Azərbaycan Xalq Cümhuriyyəti: Dövlətçilik Ruhunun Qürur Tarixi

1918-ci il mayın 28-i təkcə bir tarix deyil – bu gün Azərbaycan xalqının müstəqillik iradəsinin, milli özünüdərk və azadlıq uğrunda apardığı mübarizənin rəmzinə çevrilmişdir. Məhz həmin gün, Şərqdə və müsəlman dünyasında ilk dəfə hüquqi, demokratik və dünyəvi dövlət – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olundu. Bu hadisə, yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq aləminin siyasi və ideoloji mənzərəsində dönüş nöqtəsi idi.AXC-nin yaranması ilə müsəlman Şərqində ilk dəfə olaraq milli parlament formalaşdırıldı, müstəqil hökumət quruldu, dövlət atributları – üçrəngli bayraq, himn və gerb təsis olundu. İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı öz müstəqilliyini bütün dünyaya bəyan etdi. Ən önəmlisi isə insan hüquqları, azad seçki, hüquq qarşısında bərabərlik kimi universal dəyərlər qanunvericilik müstəvisində qəbul olundu.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, AXC qısa zamanda çoxşaxəli fəaliyyət göstərdi. Milli ordu quruculuğu, təhsil islahatları, qadınlara seçki hüququnun verilməsi və Bakı Dövlət Universitetinin təsis olunması kimi addımlar xalqımızın milli inkişaf yolunda atdığı mühüm addımlar idi. AXC, həmçinin beynəlxalq aləmdə tanınmaq üçün ciddi diplomatik səylər göstərdi. Paris Sülh Konfransında nümayəndə heyətinin iştirakı, ilk səfirliklərin açılması bu istiqamətdə atılan mühüm addımlar sırasında idi.

AXC-nin süqutundan sonra belə, onun ideyaları xalqımızın yaddaşında və şüurunda yaşamağa davam etdi. 1991-ci ildə qəbul edilən “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası özünü AXC-nin hüquqi varisi elan etdi. Bu hüquqi bəyannamə ilə yanaşı, milli ruhun, azadlıq eşqinin və demokratik dəyərlərin varisliyi də təsdiqləndi.

XX əsrin sonunda müstəqilliyini yenidən bərpa edən Azərbaycan dövlətçiliyi böyük sınaqlarla üzləşdi. Daxili çəkişmələr və xarici təzyiqlər fonunda ölkə ağır böhran yaşayırdı. Məhz belə bir məqamda xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyini bərpa etdi və müstəqilliyin sabit əsaslar üzərində inkişafını təmin etdi. Onun müdrik siyasəti nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan möhkəmləndi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz AXC-nin təməlini qoyduğu ideyaların real təcəssümünə çevrilmişdir. Xüsusilə, 2020-ci ildə  Vətən müharibəsindəki tarixi Zəfər xalqın milli birliyinin, müstəqil qərarvermə gücünün və dövlətçilik iradəsinin rəmzi oldu.Ulu öndər Heydər Əliyev müstəqilliyin memarı, onun qoruyucusu olduğu kimi, bu gün də Prezident İlham Əliyev müstəqil Azərbaycanın inkişafının təminatçısıdır. Onun rəhbərliyi ilə ölkəmiz həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclənmiş, torpaqlarımız işğaldan azad olunmuş, üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə, Laçında dalğalanmışdır.

2007-ci ildə Bakıda ucaldılmış İstiqlal Bəyannaməsi abidəsi bu ruhun əbədi simvoluna çevrilmişdir. Bu abidə təkcə keçmişə hörmət deyil, həm də gələcəyə inamın nişanəsidir. Çünki bu günün Azərbaycanı – regional lider, etibarlı tərəfdaş və qlobal təşəbbüslərlə çıxış edən bir ölkə – AXC-nin ideyalarının yaşadığını, onların müasir reallıqlara çevrildiyini sübut edir.

Nəticə etibarilə, 28 May – təkcə tarixə yazılmış bir gün deyil, azərbaycançılıq düşüncəsinin, xalq hakimiyyətinin və demokratik dövlət quruculuğunun bayramıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurla deyə bilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu dəyərlər bu gün də yaşayır və inkişaf edir. Onların keşiyində durmaq isə hər birimizin tarixi və mənəvi borcudur.

YAP Şuşa rayon təşkilatının sədri   

 Təvəkkül Əliyev

Rəylər

Aşağıdakı məlumatları qeyd edin