayırır: “Rusiya üçün itirmək istəmədiyi Ermənistan və ermənilər var, amma ona mane olan Paşinyan hakimiyyətidir. Kreml 4 ildir ki, Ermənistanı arzuladığı kimi görə bilmir. Onlar Ermənistanı sözəbaxan, vassal kimi görməyə öyrəşiblər. İndisə Paşinyanın çiyinləri üstündə Ermənistan strateji seçimini dəyişmək istəyir, yeni qucaq axtarışındadır. Rusiya bunu xəyanət hesab edir. O, Gürcüstan və Ukrayna kimi Ermənistana da cəza vermək fikrindədir. Üstəlik, Ermənistana daha çox təzyiq imkanları var”.

Siyasi şərhçinin fikrincə, Qriqoryan açıq şəkildə Rusiyanı ittiham edib və bu da münasibətləri qəlizləşdirəcək: “Amma Paşinyan hiyləgərdir, onun sözünə düzəliş edəcək, Putinə yaltaqlanacaq. Faktiki olaraq, son il yarımda Paşinyan özünü elə göstərir ki, Putinin sözünü eşidir. Qriqoryanın açıqlaması həm də Qərbə mesajdır. Yəni Rusiya bizə qarşı bu addımları atır, Avropaya yaxınlaşmaq üçün daha böyük dəstək verin. Əgər bu xətt yüksəlişlə davam edərsə, Moskva İrəvanı sıxma-boğma edəcək. Hətta Vardanyan projesinin icrası sürətlənəcək. Sadəcə, Rusiyanın başı Ukraynaya möhkəm qarışıb, Paşinyan bunu fürsət bilir. Əgər Ukrayna münaqişəsi illərlə davam edərsə, Rusiya zəifləyərsə, o zaman postsovet məkanında Kremlin orbitindən qopma güclənəcək. Paşinyan və onu dəstəkləyən ABŞ-ın İrəvandakı böyük diplomatik korpusu da buna ümid edir. Hər halda, Cənubi Qafqazda Gürcüstanla yanaşı Ermənistan da strateji seçimini etmək üzrədir. Rusiya arxa bağçası hesab etdiyi bölgəni əldən vermək niyyətində görünmür. Ona görə getdikcə hikkəsi artır, qəzəblənir... Bizi bölgədə daha ciddi kataklizmlər gözləyir. Azərbaycan isə Ermənistana təzyiqləri öz xeyrinə istifaadə edə bilər. Rusiyadan üçtərəfli sənədin yerinə yetirilməyən müddəaları ilə bağlı tələbləri sərtləşdirə bilərik ki, İrəvanı sıxışdırsın. İndi Moskvanın bizə və Türkiyəyə ciddi şəkildə ehtiyacı var”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin