Ermənistan-Rusiya gərginliyi pik həddə

Paşinyan hökuməti ipi boğazına keçirir - Gümrüdəki rus bazasını bağlamaq və sülhməramlıları BMT qoşunu ilə əvəzləmək çağırışı;  İrəvan Laçın yoluna görə rus hərbçilərini bacarıqsız sayır və BMT hərbi kontingentini bölgəyə yerləşdirməyə çağırır

Ermənistan Rusiya münasibətlərində gərginlik Laçın yolunda keçirilən etiraz aksiyası səbəbindən kulminasiya nöqtəsinə çatmaqdadır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ardınca baş nazir Nikol Paşinyan da Moskvanı ittiham etməyə başlayıb. Bu azmış kimi, Ermənistan lideri Rusiyaya ultimatum verib.

“Yeni Müsavat” bildirir ki, Paşinyan hökumətin iclasında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın yolunda vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb. Onun sözlərinə görə, Qarabağ qarşısında konkret öhdəliklər götürmüş Rusiya vəziyyəti necə qiymətləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir. “Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman Kreml BMT sülhməramlı kontingentinin mandatını almaq barədə BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent yerləşdirilməlidir”, - o bildirib.

Rəsmi İrəvan hesab edir ki, Laçın yolu bağlanıb və ermənilər blokadaya düşüblər. Ermənistan bunu özünə Rusiyadan təzyiq kimi qiymətləndirir. Lakin yol humanitar məqsədlər üçün açıqdır: az qala hər gün sülhməramlılara aid təminat karvanları maneəsiz hərəkət edir, Xankəndi və ətraf ərazilərdə olan ermənilər üçün ərzaq, dərman çatdırılır, xəstə ermənilər Ermənistana təcili tibbi yardım maşınları ilə aparılır və s.

Ancaq bu yolda baş verənlər separatçıların əl-qolunu bağlayıb və qondarma rejim halqasının daralmasını Qarabağ ermənilərinin mühasirədə qalması kimi qələmə verməyə çalışır. İndi isə Paşinyan sülhməramlıların vəzifələrini yerinə yetirmədiyini iddia edərək BMT mandatı altında sülhməramlı kontingentin bölgəyə yerləşdirilməsinə çağırır. Halbuki buna ilk növbədə Rusiyanın necə reaksiya verəcəyini İrəvan nəzərə almalıdır. Ermənistan yaxşı bilir ki, Ukrayna müharibəsinə görə hər nə qədər sıxışdırılmış vəziyyətdə olsa da, Rusiya Qarabağdan öz hərbçilərinin çıxarılıb yerinə BMT qoşunlarının gəlməsinə imkan verməyəcək. Ən əsası isə burada əsas söz sahibi Azərbaycandır. Bakının razılığı olmadan Ermənistanın istəyi ilə bizim torpaqlarımıza başqa sülhməramlı kontingentin yerləşdirilməsi nonsensdir. Üstəlik, üçtərəfli sənəd var, rus hərbçiləri müqavilə əsasında yerləşiblər, onların hansı tarixdə və şərtlərlə çıxarılması da bəyanatda öz əksini tapıb. İndi bəyanatı pozaraq BMT qüvvələrini regiona gətirmək Ermənistanın arzusu ilə gerçəkləşə bilməz.

Karantin qaydalarına əməl etməmə hansı psixoloji məqamları üzə çıxardır –  ekspert şərhi - 15.05.2020, Sputnik Azərbaycan

Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan rus hərbçilərinin işini görmədiyini deməkdə haqlıdır: “Bəli, rus sülhməramlılar işinin öhdəsindən gəlmirlər və bunu da Azərbaycan dəfələrlə bildirib. Deməli, ikimiz də narazıyıq və onların iştirakı olmadan problemləri birgə həll etməliyik. Sadəcə, bunun üçün Laçın yolunda gömrük olmalıdır, yoxlanış aparılmalıdır. Bu zaman Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə qədər sərhədi keçmək üçün onlardan hər hansı ödəniş tələb edilməyə bilər. Lakin bu halda hər iki tərəf gömrük sistemi tətbiq etsə, onda arxayın olacaqlar ki, qanunsuz hansısa daşıma yoxdur”. Hərbi ekspertin fikrincə, beynəlxalq sülhməramlı qüvvələrin yerləşməsinə gəlincə, ilk növbədə iki tərəfin də razılığı olmalıdır, o cümlədən beynəlxalq güclərdən birinin qarantiyası lazımdır: “Bu gün moderator Rusiyadır, iki tərəf də imtina edirsə, əvvəlcə orta vasitəçi tapmalıdırlar. Hazırda Azərbaycanı və Ermənistanı qane edəcək orta moderator tapmaq çətindir. Yığma moderator isə alınmadı, Minsk Qrupu təcrübəsi bunu sübut etdi. Ona görə söhbət Laçın dəhlizindən getmir, sadəcə, Rusiya istəmir ki, Azərbaycanla Ermənistan dil tapsınlar”.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev deyir ki, Paşinyan əvvəlcə öz öhdəliyini yerinə yetirsin, sonra sülhməramlılardan şikayət eləsin: “Ermənistan Qarabağdan bütün silahlılarını çıxarmayıb. Nazir Ceyhun Bayramov da dedi ki, sülhməramlılar yerləşən vaxtda paralel onlar getməliydilər. Biz haqlı olaraq sülhməramlılardan və Ermənistandan tələb etməliyik ki, erməni silahlı dəstələrini tərk-silah edin. Paşinyan onları "artsax özünümüdafiə batalyonu" adlandırıb manipulyasiya edir. Amma bizə fərqi yoxdur ki, əlində silah olan Ermənistan silahlı qüvvələrinin hərbçisidir, yoxsa qondarma rejimə tabe olan terrorçudur. Paşinyan əvvəlcə bu öhdəliyi icra etsin, sonra BMT qüvvələrindən danışar. O baxımdan Azərbaycan həm Rusiya sülhməramlıları, həm Ermənistan qarşısında yeganə haqlı tərəfdir". Partiya sədrinin sözlərinə görə, Paşinyan əslində manevr edir: “Onlar Ermənistan-Azərbaycan sərhədinə də Avropa İttifaqının mülki missiyasını gətirdi, indi Fransanın BMT adı altında hərbi qüvvələrini regiona cəlb etmək istəyir. Bu cür bəyanatlar Rusiya-Ermənistan münasibətlərində əsəb müharibəsi getdiyini göstərməkdədir. Paşinyan bu çıxışla ümid edir ki, Kremldən Laçın yolu ilə bağlı Bakıya təzyiq göstərilməsinə nail olacaq. Amma İrəvan üçtərəfli sənəddə göstərilən müddəaları tam icra etsin, o zaman Laçın yolunda onları narahat edən elementlər də qalmayacaq”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistan “Qarabağda "humanitar fəlakət" iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktiki nəticə əldə edə bilmədilər: “Prezident İlham Əliyev Ermənistan və dəstəkçilərinin növbəti cəhdə hazırlaşdığını bildirib, TŞ-də yenidən müzakirələrin keçiriləcəyi gözlənilir. Hərçənd Moskvanın sülhməramlılarınə yerləşdirdiyi bölgəyə müdaxiləyə veto hüququnu qoymaq, eləcə də Bakının razılığının vacibliyi amili növbəti cəhdin də praktiki nəticəsinin olacağı ehtimalını azaldır. Bu situasiya fonunda Qarabağda mümkün müharibənin başlanması Ermənistana (həm də Fransanın timsalında dəstəkçilərinə) imkan verəcək ki, Azərbaycan "Qarabağda erməni xalqına qarşı soyqırımı" törədir iddiasını irəli sürsün, Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini desin, BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın. Bu baxımdan, Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil".

Ermənistan revanşist əhval-ruhiyyəli milli demokratik qütbü isə hökumətə xəbərdarlıq edib ki, əgər yaxın günlərdə rus sülhməramlıları Laçın dəhlizini açmasa, Gümrüdəki Rusiya hərbi bazasını bloklayacaqlar. Ermənistan hökumətinin Gümrüdəki Rusiya bazasını bloklamağa cürəti çatarmı? Buna cəhd etmələri nə ilə nəticələnər?

ATƏT sədrinin Bakıya gəlişi “növbətçi səfərlər”in davamıdır” – Elxan  Şahinoğlu – Yenicag.Az

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın Laçın yoluna nəzarəti gücləndirməsi, davam edən etiraz aksiyası Ermənistan hakimiyyəti ilə Rusiya arasında münasibətləri də gərginləşdirib: "Etirazın bu səpkidən də bizə faydası var. Ermənistan hakimiyyətinin başında duranlar ard-arda Rusiyanı ittiham edirlər. Vəziyyət o həddə çatdı ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan rəsmilərinin təxribatla məşğul olduğunu bəyan elədi. Yəni münasibətlər açıq-aşkar gərginləşib. Əgər Ermənistan hökuməti Gümrüdəki Rusiya hərbi bazasını bloklamağa cəhd edərsə, İrəvan-Moskva münasibətləri daha da gərginləşəcək. Kreml bu cəhdi Ermənistana bağışlamaz”.

Politoloq Asif Nərimanlı isə bildirdi ki, son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir: “İrəvan anti-Rusiya siyasətini açıq müstəviyə keçirir; Qərbə yönələn siyasi oriyentasiyasını inkişaf etdirir, Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır. Gümrüdəki hərbi bazanın bloklanacağı barədə xəbərdarlıq isə Rusiyanın şantaj olunmasıdır. Ermənistan hakimiyyətinin bu istiqamətdə praktiki addım atmağa cürəti çatmaz. Ancaq hətta Gümrü hərbi bazası ilə şantaj belə, Rusiyanın Ermənistana qəzəbini artıra bilər. Ermənistan dövləti Gümrüdəki Rusiya hərbi bazasından asılı vəziyyətdədir. Bu bazanın fəaliyyətinin dayandırılmasına cəhd etmək oturduğun budağı kəsmək olar”.

Bir sıra siyasi şərhçilər isə hesab edir ki, Paşinyan hiyləgər gediş edir. Onun Rusiyanı BMT Təhlükəsizlik Şurasında öz sülhməramlı kontingentinə BMT mandatı alınması məsələsini qaldırmağa çağırması hiyləgər gedişdir. Paşinyan bilir ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının beynəlxalq mandatı yoxdur və Moskvanın  öz sülhməramlılarına beynəlxalq mandat əldə etməsi istəyi var.

Etibar SEYİDAĞA,
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin