Avropa Parlamentindən yeni anti-Azərbaycan qətnaməsi - bizdən də rüşvət istəyirlər?

Erməni lobbisinin korrupsiya pullarına bulaşmış qurumun qərəzli münasibətindən qurtula bilmirik...

Avropa Parlamentinin Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamlardan ibarət qərəzli qətnaməsində Azərbaycanın guya Ermənistana “hərbi təcavüz etməsi”, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağ” və sair bu kimi son istifadə müddəti illər öncə tükənmiş, çürümüş, iylənmiş sərsəmləmələr yer alıb.

Yada salaq ki, ötən ilin dekabrından həbs edilən Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adı milyonlarla dollarlıq korrupsiyada hallanır. Eva Kailin ifşa olunanadək Avropa Parlamentində həm də erməni lobbisinin fəal üzvlərindən biri kimi çıxış edirdi. Onun adının, həbsindən bir ay əvvəl Avropa Parlamentinə ölkəmiz əleyhinə qətnamə layihəsi təqdim edən 33 parlamentarinin siyahısında yer alması E.Kailinin lobbiçilik fəaliyyətinin nə qədər çoxşaxəli və genişmiqyaslı olduğunu sübuta yetirir.

E.Kailin də Avropa Parlamentindəki Ermənistanla “dostluq” qrupunun digər üzvləri kimi, erməni separatçılarının və ASALA da daxil olmaqla, erməni terror təşkilatlarının hamisi, ultramillətçi “Daşnaksütyun”un Avropadakı “ədalət və demokratiya uğrunda erməni federasiyası” adı altında gizlənmiş təsisatının rəhbəri, erməni lobbisinin rüşvət və korrupsiya şəbəkəsinin əsas fiqurlarından olan Kaspar Karampetyanın yaxın ətrafına daxil olan şəxslərdən sayılır. Belçikanın “Le Soir” nəşrinin son araşdırmalarından birində yer alan Avropa parlamentarilərinin 13 faizinin üçüncü şəxslərin dəvəti ilə müxtəlif səfər və ziyafətlərdə iştirak etməsi ilə bağlı faktlar isə şübhəsiz ki, aşkarlanan faktların cüzi bir hissəsini təşkil edir.

Lakin bu faktlar da Avropa Parlamentindəki real durumun anlaşılması üçün yetərlidir. “Le Soir”in araşdırmasında belə səfər və ziyafətlərin əsasən Ermənistan və erməni diasporu tərəfindən təşkil olunduğu bildirilir. Avropa Parlamentinin qəbul etməyə hazırlaşdığı növbəti “qətnamə” də Azərbaycan üçün heç bir hökmü olmayan əski parçası olsa da, bu qurumun qərəzli münasibətindən qurtula bilmirik. Bəlkə bizdən də rüşvət istəyirlər? Biz nə edə bilərik? Avropa İttifaqı ilə əlaqələrimiz normal inkişafda olduğu halda, Avropa Parlamenti niyə bizimlə yola getmir, nə verib ki, bizdən ala bilmir?

Günel SƏFƏROVA: Dünyaya barış mesajı – Yeni Çağ Media

Günel Səfərova

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın “Yeni Müsavat”a bildirdiyinə görə, belə qətnamələrin qəbulunda siyasi amillər var. Hüquq müdafiəçisinin fikrincə, digər səbəb isə diaspor fəaliyyəti ilə izah olunmalıdır. G.Səfərova bir neçə avropalı parlamentari tanıyır ki, onlar üçün Azərbaycan, yaxud Ermənistan fərqi yoxdur: “Ona görə informasiya baxımından beynəlxalq təşkilatları davamlı məlumatlandırmaq mərhələsinə keçə bilməmişik. Biz hadisəni danışa bilmirik, fikirləşirik ki, onsuz da tarixi torpaqlarımız olduğunu bilirik, amma bunu beynəlxalq aləmə çatdırmaqla bağlı mütəmadi, sistemli şəkildə nə vətəndaş cəmiyyəti, nə qruplar böyük ölçüdə iş görə bilir. Əgər hər gün 10-15 məktub getsə, faydası ola bilər. Məsələn, bir parlamentari mənə demişdi ki, ona ermənilərdən tez-tez məktublar gəlir. Bu mənada biz daha çox işləməliyik”.

QHT rəhbəri deyir ki, 44 günlük müharibədə ordunun niyə Xankəndinə daxil olmadığını indi də cəmiyyət tez-tez soruşur: “Bu gün baş verənlərə baxanda, əleyhimizə qətnamələrin qəbulunu görəndə qiymətləndirmək olar ki, nə üçün bu addım atılmadı. Çünki müxtəlif rakurslardan bizə hücumlar olacaqdı. Bundan əlavə, bu gün bəyan edirik ki, öz ərazimizə qanunsuz silah daşınır, amma bu faktı dünyaya lazımi qədər çatdıra bilmirik. Yəni problem buradadır. Hətta Azərbaycanda vətəndaş cəmiyyətinin elə "fəalları" var idi ki, bizə sanksiya qoyulmasına çağırış edirdilər. Mən hələ elə erməni fəalı tanımıram ki, öz ölkəsi haqda belə təşəbbüs qaldırsın. Eyni zamanda öz içimizdə olanlar var ki, Laçın yolunda “humanitar böhran” haqda postlar yazırlar. Bu da müəyyən qədər Avropa Parlamentində qətnamələrə təsir edir. Deməzdim ki, o dərəcədə gücləri var ki, onların mövqeyi rol oynayır, amma təsir elementi var. Eyni zamanda Avropa Parlamentinin qərəzli davranışlarında həm siyasi, həm dini faktorlar var. Halbuki Azərbaycan həmişə stabil və davamlı tərəfdaş olub, Rusiya kimi Qərbi qazla təhdid etməyib ki, sənə enerji verməyəcəm. Bu gün Şərqi Avropa ölkələrinin enerji tələbatı Azərbaycandan asılıdır, amma Bakı heç vaxt ritorikasında təhdidlə danışmır. Amma əfsus ki, bununla belə, Avropa Parlamentinin qərəzli münasibəti mövcuddur. Ancaq vətəndaş cəmiyyəti dövlətə kömək etməlidir, yükü dövlətin üzərinə qoymaq olmaz".

Emil SALAMOĞLU

Rəylər

Aşağıdakı məlumatları qeyd edin