“Rusiya sülhməramlıları Qarabağdan çıxacaq və...” - Polkovnikdən SENSASİON açıqlamalar

“Bu təxribatlar əvvəlkilər kimi gözlənilən idi. Birincisi, Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Azərbaycan ordusunun Vətən müharibəsində qələbəsindən sonra Ermənistan atəşkəs rejimini demək olar ki, mütəmadi şəkildə pozur. Bu da onu göstərir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi heç də konstruktiv mövqe tutmaq istəmir”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

sair.jpg (31 KB)

Hərbi ekspert bildirib ki, Ermənistan sülh müqaviləsinin bağlanmasında ya maraqlı deyil, ya da kənar qüvvələrin təzyiqi o qədər güclüdür ki, onlar müstəqil qərar qəbul edə bilmirlər:

“Fikrimcə, erməni xalqı çox yaxşı başa düşür ki, sülh müqaviləsi bağlansa, Zəngəzur dəhlizi işləməyə başlasa, Türkiyə ilə sərhədlər açılsa, bu, iqtisadi yüksəlişə səbəb olacaq. İqtisadi yüksəliş də stabilliyə aparan yoldur. Ancaq Ermənistanda gedən proseslər göstərir ki, SSRİ-i dağılsa da, bu ölkə heç vaxt müstəqil olmayıb. Ermənistan hərbi-siyasi rəhbərliyi yalnız müəyyən güclərin sifarişini yerinə yetirməklə məşğul olub. Belə olduğu halda onlar erməni xalqının marağını yox, xarici qüvvələrin Ermənistanda, regionda olan marağını təmin etməklə məşğuldurlar. Müharibədən 2,5 il keçib. Ermənistan hələ də sülh müqaviləsini bağlamır. Çünki onları hakimiyyətə gətirən qüvvələr bunu istəmir. Onlar həm daxildə, həm də xaricdə olan qüvvələrdir.

Paşinyan özü də etiraf edib ki, “sülh müqaviləsini bağlamaq lazımdır, ancaq mən bu şərtlərlə müqavilə bağlasam, bu, hətta fiziki məhvimə gətirib çıxara biləcək bir durum ola bilər”. Ona görə də Nikol Paşinyan hakimiyyətini və özünü qorumaq üçün öz xalqının və cəmiyyətinin maraqlarına zidd olsa da, sülh müqaviləsini bağlamayaraq gərginliyin davam etməsinə üstünlük verir”.

nikol.jpg (100 KB)

Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistandan istifadə edərək regionda vəziyyəti gərgin saxlamaqda maraqlı olan qüvvələr çoxdur:

“Xarici oyunçular getdikcə regionda aktivləşir. Həmin qüvvələr Rusiya-Ukrayna müharibəsi fonunda çox aydın görünürlər. Rusiyaya qarşı olan qüvvələr onu Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çox böyük səy göstərirlər. 

Sülh müqaviləsinin bağlanması ilə əlaqədar danışıqlar intensivləşsə də, bu regionda sabitliyə aparan nəticələr hələ də əldə edilməyib. Əldə etməyin perspektivi də yaxın zamanlarda görünmür.

Ali Baş Komandan İlham Əliyev deyib ki, “biz sülh müqaviləsi bağlasaq da, bu o demək deyil ki, Ermənistan təxribatlardan əl çəkəcək”. Ona görə də düşünürəm ki, bu, Ermənistanı xarakterizə edən bir ifadədir. Bu ifadə onu göstərir ki, Azərbaycan həmişə öz barıtını quru saxlamalıdır, silahlı qüvvələrini gücləndirməlidir, Dəmir yumruğunu hər zaman işlək vəziyyətdə saxlamalıdır.

prezident susa.jpg (156 KB)

Prezident İlham Əliyev bildirib ki, istər Ermənistanın daxilində, istərsə də onun havadarları tərəfindən aparılan işlər nəticəsində əgər Azərbaycana hər hansı bir təhlükə yaranarsa, dərhal adekvat cavab veriləcək. Prezident xalqa müraciətində ordu quruculuğunun bundan sonra da nəzarətdə saxlanılacağını diqqətə çatdırdı. Prezident İlham Əliyevin Şuşadan xalqa müraciəti həm bizim dostlarımıza, həm də düşmənlərimizə ötürülən mesajdır”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin bağlanmasında maraqlıdır:

“Azərbaycanın irəli sürdüyü 5 şərtin hər biri beynəlxalq normalara cavab verir.

Rusiya sülhməramlıların Azərbaycan torpaqlarında qalma müddətini uzatmaq istəyir. Qərb isə müqavilənin bağlanmasında maraqlıdır. Belə olduğu halda rus sülhməramlılarının Qarabağda qalmasına ehtiyac olmayacaq, onlar Azərbaycandan çıxmalı olacaqlar. Sonra da Ermənistanda Rusiyaya qarşı olan qüvvələri aktivləşdirərək Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq planları ortadadır.

Nə qədər ki, böyük dövlətlərin maraqları toqquşacaq, Ermənistana təzyiqlər artacaq, bu ölkənin hərbi-siyasi rəhbərliyi sülh müqaviləsinin bağlanması prosesini uzadacaq. Üçtərəfli bəyannamədə qeyd olunan, hələ də həyata keçirilməyən 4-cü bənd, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi, Zəngəzur dəhlizinin açılması gecikdiriləcək.

Azərbaycan tərəfi geosiyasi prosesləri nəzərə alaraq maksimum addımlar atır. Sülh müqaviləsinin bağlanması üçün əlindən gələni edir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin