Paşinyan Azərbaycanın tələbini qəbul etməkdən imtina edir?

Emənistan Nikol Paşinyan komandası ilə son görüşündə yeni konstitusiyanın qəbulu ilə bağlı mümkün qədər az danışmağı, müzakirələri dayandırmağı tapşırıb.

 

Bu barədə "Past" qəzetində dərc edilən məqalədə bildirilir.

 

Məqalədə iddia edilir ki, konstitusiyaya dəyişiklik etmək planları ölkə daxilində Paşinyana qarşı ciddi müqavimət formalaşdıra bilər.

 

Nəşr yazır ki, hakim komandaya referendumla bağlı təqdim edilən rəy sorğularında Paşinyanın məğlub ola biləcəyi görünür.  "Referendum Paşinyan komandası üçün biabırçı nəticələrlə başa çata bilər", - məqalədə vurğulanır.

 

Paşinyan, həmçinin komandasına ilk növbədə müqavimət mərkəzlərini zəiflətməyi tapşırıb.

 

Xatırladaq ki, Paşinyan bir müddət əvvəl ölkəsinin yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb. "Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var... Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli edəcək", - o, hökumətin iclasında bildirib.

 

Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir. Azərbaycan Ermənistan hökumətindən ölkə konstitusiyasına dəyişiklik edilməsini, həmin bəyannaməyə istinadın aradan qaldırılmasını tələb edir.

 

Ermənistan Müstəqillik Bəyannaməsi 21 sentyabr 1990-cı ildə təsdiq edilib. 12 bənddən ibarət olan bəyannaməsi Ermənistanın sabiq prezidenti, həmin vaxt Ermənistan Respublikası Ali Sovetinin sədri olan Levon Ter-Petrosyan tərəfindən imzalanıb.

 

Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar.

 

Bundan başqa Bəyannamədə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad olunur. Rəsmi Bakı bu müddəaların sülh müqaviləsinə mane yaratdığını bildirir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin