İrəvandan Rusiyanı növbəti KTMT şantajı - bu dəfə nə istəyirlər?

Politoloq: “Ermənilər Rusiyanın Ermənistanın əvəzindən Azərbaycanla vuruşmasını istəyirlər”

İkinci Qarabağ savaşında, postmüharibə dövründə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrini Azərbaycan-Ermənistan proseslərinə cəlb etmək istəyən, bu yöndə rəsmi müraciətlər edən İrəvanın bu planları baş tutmadı. KTMT Azərbaycana qarşı hər hansı təxribat planında yer almadı. Ermənistanda həmçinin gördülər ki, KTMT-də Azərbaycanın dostları Ermənistanı dəstəkləyənlərdən çoxdur...

Bundan sonra Ermənistan vaxtaşırı KTMT-dən Rusiyaya qarşı şantaj aləti kimi istifadə etməyə başladı. Bugünlərdə - Moskva görüşü öncəsi Ermənistan Təhlükəsizlik Şurası KTMT-dən çıxmağı müzakirə edib.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq imkanlarını müzakirə edib, lakin indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur”. APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib. O, bu ehtimalın 2022-ci ilin sentyabrında Azərbaycanla şərti sərhəddə baş verən toqquşmalardan sonra Təhlükəsizlik Şurasının iclasında qaldırıldığını deyib.

“Amma bu addımı atmamaq və İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb”, - Mnatsakan Safaryan qeyd edib.

O, yaxın vaxtlarda KTMT-nin Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi bəyanatın müzakirə olunacağını vurğulayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yerli mediaya verdiyi müsahibədə Ermənistanda KTMT-dən çıxmaq variantının rəsmi səviyyədə gündəmə gətirildiyini deyib. Onun bu bəyanatı həm Ermənistanda, həm də Rusiyada hay-küy doğurub.

Armen Qriqoryan hətta şantajda bir qədər irəli gedərək deyib: “Hazırda KTMT-dən çıxmaq məsələsi Ermənistanın gündəmində deyil, lakin vəziyyətin inkişafından asılı olaraq bu, müzakirə oluna bilər.  Biz dəfələrlə bəyan etmişik ki, KTMT vəziyyətə siyasi qiymət verməlidir. Nə vaxtsa bu müzakirələr yenidən davam edə bilər. Hazırda gündəliyə müşahidəçilərlə bağlı məsələ daxildir”.

Beləliklə, bir daha aydın olur ki, hər dəfə Azərbaycanla hansısa bir danışıq, müzakirə, üçtərəfli görüş ərəfəsində Ermənistanda “KTMT-dən çıxırıq” bəyanatları səslənməyə başlayır. Bəs bu dəfə Ermənistan bu şantaja nə məqsədlə keçib? Ehtimal varmı ki, hansısa bir sənəd imzalanacaq və buna görə Rusiya Prezidenti Vladimir Putinə mesaj verirlər?

Oqtay Qasımov:

 Oktay Qasımov 

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan rəsmiləri tərəfindən KTMT ilə bağlı bu cür şantaj xarakterli bəyanatların verilməsi son yarım ildə ənənə halını alıb. Burada ermənilərin əsas məqsədi Rusiyanı şantaj etmək və Rusiyanı Güney Qafqazdakı proseslərdə Ermənistanın yanında olduğunu nümayiş etdirməyə, Azərbaycana qarşı sərt mövqe ortaya qoymağa məcbur etməkdir. Ermənilər Rusiyanın Ermənistanın əvəzindən Azərbaycanla vuruşmasını istəyirlər. Bunu açıq şəkildə nümayiş etdirirlər: “Ümumiyyətlə, ermənilər tarix boyu özləri üçün belə bir vərdiş yaradıblar ki, onları himayə edən havadarları onların əvəzindən vuruşmalıdır, onları qorumalıdır, onlar da parazit kimi yaşamalıdırlar. Bu gün ermənilərdə bu düşüncə dəyişməyib. Ermənilərin bu düşüncəsi yalnız KTMT ilə bağlı deyil. Nikol Paşinyanın son açıqlamalarına baxsaq, buna bənzər ifadələr Avropa İttifaqının mülki missiyasına şamil oluna bilər. Ermənilər Avropanı da "Sizdən üz döndərərik" şantajı ilə hədələyirlər. Nikol Paşinyan bir müddət əvvəl KTMT və Rusiya ilə münasibətlərdən bildirdi ki, Rusiya ilə təhlükəsizlik sahəsində Ermənistanın müqaviləsi olmasına baxmayaraq, bu gün Rusiya Ermənistanın təhlükəsizliyini müdafiə edən tərəf yox, əksinə, təhdid edən tərəf faktoruna çevrilib. Eyni ifadəni, xatırlayırsınızsa, bu yaxınlarda Çexiyada səfərdə olarkən Avropa İttifaqının mülki missiyası haqqında da səsləndirdi. Belə ki, ermənilər canfəşanlıqla Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsini tələb edəndə və Fransadan bununla bağlı dəstək görən zaman hesab edirdilər ki, mülki missiya Azərbaycanla sərhəddə yerləşəcək və onlar Ermənistanın maraqlarını nəzərə alaraq qeyri-obyektiv, yalan hesabatlar hazırlayaraq Avropa İttifaqına təqdim edərək Azərbaycana təzyiqləri artıracaqlar. Amma oktyabr ayından bəri bölgədə yerləşən, dekabr ayından isə həm say etibarilə, həm də uzun müddət etibarilə daha geniş tərkib, daha uzun zamana müəyyən edilmiş mülki missiya ermənilərin sərhəddə törətdiyi təxribatlarla bağlı Ermənistanın istədiyi kimi reaksiyalar vermədi. Keçən ayın 11-də Laçın istiqamətində baş verən hadisələrdən sonra Ermənistan tərəfi açıq şəkildə Avropa İttifaqının missiyasını da bu proseslərdə “obyektiv” rəy bildirməməkdə ittiham etdi. Bu da ermənilərin ənənəvi davranışı idi. İndi isə Ermənistan tərəfindən KTMT ilə bağlı Rusiyaya qarşı şantaj siyasətini yeniləyiblər. Rusiyanı aktiv şəkildə ermənilərin xeyri üçün proseslərə cəlb etmək istəyirlər".

Politoloq hesab edir ki, Ermənistanın bu istəyinin reallaşması hazırda qəti şəkildə real deyil. İlk növbədə o baxımdan ki, Rusiya özü Ukrayna savaşında ciddi bir böhranla üzləşib. Ermənilər hazırda Rusiyadan istədiklərini ala bilməyəcəklər. Əksinə, Rusiyanı çox şantaj etdikcə, Moskvanın qəzəbinə tuş gələ bilərlər: “Türkiyədəki seçkilərdə də nəticələr ermənilərin arzu etdikləri kimi olmadı. Bu amil də ermənilərin Rusiyadan gözləntilərinin reallaşmasını sual altında qoyur. Ermənilərin xəyallarının üstündən bu amil də xətt çəkir”.

Ermənistandan verilən bəyanatların yaxınlarda hansısa bir sənədin imzalanması ilə əlaqəli olub-olmadığına gəlincə, Oktay Qasımov yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını real hesab etmir: “Çünki proseslərin  gedişatı onu göstərir ki, biz hələlik bu istiqamətdə çox da böyük irəliləyişlər əldə etməmişik. Diqqət etsəniz Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşdən sonra Şarl Mişelin verdiyi bəyanatda da biz siyasi məsələlərdən daha çox texniki məsələlərin önə çəkildiyini görməkdəyik. Hər halda, yaxın bir neçə ayda sülh müqaviləsinin imzalanması real görünmür. O baxımdan, Ermənistandan verilən məlum anti-KTMT bəyanatlarını hansısa sülh sənədinin imzalanması ilə əlaqələndirməzdim. Sadəcə, bu, bir erməni variantıdır - havadarlarını şantaj etmək və nəticədə daha çox dəstək qazanmaq niyyəti daşıyır”.

Etibar SEYİDAĞA

Rəylər

Aşağıdakı məlumatları qeyd edin