Moskva Brüsseldəki mümkün Əliyev-Paşinyan görüşünü “qaraladı”

Rusiya XİN-in nümayəndəsi Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etmək cəhdlərini kobudluq adlandırdı, onların iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr olmadığını dedi 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Münhendə dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşünə dair sualları cavablandırıb. O, Vaşinqtonun sülh danışıqlarına dəstək verdiyini söyləyib. Ned Prays həmçinin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın yenidən görüşə biləcəyini diqqətə çatdırıb.

“Blinken son bir neçə ay ərzində gördüklərimizi əks etdirirdi. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, ABŞ-la ikitərəfli əməkdaşlığın, üçtərəfli əməkdaşlığın, Avropa İttifaqı (Aİ) diplomatiyasının da gördüyü işlərin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası Prezidenti Şarl Mişelin ev sahibliyi etdiyi danışıqlarda bir araya gəlməsini görəcəyimizə ümid edirik. Beləliklə, bu tərəqqinin davamını görəcəyimizə ümidliyik. Biz bu dialoqu, bu diplomatiyanı hərtərəfli həll yolunda dəstəkləməyə davam edirik. Dediyimiz kimi, qeyd etdiyimiz əhəmiyyətli irəliləyişlər var. Tərəqqinin davam etdiyini görmək üçün əlimizdən gələni edəcəyik”, - o deyib. Ehtimal edilir ki, görüşdə Münhendə razılaşdırılmış məqamların detalları müzakirə ediləcək. Hətta Avropa İttifaqının Bakı və Xankəndi arasında müəyyən məsələlərdə iştirakı da mümkündür.

Rusiya isə artıq mümkün görüşü “qaralayıb”. “Ümid edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya ilə birgə hazırlanmış sülh təşəbbüsləri həyata keçiriləcək”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Bu regionda tərəflərin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidlər var”, - deyə o vurğulayıb.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etmək cəhdlərini kobudluq adlandırıb. Onun sözlərinə görə, bu siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlərlə həyata keçirilir.  “Təəssüf ki, biz burada uzun illərdir ki, bu tendensiyanı müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar”, - diplomat əlavə edib. O xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur. Eyni zamanda qeyd edib ki, kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov da Qərb paytaxtlarının Cənubi Qafqazda aktivləşməsinə qıcıqlı reaksiya vermişdi. Düzdür, bu reaksiyalarda Ermənistan hakimiyyətinə xəbərdarlıq notları daha aydın hiss olunurdu. Amma Rusiya Ermənistanın və Azərbaycanın Qərblə təmaslarına isti yanaşmır, bunu özünə təhlükə sayır. Bu mənada Zaxarovanın son açıqlaması da rəsmi Moskvanın siyasətinin məntiqi davamı sayıla bilər.

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Mariya Zaxarovanın kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayının artdığı və münaqişələrin həlli istiqamətində uğurlu nümunələrin olmadığı barədə dediklərində qismən həqiqət var: “Reallıq isə ondan ibarətdir ki, Rusiyanın özünün də münaqişələr və onların həlli ilə bağlı siyasəti Qərbin siyasətindən fərqlənmir, bir çox hallarda daha kobud üslubda, daha böyük aqressiya ilə həyata keçirilir. Qərblə bağlı məsələ aydındır, "demokratiya", “insan hüquq və azadlıqları”, “totalitar rejimlərlərə qarşı mübarizə” adı altında yürüdülən ekspansiya siyasətini bu gün dünyada hər kəs görür və Qərbin növbətçi təbəssümünün arxasındakı qanlı dişlərin parçalamağa, qanlı əllərin isə hökm sürməyə amadə olduğunu anlayır. Amma söhbət postsovet məkanındakı münaqişələrdən və onların həllindən gedirsə, burada hədəf olaraq, Qərbdən daha çox Rusiya göstərilməlidir. Çünki bu münaqişələr Moskva tərəfindən Rusiyanın təsir gücünü qoruyub saxlamaq üçün yaradılıb".

E.Mirzəbəyli qeyd etdi ki, Rusiyanın MDB adlanan və hazırda heç nəyə yaramayan təsisatı yeni müstəqil dövlətlərin təhlükəsizlik məkanına çevirə, onların ərazi bütövlüyünü qorumaq üçün prinsipial mövqe sərgiləyə, separatizmə münasibətdə açıq və sərt siyasət yürüdə və postsovet məkanında təhlükəsizliyin, dövlətlərin sərhədlərinin toxunulmazlığına, suverenliklərinə təminat verən lider ölkə missiyasını yerinə yetirə bilərdi: “Amma bunu istəmədi və istəmədiyi üçün də bacarmadı. Əlində bütün imkanlar, təsir mexanizmləri olduğu halda, bu missiyanı yerinə yetirmək istəməyən, müstəqil dövlətlərin suverenliklərinə, ərazi bütövlüklərinə təhdid yaradan, zorbalıq edən bir ölkənin indi mahiyyəti hər kəsə aydın olan Qərbi ittiham etməsi, ən yaxşı halda zəiflik əlamətidir. Müasir dünyada giley-güzarla lider olmaq mümkün deyil. Rusiya hələ sovet dövründə Qərbin maraqlarının nələrdən ibarət olduğunu bilirdi. Qərbin geosiyasi nəzəriyyələrinin diktə etdiyi şərtlərin nədən ibarət olduğunu anlayırdı. SSRİ-nin süqutundan sonra dəyişən postsovet məkanındakı reallıqlar oldu, Qərb isə dəyişmədi və dəyişə də bilməzdi. Qalib tərəf nə üçün dəyişməli, ona qələbə qazandıran nəzəriyyə və mexanizmlərdən nə üçün imtina etməlidir ki? Bu baxımdan qalibin, ona uğur gətirən geosiyasi nəzəriyyələri, bu nəzəriyyələrin gerçəkləşməsi üçün istifadə edilən mexanizmlər də dəyişmədi. Rusiya isə SSRİ-nin varisi, yəni məğlub tərəf kimi qalibə bənzəməyə çalışdı, özünə perspektivi olmayan geosiyasi nəzəriyyələr uydurdu və nəticədə Qərbin parodiyasına çevrildi. Halbuki SSRİ-dən qalma bir sıra müsbət mexanizmləri üzv dövlətlərin suverenliklərinə, ərazi bütövlüyünə daha ciddi dəstək verməklə, təkmilləşdirərək qoruyub-saxlamaq olardı”. Siyasi şərhçi bildirdi ki, Rusiya mövcud olan münasibətlər sistemini təkmilləşdirmək, həm iqtisadi, həm də siyasi sistemin ədalətliliyi baxımından lider ola bilmədi və nəticə də ortadadır: “Buna görə də sənə onsuz da düşmən münasibəti bəsləyən, güclənməyini arzulamayan qütbü imtina etməkdənsə, səhvlərdən nəticə çıxarmaq daha doğru olar. Rusiya indi də postsovet məkanına daxil olan dövlətlərin ərazi bütövlüyünə dəstək verdiyini bəyan etməklə və bu istiqamətdə əməli addımlar atmaqla ciddi dəyişikliklərə nail ola bilər. Hazırda isə bunu etmək çox çətindir və böyük siyasi iradə tələb olunur”.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırlatdı ki, keçmiş illərdə bölgəni təsir dairəsində saxlayan əsas ölkə Rusiya idi: “Amma İkinci Qarabağ müharibəsindən sonra vəziyyət köklü surətdə dəyişdi, Türkiyənin bölgədə rolu və çəkisi artdı. Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsindən sonra rəsmiləşdi və Moskva bunu qəbul etmək məcburiyyətində qaldı. Üstəgəl, Türkiyənin Ermənistanla dialoqu başladı və bu dialoq hazırda da davam edir”.

E.Şahinoğlu bildirdi ki, bölgədə daha iki oyunçu təsir gücünü artırıb: “Bunlar ABŞ və Avropa İttifaqıdır. Avropa İttifaqının bölgədə təsir gücünün artması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Ermənistanın Avropa missiyasını öz ərazisində yerləşdirməsi  bizim xoşumuza gəlməsə də, bizim də Avropa İttifaqı ilə sıx münasibətlərimiz, enerji əməkdaşlığımız var, elektrik nəql edəcəyik, əsas tərəfdaşlarımız Avropa Birliyi ölkələridir. ABŞ-la da əməkdaşlığımız davam edir. Amerikanın bölgədə rolu və çəkisi artır. ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində fəallığını artırıb. Keçən ilin sentyabrında xarici işlər nazirləri Nyu-Yorkda görüşdülər, fevralda isə Münhendə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə vasitəçi kimi iştirak etdi”. E.Şahinoğlu qeyd etdi ki, danışıqlar üçün üç format var: “Bunu Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb. Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçilik edən Moskvadır, Vaşinqtondur və Brüsseldir. Biz bu formatların hər birindən istifadə edirik. Vaşinqton və Brüssel formatı bizim üçün daha faydalıdır. Niyə? Çünki Moskva deyir ki, guya bizim daxili işlərimizə qarışmır, amma deyir ki, Qarabağ məsələsi sonraya qalsın. Biz isə sonra da bu məsələni müzakirə etmək istəmirik, Qarabağ məsələsi bizim daxili məsələmizdir. Vaşinqton və Brüssel isə ümumiyyətlə, Qarabağ məsələsinə toxunmur. Əsas hədəfi Azərbaycanla Ermənistan arasında sülh əldə etməkdir ki, bu, bizim maraqlara da cavab verir”. O ki qaldı Qarabağdakı erməni sakinlərlə başlayan təmaslara, politoloqun sözlərinə görə, Rusiya hərbi kontingenti vasitəçi kimi çıxış etsə belə, bu məsələ də bizim daxili işimizdir: “Biz həm Ermənistan istiqamətində dialoqu davam etdiririk, həm də Qarabağ erməniləri ilə. Qərbin bizdən əsas istəyi və tələbi bu idi ki, Qarabağ erməniləri ilə danışıqlar aparaq. Dialoqa başlamaqla bu aləti də bir çox mərkəzlərin əlindən almış olacağıq”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə bu fikirdədir ki, rəsmi Moskva bölgədə sülh perspektivlərində Qərbin oynadığı rolu həzm edə bilmir: “Bunu hər formada nümayiş etdirən Moskva bölgədə əlavə güclərin fəallaşmasına əngəl törədir. Nəticədə rəsmi Moskva bölgəni və Qərbi şantaj etməyə çalışır. Amma proses artıq başlayıb. Azərbaycan isə bölgədə tərəflərin fəallığından narahat deyil. Ölkəmiz qalib tərəf kimi şərtləri diktə edir. Biz prosesin məntiqi yekununda maraqlıyıq”. T.İsmayılov qeyd etdi ki, Moskvanın nə etməsindən və deməsindən asılı olmayaraq, Azərbaycan sülhün reallaşmasını istəyir: “Bir tərəfdən baxanda da bu, bizim maraqlarımız baxımdan təhlükəli deyil. Qərb və Rusiyanın geopolitik rəqabəti prosesi ölü nöqtədə saxlamır”.

E.PAŞASOY,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin