Paşinyanın təkliflərinin pərdəarxası məqamları: Ermənistan sülhü gecikdirir

Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Gününə həsr olunmuş çıxışında bir sıra təkliflər səsləndirib. O, bundan əvvəl təklif etdiyi silahlara qarşılıqlı nəzarət mexanizminin tətbiq edilməsini yenidən dilə gətirib. Paşinyanın yeni təklifi isə müzakirələrə səbəb olub.

 

"Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub", - o deyib və əlavə edib ki, Ermənistan sülh gündəliyinə sadiqdir.

 

Qeyd edək ki, silahlara qarşılıqlı nəzarət adətən münaqiqşələrdən sonra sabitliyi gücləndirmək üçün tətbiq edilən mexanizmdir. Tərəflər etimadı artırmaq məqsədi ilə öz hərbi imkanlarını məhdudlaşdırmaq və ya tənzimləmək barədə razılığa gəlir. Silahlara qarşılıqlı nəzarət sazişləri müxtəlif formalarda - müqavilələr, paktlar və ya qeyri-rəsmi anlaşmalar formasında ola bilər. Bu müqavilələr silahların sayına, yerləşdirilmə yerlərinə və ya müəyyən növ hərbi texnologiyalara məhdudiyyətlər qoya bilər. Tarixən silahlara qarşılıqlı nəzarət beynəlxalq münasibətlərin mühüm aspekti olub. Məsələn, 1970-ci illərdə ABŞ və Sovet İttifaqı arasında Strateji Silahların Məhdudlaşdırılması Danışıqları (SALT) iki supergüc arasında nüvə silahı yarışını cilovlamaq məqsədi daşıyırdı.

 

Hücum etməmək haqqında sazişində isə adətən tərəflər sülhə qədər bir-birinə hücum etməmək barədə öhdəlik götürürlər.

 

Rəsmi Bakı Paşinyanın təkliflərinə hələlik cavab verməyib. Ekspertlər Paşinyanın təklifini "siyasi gediş" adlandırır. Onlar deyir ki, Ermənistan bu cür təkliflərlə sülh prosesini ləngitmək istəyir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Ermənistan, həqiqətən də, sülh istəsəydi, belə absurd fikirləri ortaya atmazdı:

 

“Düşünürəm ki, bu, Ermənistanın növbəti siyasi gedişidir. Əsas məsələ ondan ibarətdir ki, beynəlxalq platformalarda Ermənistan ciddi cəhdlə belə bir yalan fikirlər irəli sürür, guya Zəngəzur dəhlizi sülh müqaviləsi çərçivəsində razılaşdırılıb açılmasa, Azərbaycan birmənalı şəkildə onu hərbi yolla əldə edəcək. Bu, absurd məsələdir. Buna görə də hücum etməmək paktı məsələsini ortaya atıblar. Tək bu da deyil. Eyni zamanda təklif edirlər ki, güzgüvari formada qoşunlar sərhəddən çəkilsin. Əgər sərhəd yoxdursa, qoşunların çəkilməsi mümkünsüzdür. Eyni zamanda  qoşunları çəkməklə yaradılan zonaya mütləq şəkildə kimsə, nəzarət etməlidir. Bunlar çalışacaqlar ki, müşahidəçi qismində mülki missiya adı altında  Qərbdən çağırdıqları viziual kəfiyyatçılardan ora da  gətirsinlər. Bunların hamısı sülh müqaviləsini uzatmaq, status-kvo-nu saxlamaq üçün atılan addımlardır. Əgər, doğrudan da, Ermənistan sülhün bərqərar olmasını istəyirsə, belə absurd fikirləri ortaya atmazdı”.

A.Nağıyev Azərbaycanın Ermənistanın bu təklifinə reaksiyasının necə olacağından da danışıb:

 

“Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bunların hamısını yüksək şəkildə təhlil və analiz edir. Azərbaycan  başa düşür ki, bu, Ermənistanın öz müstəqil daxili və xarici siyasəti deyil, havadar qüvvələrin diktəsi altında aparılan və həyata keçirilən siyasətdir. Azərbaycan da buna adekvat olaraq cavab verir və absurd təkliflərin müzakirəsinə yol verilməyəcək”.

 

Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyanın rəsmi Bakıya ünvanladığı iki təklifi də keçərli deyil:

 

“Birinci təklifi iki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılmasıdır. Bu təklifini artıq necənci dəfədir ki, səsləndirir. İkinci təklifi sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə iki dövlətin hücum etməmək haqqında qarşılıqlı pakt imzalamasıdır.

 

Azərbaycan yalnız Ermənistana görə silahlanaraq ordusunu modernləşdirmir. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarı olsa da, Rusiya və İranda istənilən an durum dəyişə və bunun bölgəyə mənfi təsirləri ola bilər. Bu səbəbdən Azərbaycan həm ordusunu gücləndirməli, həm də ən müasir hərbi texnikaya malik olmalıdır. Azərbaycanın silahlanmasına heç bir ölkə nəzarət edə bilməz. Rusiyanın Ermənistandakı hərbi bazasındakı silahlara kim nəzarət edəcək? Nikol Paşinyan deyəcək ki, bunların Ermənistana aidiyyəti yoxdur, ancaq müharibə halında raketlər havada uçuşacaq. İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Paşinyan hücum etməmək barədə pakt irəli sürməkdənsə, ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa, bu onun ölkəsi üçün daha faydalı olar. Paşinyan bunun əvəzinə “paktla” Azərbaycanın 8 kəndini güc yolu ilə geri qaytarmayacağı barədə təminat əldə etmək istəyir. Dünya tarixində müxtəlif ölkələr arasında o qədər hücum etməmək barədə paktlar imzalanıb ki, maraqlar toqquşduğu halda zibil qutusuna atılan kağız parçalarına çevriliblər”.

 

Politoloq Zaur Məmmədov Paşinyanın təkliflərinin altında yatan səbəbi belə izah edib:

 

“Nikol Paşinyan hansısa yollar axtarır. Gah deyir ki, gəl, hərbi texnikaların sayı və fəaliyyəti barədə qarşılıqlı anlaşma imzalayaq. İndi də deyir ki, sülh müqaviləsinin imzalanması gecikirsə, hücum etməmək barədə pakt imzalansın. Bütün bunlarla Ermənistan özünü beynəlxalq aləmdə məzlum kimi göstərir. Qərbə demək istəyir ki, Azərbaycanın hücum etmək barədə niyyəti var, mən isə Azərbaycana təklif etdim ki, hücum etməmək barədə pakt imzalansın. Yəni, əslində, təklifin kökündə Azərbaycanı günahlandırmaq və ona qarşı təzyiqləri artırmaq dayanır”.

 

Z.Məmmədov bildirib ki, məğlub tərəfin bu təklifləri qalib ölkəyə qarşı şərt kimi qəbul oluna bilməz:

 

“Düşünürəm ki, reallıqdan uzaq olan bu məsələlər sülh sazişini, doğrudan da, ləngidir. Ermənistan ilk növbdə konstitusiyasını dəyişməlidir. Onun qanunvericiliyində 30 il ərzində Qarabağla bağlı qəbul edilən bütün qərarlar ləğv edilməlidir. Eyni zamanda beynəlxalq instasiyalara, ayrı-ayrı məhkəmələrə verilən işlər də "Dağlıq Qarabağ" və sair kimi iddalar ləğv edilməlidir. Bu və ya digər prosedurlar da Azərbaycanın ərazi bütövlüyünə təhdid çıxmalıdır. Hücum etməmək haqqında pakt, silahlarla bağlı təklifin məğlub tərəfin qalib ölkəyə qarşı şərti kimi qəbul edilməsi əlbəttə, gülüncdür".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin