Bakı İrəvana son şansı verdi - Ermənistan özünəqəsddən qaça biləcəkmi?

Kapitulyant tərəfə “ev tapşırıqları” üçün ayrılan vaxt da bitib; erməni analar yeni “sink tabutlar” almaq istəmirsə, Paşinyan hökumətinə təzyiq etməlidir...

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara geniş müsahibə verdiyi gün Ermənistan baş naziri Nikol Paşinyan da İrəvanda mətbuat konfransı keçirdi. Ancaq İlham Əliyevdən fərqli olaraq, Ermənistan rəhbəri barışıq, regional əməkdaşlığın təməl şərti olan sülh müqaviləsi məsələsində yenə nala-mıxa vurdu, ənənəvi erməni yalanları və uydurmalarından qalmadı.

Məsələn, iddia elədi ki, sülh müqaviləsini məhz Azərbaycan əngəlləyir. “Xain xoflu olar”. Hətta belə bir absurdu dilə gətirdi ki, “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü heç vaxt tanımayacaq, əksinə, bizə qarşı yeni hücumlar həyata keçirməyi qarşısına məqsəd qoyub”.

Yəni N.Paşinyan özünün iki ildir davam edən sülh oyunbazlığına indi həm də bu cür haqq qazandırmağa, zavallı erməniləri bu şəkildə aldatmağa və çaşdırmağa başlayıb. Son sitatdan sözsüz ki, həm də “revanşizm” qoxusu gəlir və daşnak-radikallara əlavə stimul sayıla bilər.

*****

Yaxud onun belə bir ikibaşlı, yenə sülh müqaviləsindən yayınmağa hesablanmış məkrli fikri: “Sənədin reallaşması üçün mexanizmlər olmasa, heç bir sülh müqaviləsi müharibədən qaçmağa kömək etməyəcək. Eyni zamanda sülh müqaviləsinin hazır mətni yoxdur, əks halda, hakimiyyət orqanları bu barədə məlumat verərdi. İrəvan öz təkliflərini Bakıya göndərsə də, hələ ki cavab almayıb”.

Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir? - 05.01.2023, Sputnik  Azərbaycan

Sual yaranır: hansı mexanizm? Sən nə vaxt sülh müqaviləsi imzaladın ki, ardınca onun reallaşma mexanizmi də müzakirə mövzusu olsun?

İkinci yandan, sülh müqaviləsi ona imza atan tərəflərin konkret öhdəlikləridir. Onları ya yerinə yetirirsən, ya da yox. Bu da sənə mexanizm! Demək, Ermənistan sülh müqaviləsi ilə öz üzərinə hər hansı öhdəlik götürmək, o sırada ərazi bütövlüyümüzü tanımaq istəmir. Səbəb həminkidir - Bakıdan Qarabağ erməniləri üçün hansısa status qoparmaq.

Yeri gəlmişkən, mətbuat konfransında Paşinyanın belə bir ifadə də işlədib: “Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”.

Doğru. Bəs Ermənistan niyə tanımır və dünyanın əleyhinə gedir?

Üçüncüsü, İrəvanın Bakıya göndərdiyi təkliflərin mahiyyəti təxminən bəlli. Bu, sülh müqaviləsini tezləşdirmək üçün yox, sadəcə, onu əngəlləmək üçün edilən düzəlişlərdir. Azərbaycan Prezidentinin srağagünkü müsahibədə qeyd elədiyi kimi, rəsmi İrəvan sənədin mətninə hər hansı şəkildə “Qarabağ məsələsi”ni salmaqla sülh müqaviləsinə mane olmağa çalışır. Yəni sülh prosesini məhz Ermənistan pozur. 

Sadalananların ardınca Nikolun bu sözlərinin səmimiliyinə necə inanasan ki, “Biz sülh müqaviləsinin imzalanması üçün əlimizdən gələni edəcəyik”? Heç cür.

“Problem ondadır ki, Paşinyan hakimiyyətə gələndə məlum şüarını bəyan edib: "Xilas naminə ayrılma". Yəni Ermənistan hakimiyyətinin siyasəti Dağlıq Qarabağı Azərbaycandan ayırmağa yönəlib. Və ona görə də Paşinyanın Qarabağ iddialarından əl çəkəcəyini gözləmək sadəlövhlükdür və dünən (srağagün - red.) Prezident İlham Əliyevin dediyi kimi, bu, İrəvanın hansısa geosiyasi prosesləri, guya vəd edilən dəyişiklikləri gözləmək istəyidir. Söhbət bundan gedir".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Minval.az-a yuxarıdakı açıqlaması rəsmi İrəvanın gerçək niyyətinə əlavə işıq salır...

*****

Prezident İlham Əliyev Avropa İttifaqının dürüstlüyünü şübhə altına alıb -  AzToday

İlham Əliyev müsahibəsində N.Paşinyanın digər yalanlarını da çıxardı, bütün köhnə-təzə “arqumentləri”ni alt-üst elədi. Erməni hakimiyyətinin, nəhayət, sülh, yoxsa müharibə istədiyini dəqiqləşdirməli olduğunu söylədi.

“Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu 5 prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.

Dövlət başçısı həmçinin bütün təkliflərin masada olduğunu bildirdi, İrəvana “sülh müqaviləsi olmayacaqsa, olmasın, biz sonsuzadək gözləməyəcəyik” mesajını ünvanladı. Bununla da sülhün əslində ən çox “izqoy” Ermənistana lazım olduğunu qarşı tərəfə xatırlatdı. Onu da xüsusi vurğuladı ki, bu il çox şeyə aydınlıq gətirəcək və Ermənistan üçün sonuncu şans ili olacaq.

“Sülh müqaviləsi qaçılmazdır. Nə qədər tez onlar bunu anlasalar, bir o qədər özləri üçün də, region üçün yaxşı olar... Biz pozulmuş ədaləti bərpa edirik və edəcəyik”.

Ermənistan və havadarlarına Bakının daha bir aydın mesajı bu oldu.

Eyni zamanda Prezident rəsmi İrəvanı avantürist və revanşist planlarla bağlı sərt şəkildə xəbərdar elədi. “Biz Ermənistanla məsələni həll etmişik”, “Müharibənin nəticələri artıq dünya tərəf qəbul edilib” söyləməklə Azərbaycan lideri bir daha Paşinyan hökumətini “daşı ətəyindən töküb” vaxt varkən real sülh danışıqları aparmağa çağırdı.

“Ümid edirəm 3-cü müharibə olmayacaq. Bizim 3-cü müharibədə marağımız yoxdur. Amma təhdidlər bitməyib... Bizimlə heç kim zarafat eləməsin”.

Bunu da İlham Əliyev söylədi və yeni savaş və ya lokal hərbi toqquşma olarsa, məsuliyyətin bütünlüklə erməni tərəfinin üzərində qalacağını qəti şəkildə bəyan elədi. Ermənistana heç bir silah-sursatın kömək etməyəcəyini, buna boş yerə pul xərclədiklərini, “bizim hərbi gücümüzlə hesablaşmamaq özünə qəsddir” dedi.

Bu xüsusda onu da söylədi ki, Azərbaycana hər hansı təhdid yaranan kimi, dərhal onu dəf ediləcək - istər Ermənistandan olsun, istərsə də daxildən: “Heç bir havadarı da Ermənistanın köməyinə çata bilməyəcək. Görsək ki, bizə qarşı hər hansı təhlükə var və Ermənistan havadarları ilə birgə nəsə hazırlayır, dərhal tədbirlərimizi görəcəyik”.

*****

Bundan da açıq ismarış və xəbərdarlıq?! Ən əsası, adekvat cavab üçün Azərbaycanın əlində bütün zəruri hərbi və digər rıçaqlar var. Amma Bakının hədəfləri arasında müharibə yoxdur. Bizə müharibə lazım deyil. Səfalət içində olan erməni xalqına isə hamıdan çox lazım deyil. Demək, rəsmi İrəvan heç olmasa, öz xalqının ümdə mənafeyi naminə siyasi hoqqabazlıqlardan əl çəkib sülh sazişini tezləşdirməlidir. Çünki 2023 gerçəkdən də kapitulyant ölkə üçün son şans olacaq. Azərbaycan rəhbərinin təbirincə desək, Ermənistan hakimiyyəti heç olmasa, burnundan uzağı görməyi bacarmalıdır: “Bu il, məncə, son şans olacaq. Çünki ondan sonra 2024-cü ildir, 2025-ci ildə isə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar heç olmasa, burnundan bir az da uzağı görməlidirlər”.

Paşinyan hökuməti gərək bunu da unutmasın ki, 2021-ci ilin erkən parlament seçkilərində erməni toplumu məhz sülh istədiyi üçün onun partiyasını qalib edıb. Yəni ilk növbədə Azərbaycanla barışığa nail olmaq üçün ona mandat verib. Təəssüf ki, Nikol və komandası iki ildir bu mandatdan süi-istifadə edir. O zaman erməni xalqı yeni “sink tabutlar” almaq istəmirsə, vacibdir ki, səs verdiyi hakimiyyətə təzyiqi artırsın. Əks halda, “çanaq” yenə onun başında sınacaq...  

“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin