Yeni aprel döyüşləri anonsu - İran və Rusiya qarışmayacaq...

Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatların yox, hərbçilərin danışacağını bildirib

Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar son proseslər, xüsusilə rəsmi İrəvanın sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan imtina etməsi, zaman qazanmağa çalışmasına görə yaranan gərginlik fonunda gündəmə gəlir, o cümlədən beynəlxalq müstəvidə bu il Bakı və İrəvan arasında hərbi toqquşma proqnozlarından qaynaqlanır. Bu barədə erməni siyasi fəal Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində iddia edib.

Erməni fəal düşünür ki, Azərbaycan aprel ayının sonunda hərbi müstəvidə addımlar ata bilər. “Ermənistanın baş naziri Avropa ölkələrində sülh dilənir, xahiş edir və yalvarır ki, Azərbaycan hücuma keçsə, beynəlxalq birlik bunun qarşısını alsın. Paşinyanın Berlindəki çıxışı da bu səpkidə idi. Beynəlxalq birlik buna məhəl qoymaq fikrində deyil. Hərbi eskalasiya reallıqdan daha artıqdır. Avropalılar isə yenə əvvəlki kimi "mövqelərə qayıdın" çağırışı edəcək və hər şey bununla yekunlaşacaq. Altı aydır ki, ABŞ və Avropanın müxtəlif ölkələri Azərbaycanı sentyabr döyüşlərində nəzarətə götürdüyü ərazilərdən geri qayıtmağa çağırır, lakin bu, reallıqda heç nəyi dəyişmir. Yeni müharibə və yeni ərazilərə nəzarət zamanı da Azərbaycana yalnız şifahi çağırışlar ediləcək", - erməni şərhçi yazır.

Onun fikrincə, İran hazırda hücum təhlükəsi ilə üz-üzə olduğu üçün onun da reaksiyası şifahi bəyanatlardan uzağa getməyəcək: “Azərbaycan yeni hərbi addımlarını Mehridən, yəni İranla sərhəddən uzaqda ata bilər. Bunun Göyçə və Dərələyəz istiqamətlərində baş verməsi ehtimalı daha böyükdür”.

Qeyd edək ki, erməni müəllifin bu iddiası Qazağın işğal altında olan 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlıdır. Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatların yox, hərbçilərin danışacağını bildirib. Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqeyi ilə bütün sülh prosesini baltalayır. Ekspert hesab edir ki, Ermənistanı Rusiya xilas edə bilərdi, lakin Moskva da prosesə seyrçi qalacaq. “Bu, həm diqqətinin Ukrayna müharibəsində olmasından, həm də Paşinyanın anti-Rusiya siyasətindən qaynaqlanır”, - deyə o bildirib.

Bəhruz Məhərrəmov: “Brüssel prosesi İrəvan üçün faktiki son xilas imkanıdır”

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov dedi ki, İrəvan sülh müqaviləsini müxtəlif bəhanələrlə ləngitməklə vaxt qazanmağa çalışır: “Prosesi uzatmaqda İrəvanın bir məqsədi var, yenidən güc toplayaraq Vətən müharibəsinə qədərki işğal status-kvosunu bərpa etmək, hətta mümkünsə yeni ərazilər əldə etmək. Eyni zamanda Ermənistan yalnız müharibəyə hazırlaşmır, həm də daxildə anti-Azərbaycan əhvalını yüksəltmək, insanları revanşizmə sövq etmək, beynəlxalq aləmdə isə Azərbaycan əleyhinə müxtəlif kampaniyalar aparmaqdadır. Xüsusən Avropa Parlamenti kimi korrupsiyalaşmış strukturlar bu məsələdə İrəvanla muzd qarşılığında həmahəng davranır.

Əlbəttə, İrəvanın bu planları indidən puç olmağa məhkumdur, çünki İrandan 3-5 raket, Fransadan, Rusiyadan müəyyən silah və texnikalar almaqla hərbi potensialının 80%-i məhv edilmiş ölkənin yarasına dərman olmayacaq. Müharibədən öncəki durumda ordu quruculuğu üçün İrəvana azı 5 il lazımdır. Amma nəzərə alaq ki, Azərbaycan Vətən müharibəsindən sonra hərbi imkanlarını qat-qat artırıb, yaxın 5 ildə isə güc və döyüş qabiliyyətimiz indikindən müqayisəsiz formada artıq olacaq. Üstəlik, hazırda bütün yüksəkliklər Azərbaycanın nəzarətindədir. Digər tərəfdən, Azərbaycan İrəvanın mövcud status-kvonu davam etdirib hərbi imkanlarını artırmasına da göz yummaq niyyətində deyil. Cənab İlham Əliyev bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində açıq formada bəyan etdi ki, 2023-cü il Ermənistan üçün son şans ilidir. Ermənistan da bunu başa düşür və istər müttəfiqləri İran və Fransa, istərsə də bəzi beynəlxalq təşkilatlar vasitəsilə təzyiq mühiti formalaşdırmaq istəyir. İrəvanın anti-Rusiya siyasətinə baxmayaraq, Moskva da müəyyən formada bu prosesdə rol alaraq Qarabağdakı separatçıların hərbi imkanlarının artırılması istiqamətində birbaşa iştirak etməyə, qanunsuz yüklərin gizli daşınmasına yardım etməkdədir. Əlbəttə, Bakı buna göz yummayacaq və artıq yekun sülh müqaviləsi önündə Qordi düyününə çevrilmiş əngəlləri kəsib atmağın zamanı olduğunu dərk edirik. Hər kəs də əmin ola bilər ki, Ermənistan sülh yolunda adekvat mövqe sərgiləməzsə, mövcud təhlükəni aradan qaldırmaq üçün uzun müddət gözləməyəcəyik".

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycanın hərbi əməliyyatlara başlaması ilə bağlı ehtimallar günün tələbidir və kifayət qədər realdır: “Azərbaycan daha 28 ili boş-boş danışıqlara vaxt sərf etmək niyyətində deyil. Müharibəni dayandıran üçtərəfli bəyanat var və həmin bəyanatın tələbləri hələ də icra olunmamış qalır.

Sülh müqaviləsinə kimlər mane olur - Rusiya, yoxsa...

Rəşad Bayramov

Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Erməni hərbi birləşmələri hələ də ərazilərimizdən çıxarılmayıb. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib və yenə də bəyanata müvafiq olaraq Xankəndi və ətraf rayonlardan olan insanlarımız hələ də öz yurdlarına qaytarılmayıb. Sadalananlara Ermənistan rəsmilərinin və separatçı rejim nümayəndələrinin son dövrlərdəki bəyanatlarını da əlavə etsək görərik ki, hərbi əməliyyatlar qaçılmazdır."

Politoloqun bu fikirləri də xüsusi diqqət çəkir: “Onu da nəzərə almalıyıq ki, Azərbaycanın Qarabağ məsələsi ilə bağlı indiyə qədər əldə etdiyi uğurların hamısı məhz elə güc nümayişi hesabına əldə olunub. Belə ki, on illərlə icra olunmayan BMT Təhlükəsizlik Şurası Qətnamələri 44 günlük müharibə hesabına icra olundu, mina xəritələri əsirlərin qaytarılması hesabına əldə olundu, Laçın şəhərinin boşaldılması və alternativ yola keçid üçün konkret müddət təyin etdik və ermənilər nə qədər dirəniş göstərsə də Laçın şəhərini boşaltmaq məcburiyyətində qaldılar. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımayan Ermənistan məhz elə sentyabr döyüşlərindən sonra Praqada və daha sonra Soçidə ərazi bütövlüyümüzü və suverenliyimizi tanıdığını bəyan etdi. Bütün bunlar bir daha sübut edir ki, onların başa düşdüyü yeganə dil güc dilidir. O ki qaldı region ölkələrinin və kənar oyunçuların hərbi əməliyyatlar zamanı tutacaqları mövqeyə, buna ümumiyyətlə fikir vermək lazım deyil. Onsuz da ayrı-ayrı ölkələr bizim hansı addımlar atmağımızdan asılı olmayaraq təzyiq göstərməyə davam edəcək. Başqa sözlə desək, Azərbaycan təzyiq göstərmək istəyəcəklərsə, buna hərbi əməliyyatlar başlamasa belə başqa bəhanələr tapacaqlar, necə ki, indi də tapırlar. Əgər ABŞ, Fransa, Almaniya, Avropa Parlamenti Laçın yolu bağlanmadığı və gündə həmin yolla yüzlərlə nəqliyyat sərbəst hərəkət etdiyi halda yenə də yolun bağlandığını iddia edib müxtəlif bəyanatlar verirlərsə, qətnamələr qəbul edirlərsə, demək ki, onlar üçün kimin haqlı olması və ədalətin kimin tərəfində olmasının elə bir əhəmiyyəti yoxdur. Odur ki, yenə təkrar edirəm, kimin nə deyəcəyini gözləməyə ehtiyac yoxdur. Onsuz da istər Rusiya, istər İran, istərsə də Fransa, Hindistan və s. ölkələr günü bu gün də Ermənistanı silahlandırmağa davam edirlər. Odur ki, Ermənistanın güclənməsini gözləməkdənsə, elə indi əməliyyatlara başlayıb məsələyə birdəfəlik nöqtə qoymaq ən düzgün yoldur”.(musavat.com)

Cavanşir ABBASLI,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin