Ermənistanın 2023-ə keçən ağ yalanları - İrəvanı kim ağıllandıracaq: Brüssel, Vaşinqton, yoxsa Bakı?

Təzə ildə Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli təmasları ilk olaraq kimin təşkil edəcəyi hələlik bəlli deyil. Məlumdur ki, ötən il həm Avropa Birliyi (Şark Mişel) və ABŞ, həm də Rusiya moderatorlu etməyə çalışdı. Lakin rəsmi İrəvanın pozucu mövqeyi və bir az da Moskvanın qeyri-səmimi vasitəçiliyi nəticəsində nəticə hasil olmadı.

Yəni 44 günlük müharibədən sonra “yük” harada idisə, yenə orada qalır. Vaxt isə gedir, müharibə ehtimalı, hərbi qarşıdurma riskləri artır. Nə barədə ki, Qərbdəki “beyin mərkəzləri”, təhlilçilər təzə il girən kimi xəbərdarlıq ediblər. O sırada Kornegi Fondunun britaniyalı eksperti Tomas de Vaal hesab edir ki, hazırda baş verənlər çox ciddi fəaliyyətdir: “Qorxuram ki, 2023-cü il gərgin və ağır il olsun. Ümid edirəm ki, yeni konflikt olmayacaq. Ancaq yeni silahlı konfliktin simptomları ərazidə özünü göstərir - hələlik danışıqlar aparılmır, faktiki olaraq 2020-ci il noyabr razılaşması fəaliyyət göstərmir. Ciddi təhlükə var ki, Zəngəzur dəhlizi və Qarabağ ermənilərinin taleyi danışıqlar masasında yox, yerində həll olunacaq. Doğrudur, Brüsseldə danışıqların yenilənməsi ilə bağlı ciddi cəhdlər var, görək yanvarda alınacaqmı? Amma hələlik vəziyyət çox ciddidir”. Onun fikrincə, Bakı və İrəvan arasında ən optimal vasitəçi yenə Avropa Birliyidir. Çünki: “Avropa Birliyi daha neytral vasitəçidir. Ona həm Bakıda, həm də İrəvanda daha çox inam var. Ona görə də Avropa Birliyi bu prosesə nə qədər çox daxil olsa, o qədər yaxşıdır. Ümid var ki, sərhəd missiyası bu il bərpa ediləcək və AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar yenilənəcək. Mən bundan başqa yol görmürəm”. Ermənistanda isə sülh müqaviləsini hələ də öz bildikləri kimi təsəvvür edirlər, nəinki beynəlxalq hüquqa söykənən legitim sənəd olaraq. Misal üçün, baş nazir Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan iki gün qabaq “Azərbaycanla sülh sazişi niyə ilin sonunadək imzalanmadı” sualına cavabında görün həyasızcasına nə deyib: “Ermənistan beynəlxalq ictimaiyyətə öz iradəsini bildirib. Biz müəyyən olunmuş müddətdə sazişin imzalanmasına getməyə hazır idik, lakin Azərbaycan hər şeyi edir ki, müqavilə imzalanmasın. Bir il keçdi və bu baş vermədi. Həm də Laçın dəhlizinin bağlanması səbəbindən. Həmçinin Moskvada planlaşdırılan danışıqların növbəti raundu baş tutmadı. Beynəlxalq ictimaiyyət də bunun Ermənistanın "qeyri-konstruktiv" addımlarının nəticəsi olmadığını görür. Əksinə, Ermənistan konstruktivdir və bundan sonra da konstruktiv olacaq".

Əlbəttə ki, Ermənistan rəsmisi həmişəki kimi, gözünün içinədək yalan danışır. “Erməni konstruktivliyi”nin nədən ibarət olduğunu hamı bilir. Sülh müqaviləsini tormozlayan da Bakının 5 məlum prinsipinə daima əsassız, beynəlxalq hüquqa zidd əlavələr təklif edən Paşinyan hökumətidir. Həm 5 prinsipi qəbul eləyirik demək, həm də üstündən ona əlavələr göndərmək, diplomatik dildən tərcümədə elə həmin prinsiplərdın imtina, sülh müqaviləsini rədd eləmək deməkdir.

Bu arada Qərbdəki destruktiv dairələrin və katalizator rolunu oynayan paytaxtların məkrli niyyətlərindən əl çəkmədikləri açıq müşahidə olunur. Məsələn, həm 44 günlük müharibə dövründə, həm də ondan sonrakı dönəmdə gərginliyin tətiklənməsindən ötrü əlindən gələni edən Ermənistanın “böyük bacısı”nın son zamanlar müəyyən qədər proseslərdən məsafə saxlamağa çalışsa da, yenidən aktiv fəaliyyətə qərar verdiyi görünür. Belə ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive Ermənistana səfər edəcək. “Yeni Müsavat” erməni mediasına istinadən bildirir ki, fransız spiker bu barədə tvitter səhifəsində məlumat verib. “Milad bayramı zamanı fikrim ermənilərə yönəlib, onlara ümid və sülh arzulayıram. Fransa Milli Assambleyasının dəstəyini bir daha ifadə etmək üçün gələn həftə Ermənistana gələcəm”, - Yael Braun-Pive əlavə edib. O, Fransa nümayəndə heyətinin tərkibində qanunverici orqanın təmsilçilərinin də olacağını bildirib. Xatırladaq ki, Fransa Milli Assambleyası ötən ilin sonlarında Azərbaycana qarşı qətnamə qəbul edib. Eyni zamanda Fransa Senatının digər palatasında da anti-Azərbaycan qətnaməsi qəbul edilib və Azərbaycandan “öz silahlı qüvvələrini "suveren Ermənistan ərazisindən geri çəkməyi və Ermənistanın ərazi bütövlüyünə hörmək etməyi" tələb edib ermənilərin himayədarları. Bu cür absurd qətnamələrin ardınca İrəvana başlayan səfər yolçulu təbii ki, gərginliyin tətiklənməsinə rəvac verə bilər. Üstəlik, Paris Avropa Birliyinin çətiri altında özünün “mülki müşahidəçiləri”nin Ermənistanda uzun müddətli qalmasına çalışır. Belə bir durumda Ermənistanın 12 dekabrdan bəri Laçın yolundakı dinc aksiya ilə bağlı başlatdığı şou xarakterli təbliğat da məkrli planın reallaşmasına xidmət edir.

Bəs Ermənistan bu il də eyni oyunu davam etdirə biləcəkmi? Buna Avropa Birliyi və ABŞ-ın, Bakının və Rusiyanın reaksiyası nə olacaq? Nəhayət, təzə ildə “sükutu” ilk olaraq kim pozacaq: Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün ilk diplomatik təşəbbüs (həmlə) kimdən gələcək - Brüsseldən, yoxsa Moskvadan? Ümumiyyətlə, İrəvanı “göydən yerə endirib” ağla kim gətirəcək? Bu kimi suallara dəyərli ekspertlərimizin “Yeni Müsavat”a maraqlı cavabları oldu.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə, təxribatlara davam etsə, bölgədə vəziyyətin gərginləşməsi ehtimalları kifayət qədər yüksəkdir”

Deputat Ceyhun Məmmədov qəzetimizə bildirdi ki, ortada məkrli planın olduğu aşkar görünür: “Proseslərin təhlili göstərir ki, Ermənistan vaxtı uzadaraq prosesi Azərbaycanın əleyhinə yönəltmək istəyir. Bu məqsədlə Ermənistanın dövlət rəsmiləri, erməni diasporu xaricdə Azərbaycan əleyhinə çox ciddi təbliğat işi aparırlar. Ermənistan eyni zamanda çalışır ki, vaxtı uzatmaqla bölgəyə xarici müşahidəçilərin gəlməsinə nail olsun. Çünki onlara görə Rusiya ümidləri doğrultmadı. Onların yerinə hər işi Rusiya görməlidir”. Vasitəçilik məsələsinə gəldikdə, C.Məmmədov burada da sağlam niyyət görmür: “Məlum olduğu kimi, prosesdə 3 vasitəçi iştirak edir, təbii ki, əgər son ABŞ-dakı görüşləri nəzərə alsaq. Hesab edirəm ki, hər üç istiqamətdən bu il ərzində vasitəçilik cəhdləri olacaq. Onu da qeyd edim ki, hazırda bütün məsələlər Ermənistandan asılıdır. Ermənistan isə sülhdən çox, prosesin uzadılmasına çalışır. Belə olduğu təqdirdə yenidən qarşıdurmaların başvermə ehtimalı kifayət qədər yüksəkdir”. Azərbaycanın mövqeyinə gəldikdə, millət vəkili xatırlatdı ki, biz bölgəyə sülhün ən qısa vaxtda gəlməsində maraqlıyıq: “Çünki bizim böyük planlarımız var. Onların həyata keçməsi üçün sülh çox önəmlidir. Bunun üçün bütün uyğun vasitəçilik cəhdlərinə açığıq”. Amma C.Məmmədov hərbi əməliyyatlara əl atılmasını da istisna etmir: “Əlbəttə, Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə, təxribatlara davam etsə, bölgədə vəziyyətin gərginləşməsi ehtimalları kifayət qədər yüksəkdir. Xarici ekspertlərin belə həyəcan təbilləri çalması əsassız deyil. Ermənistan siyasətini dəyişməli, təxribatlara, Azərbaycan əleyhinə yalan təbliğata son qoymalı, bölgəyə sülhün gəlməsində maraqlı olduğunu nümayiş etdirməlidir. Biz hələ ki bunu görmürük. Ermənistan onu da bilməlidir ki, boş xülyalardan əl çəkməsə, bu onun üçün çox ağır olacaq. Bunun vəbalını bir daha Ermənistan və erməni xalqı çəkəcək”.

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, sülh müqaviləsi ilə bağlı danışıqlar prosesinin bərpası üçün hazırda Avropa İttifaqının vasitəçiliyi daha real görünsə də, burada da Fransanın növbəti dəfə pozucu fəaliyyət göstərəcəyi ehtimalı az deyil: “İndiki şəraitdə Ermənistanın "Soros"çu hakimiyyəti və bu hakimiyyətlə eyni qlobal maliyyə təsisatlarının dəstəyi ilə hakimiyyətə gələn Emmanuel Makronun məqsədi prosesi mümkün qədər uzatmaqdan, beynəlxalq müstəvidə Azərbaycana qarşı mümkün qədər daha geniş müstəvidə cəbhə açmaqdan ibarətdir. Çünki indiki reallıqlar və şərtlər altında Azərbaycanla imzalanacaq sülh müqaviləsi bölgədə Ermənistan vasitəsilə öz maraqlarını qorumaq istəyən dairələrin, xüsusilə də Fransanın maraqlarına uyğun deyil. Məhz bu baxımdan, Ermənistanın, bu ölkəyə qarşı daha təsirli vasitələr işə salınmadan, mövcud şərtlər çərçivəsində danışıqlar prosesində konstruktiv mövqe sərgiləyəcəyi inandırıcı görünmür".

Elçin Mirzəbəyli: Reket və şantaj kimi qanunsuz əməllərə qarşı daha ciddi  ictimai fəallığın təmin edilməsinə ehtiyac var - AZƏRTAC

Elçin Mirzəbəyli 

Elçin Mirzəbəyli: “Yaxın zaman kəsiyində, ilk növbədə separatçıların öz mövqelərini tamamilə itirəcəklərinin, ən aqressivlərinin qaçmaq üçün yol arayacaqlarının, digərlərinin isə tədricən dialoqa meyllənəcəklərinin şahidi olacağıq”

E.Mirzəbəylinin sözlərinə görə, mövcud vəziyyət onu deməyə əsas verir ki, Ermənistana qarşı növbəti dəfə real təzyiq mexanizmlərinin işə salınması qaçılmaz olacaq: “Bu prosesin yalnız hərbi qarşıdurma kontekstindən baş verəcəyini düşünmək və təqdim etmək isə doğru olmazdı. Çünki hazırda rəsmi İrəvana regional müstəvidə təzyiq imkanları kifayət qədərdir və yaxın bir neçə ay ərzində bu imkanların daha da genişlənə biləcəyi ehtimalı var. Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilər, həmçinin onları faktiki olaraq, girov vəziyyətində saxlayan separatçı qruplar, artıq qapanmaqda olan dairədən Azərbaycanla hesablaşmadan çıxmağın mümkünsüzlüyünü başa düşmək üzrədirlər”. Siyasi şərhçi qeyd etdi ki, burada ən önəmli məqam Ermənistanın onlara hər hansı bir formada dəstək verə bilməyəcəyi reallığının qəbul edilməsidir: “İndi Ermənistanın özü bir dövlət olaraq, mövcudluğunu qorumaq üçün seçim qarşısındadır. Ya qonşulara qarşı ərazi iddialarından əl çəkərək mövcud reallıqlarla barışmalı, onlara tarixi Azərbaycan torpaqlarının bir hissəsində xarici güclər tərəfindən qurulan dövlətin 44 günlük müharibənin nəticələri də nəzərə almaqla, sərhədlərinə qısılıb qalmalı, ya da əsassız iddiaların doğuracağı nəticəyə qatlaşmalıdır. Qərar vermək üçün Ermənistanın vaxtı bir o qədər də çox deyil. Qənaətimə görə, yaxın zaman kəsiyində, ilk növbədə separatçıların öz mövqelərini tamamilə itirəcəklərinin, ən aqressivlərinin qaçmaq üçün yol arayacaqlarının, digərlərinin isə tədricən dialoqa meyllənəcəklərinin şahidi olacağıq. Divar qurtarır və məsələnin həlli ilə bağlı ermənilərə verilmiş rəsmi və qeyri-rəsmi vaxt başa çatmaq üzrədir”.

Avropanın mövqeyi bəlli. ABŞ-ın Ermənistandakı səfirliyinin Laçın yolundakı dinc aksiya ilə bağlı sərgilədiyi ədalətsiz mövqe, eyni zamanda Vaşinqtondan davamlı şəkildə Azərbaycanı suçlamağa yönəlik cəhdlər Ağ Evin bu məsələdə də normal mövqe sərgiləyəcəyinə ümidləri azaldır. Deməli, Azərbaycan qarşısındakı digər problemləri də özü həll etməli olacaq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin