İrəvan isterikada: regionda mümkün müharibə olsa, “Azərbaycan da bizi...”

Erməni ekspertlər İranla Qərb arasında artan gərginliyin Ermənistana təsirlərini açıqlayıblar; “Azərbaycan Zəngəzuru tuta bilər” qorxusu var

İran ətrafında artan gərginlik Ermənistanı da ciddi narahat edib. Erməni ekspertlər İrandakı vəziyyətin mümkün inkişafının Ermənistana necə təsir edə biləcəyini şərh edirlər. Misal üçün? “Orbeli” mərkəzinin ekspertləri, şərqşünas Janna Vardanyan və politoloq Andrias Qukasyan İran ətrafındakı vəziyyətin Ermənistan üçün təhlükəli olduğunu düşünürlər.

“Əvvəllər də İrana oxşar və daha böyük hücumlar olub. Son hücumu əvvəlkilərlə nə miqyasda, nə də vurulan zərərin miqdarında müqayisə etmək olmaz. Sadəcə, bu hücum İslam Respublikasının müxtəlif şəhərlərində guya çoxlu partlayışlar olması barədə güclü informasiya hücumu ilə müşayiət olundu. Əslində İsfahanda Müdafiə Nazirliyinin istehsalat sexinə hücum faktı rəsmən təsdiqlənib. İran digər partlayışlarla bağlı məlumatları təkzib edib. Bu güclü dezinformasiya axını ərəb, İsrail, Türkiyə və Azərbaycan mediasından gəldi. Və onlar yalnız iki hadisədən bəhs edən nüfuzlu Amerika nəşrlərində təsdiqlənmədi”, - deyə Janna Vardanyan bildirib.

Andrias Qukasyan isə bildirib ki, İranla İsrail arasında müharibənin olacağı, eləcə də Azərbaycanın da bu konfliktdə iştirakı ehtimalı azdır: “Çünki tərəflər buna hazır deyil. Bu gün baş verənlər təxribatda təzahür edən hibrid müharibənin elementləridir. Ermənistanın ərazi bütövlüyü məsələsində İranın "qırmızı xətti" yoxdur. Beynəlxalq hüquq normaları var. Amma  Ermənistanda təbliğat aparılır ki, beynəlxalq hüquq normaları yoxdur və Azərbaycan müharibə edib Süniki (Zəngəzur - E.S.) işğal edə bilər. İran ətrafındakı vəziyyət Azərbaycana Ermənistana təcavüz etmək üçün əsas vermir. İranın pilotsuz təyyarələrin hücumlarına cavab verməməsi onu göstərir ki, İran hakimiyyəti Qərblə münasibətləri kəsib hərbi qarşıdurmaya girmək və ya çətin məsələlərin diplomatik yolla həllini axtarmaq barədə yekun qərar verməyib".

Erməni ekspertlər onu da bildirirlər ki, Tehran Ermənistanın təbii müttəfiqidir və orada hansı siyasi dəyişikliklər baş verirsə, xalqın əksəriyyəti yenə ermənilərə tərəf olacaq, demək, bütün hallarda İrəvan regionda tək olmayacaq.

İran ətrafında gərginlik Ermənistanın siyasi dairələrini çətin duruma salıb. Rəsmi İrəvan baş verənlərə hələ ki münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. Qərb də Paşinyan komandasından seçim tələb edəcək: ya anti-İran koalisiyasına qoşulmaq, ya da molla rejimini dəstəkləmək...

Politoloq Murad Sadəddinov “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a qeyd etdi ki, İran əleyhinə koalisiya artıq formalaşmaq üzrədir. Siyasi ekspertin sözlərinə görə, xüsusən İsrail və Səudiyyə Ərəbistanı İranı darmadağın etməyə hazırdır: “ABŞ-ın mövqeyi isə bir qədər sürüşkəndir. Demokratlar İranın zəifləməsində maraqlı görünmür, çünki ABŞ Türkiyə, körfəz ölkələrində təsir imkanlarını itirə bilər. Bu səbəbdən Bayden administrasiyasında tərəddüd var. Amma İsrail başda Benyamin Netanyahu olmaqla, Vaşinqtona ciddi təzyiqlər edir ki, "bizə dəstək verin, İranın nüvə proqramının qarşısını alaq". Ermənistana gəldikdə, anti-İran blokuna o ölkələr cəlb olunacaq ki, onun qüvvəsi koalisiyanın gücünə güc qatsın, bir dəstək olsun. Ermənistanın özünün hansı gücü var ki, koalisiyaya kömək etsin?! Onun anti-İran blokunda olub-olmaması əhəmiyyətli deyil. Ona görə hadisələr başlayanda  Ermənistana heç fikir verən olmayacaq, hətta ayaq altında qalacaq. Çünki ermənilər həmişə böyük dövlətlərin bölgədə maraqlarının toqquşmasından istifadə ediblər, amma supergüclər öz arasında hesablaşmanı həll edəndə Ermənistan ayaqaltı olacaq".

Erməni şərhçilərin Zəngəzur xofuna gəlincə, M.Saddədinov xatırlatdı ki, üçtərəfli birgə sənəd var və Ermənistan öhdəlik götürüb: “İrəvanın borcudur ki, bu koridoru versin. Onlara çığırda-çığırda dəhlizi açdıracaqlar. Zəngəzura hücum etməyə qaldıqda, Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Amma Ermənistan da nəzərə almalıdır ki, bizim insanları oradan necə çıxarıblarsa, indi qayıtmasına imkan yaratmalıdırlar. Biz Qarabağ ermənilərinə hansı şəraiti yaratmışıq, onlar da bu addımı atmalıdırlar. Bu, sadəcə, tarixi ədalətin bərpasıdır”.

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev hesab edir ki, Ermənistanda bir isterika var: “Erməni analitiklər başa düşürlər ki, getdikcə dayaqlarını itirə bilərlər. Rusiya ilə düşmənçilik, Qərbdən gələn dəstək heç də Azərbaycanın siyasətinə təsir etmir, qardaş dediyi Fransa hörmətdən düşüb, böyük qardaş saydığı İran isə vayına oturub. Bu mənada ermənilər bir neçə stulda oturmağın hansı fəsadlar verəcəyini düşünürlər. Beynəlxalq münasibətlərin dünyada gərgin olduğu bir vaxtda kiçik Ermənistan özünə dayaq axtarır, amma strateji yanlışlıq etməkdən qorxurlar”. Partiya sədrinin fikrincə, indiki halda Ermənistan Qərb və İran arasında oynayır, Rusiyaya buynuz göstərir: “Bu siyasətin şapalağının özlərinə dəyəcəyi qənaəti var. Erməni fikir adamları görürlər ki, Paşinyan Rusiyadan sonra İranı da itirsə, o zaman Ermənistanın vəziyyəti pisləşəcək. Amma İrana hücumlar başlasa, Ermənistan bir müddət neytral dayana bilər, sadəcə, hara qədər...”

F.Əliyev postmüharibə dövründə Ermənistanda böhran yaşandığını düşünür: “Məğlubiyyətdən sonra özlərinə gələ bilmirlər. Ermənistan ordusunu dirçəltməyi hədəfləyib, İrandan və Hindistandan silah alır, Avropa İttifaqı isə vəsaiti hərbi yardımlar üçün ayırmır, onlara demir ki, silahlanın. Bu ikibaşlı siyasət göz qabağındadır. Qərb Paşinyandan hesab istəyə bilər ki, İrandan niyə silah alırsan. Ona görə Ermənistanın bəlli olmayan xarici siyasəti müstəqil deyil, xaotikdir. Üstəlik, qorxu var ki, bölgədə qarışıqlıq yaranarsa, Azərbaycan Ordusu daha da irəliləyə, strateji yüksəklikləri götürə bilər. Çünki KTMT-dən, Rusiyadan əllərini üzüblər, Fransa qətnamə qəbul etməkdən başqa bir işə yaramır, beləcə üçtərəfli sənədi tam icra etmək bu ilin sonuna qədər gerçəkləşməsə, ermənilər "Dəmir yumruq" yeməyi haqq edəcəklər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin