Sülh müqaviləsi imzalanmasa, silahlar işə salınacaq – MÜHARİBƏ ANONSU

Son günlər Ermənistan mətbuatında Azərbaycanla yeni hərbi toqquşmaların olacağı barədə müxtəlif məlumatlar yayılır. Erməni ekspertlərin fikrincə, budəfəki əməliyyatlar uzun çəkməyəcək, cəmi bir neçə gün davam edəcək.

 

Lokal əməliyyatların hansı istiqamətdən başlanacağı barədə müxtəlif versiyalar irəli sürülməkdədir. Lakin Ermənistan mediasında tirajlanan xəbərlərdən görünür ki, İrəvan Qarabağda sülhün təmin olunmasında o qədər də maraqlı deyil və sülhdən yayınmaq üçün bütün imkanlardan yararlanmağa çalışır.

 

Yeni müharibənin olacağı barədə informasiyaların dövriyyəyə buraxılması nədən xəbər verir? Ermənilər hücuma hazırlaşır?

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, ermənilər müharibə istəyirlər və bunu açıq şəkildə bəyan edirlər. Onun fikrincə, problem siyasi yolla həllini tapmayanda müharibə qaçılmaz olur:

 

"2022-ci ildə siyasi problemlər həllini tapmadı. Bundan başqa ermənilər bizə mesaj verdilər. Bu mesajda Ermənistan və Qarabağdakı separatçılar üç istiqamətdə yollarının olduğunu qeyd etdilər. Mesaja görə, onlar Azərbaycanla inteqrasiya yolunu tuta, ərazilərdən çıxıb gedə, ya da döyüşə bilərlər. Sonuncu mitinqlə separatçı rejimin rəhbərliyi döyüş yolunu seçdiklərini bildirdilər".

 

Hərbi ekspert vurğulayıb ki, əgər sülh müqaviləsi imzalanmasa, Azərbaycan siyasi və hərbi yolla güc tətbiqi edə bilər:

 

"Bizim 3 istiqamətdə tələblərimiz var. Ermənistan ərazi bütövlüyümüzü tanımalı, separatçılar ərazilərimizdən çıxarılmalı və Zəngəzur dəhlizi ilə bağlı öhdəlik yerinə yetirilməlidir. Əgər 2023-cü ildə Ermənistan sadaladığımız üç istiqamətdə konstruktiv addım atmasa, Azərbaycan özü bunu hərbi yolla təmin etməlidir. Bu da normaldır. Bütün hərbi araşdırma mərkəzləri, beyin mərkəzləri müharibənin olacağı ilə bağlı proqnozlar verirlər. Məncə, belə qiymətləndirmə doğrudur. Fərrux əməliyyatında, Qisas əməliyyatında, 12-14 sentyabr əməliyyatında ermənilər Azərbaycan Ordusunu təhrik etdilər. Bu dəfə də eyni hal olarsa, Azərbaycan Ordusu şərti sərhəddə və Qarabağ ərazisində antiterror əməliyyatları keçirə bilər. Əlbəttə, ordumuz istənilən vaxt əməliyyata tam hazırdır".

 

Elxan Şıxaliyevin sözlərinə görə, Ermənistan Azərbaycanı müharibəyə təhrik etməklə bir sıra nəticələr əldə etmək istəyir:

 

"2022-ci ilin sonunda Azərbaycan Ordusunun daha da güclənməsi təhdidlərin nəticəsi idi. Ermənistanın və Qarabağdakı separatçıların ritorikasında təhdid həmişə hiss olunur. Hesab edirəm ki, onlar dəmir yumruğun işə düşməsini tələsdirmək istəyirlər. Beləliklə, onlar sülhməramlıları atəş altında qoymağa, Azərbaycan və Rusiya arasında siyasi münasibətləri korlamağa çalışırlar. Bundan əlavə, şərti sərhəddə atəş açılması ilə Ermənistanda yerləşən Avropa İttifaqı missiyasına "atəşkəsi Azərbaycan pozur" mesajını verməyi hədəfləyirlər".

 

Hərbi ekspert Ədalət Verdiyev isə düşünür ki, 2023-cü ildə genişmiqyaslı müharibə olmayacaq. Lakin qısamüddətli toqquşmalar istisna deyil:

 

"Bunun üçün hər iki ölkənin bir-birinə yaxın döyüş potensialı olmalıdır. Müharibədən sonra bir neçə dəfə olduğu kimi yenə də, Ermənistanın müəyyən miqyaslı təxribatlara əl atması mümkündür. Həmin təxribatlara Azərbaycanın adekvat və daha təsirli cavablar verməsi isə qaçılmazdır. Çünki müharibədən 2 il keçməsinə baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Ərazilərimizdən qeyri-qanuni silahlı birləşmələrini çıxarmır, Azərbaycan-Ermənistan sərhəddində yerləşən 8 kəndimizi geri qaytarmır və Naxçıvanla Azərbaycanın maneəsiz əlaqəsini təmin etmək öhdəliyinə riayət etmir".

 

Bu mənada hərbi yol ən optimal variant hesab olunur.

 

"Ermənistan bir daha atəşkəsi pozaraq, hansısa əsgərimizin ölümünə səbəb olarsa, Azərbaycan buna daha ağır cavab verəcək. Yəni Azərbaycan Ordusunun şərti sərhəddə və Qarabağın dağlıq hissəsində müəyyən yerdəyişmələrini mümkün hesab edirəm. Antiterror əməliyyatı Ermənistanı birgə bəyanatın müddəalarını həyata keçirməyə məcburetmə baxımından ən optimal çıxış yoludur".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin