Ermənistan sülh üçün konstitusiyasını dəyişməlidir - Türkiyəyə və Qarabağa görə...

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul edib. Hazırda qüvvədə olan Ermənistan konstitusiyasında işğalçı mahiyyətə malik bu qərara istinad mövcuddur. Belə şəraitdə Ermənistan hakimiyyətinin ən ali səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməsi bu ölkədə rəsmi olaraq anti-konstitusion hesab edilə bilər. Konstitusiyada həmçinin Türkiyəyə ərazi iddiaları da öz əksini tapıb.

 

Təsadüfi deyil ki, sonuncu Brüssel görüşündən əvvəl Ermənistanın sabiq xarici işlər naziri, revanşist-avantürist kəsimin nümayəndəsi Vardan Oskanyan da bu məsələni xatırladıb və Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hüququnun olmadığını bildirib.

 

Belə olan halda, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq və münasibətləri nizama salmaq, eləcə də Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün konstitusiyasına dəyişikliklər etməlidir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov qeyd edib ki, bu məsələ artıq Ermənistan müxalifəti tərəfindən səsləndirilib.


"Brüsseldə olan görüşdən sonra Vardan Oskanyan bir məqalə ilə çıxış etdi ki, bu dəqiqə məhz Paşinyanın dayandırılmalı olduğu vaxtdır. Yəni o müqaviləyə imza atmamalıdır. Paşinyan o sazişə imza atsa da, parlamentdən və konstitusiya məhkəməsindən də keçə bilməz. Təbii ki, bu, gələcəkdə münasibətlərdə problem yaradacaq. Amma bu məsələdən çıxış yolunu Ermənistanın keçmiş prezidenti Armen Sarksiyan bildirmişdi ki, Ermənistan konstitusiyası, qanunvericiliyi və bütün hər şey dəyişdirilməlidir. 1991-ci ildən sonrakı respublika artıq iflas edib. Ona görə də dördüncü respublika yaradılmalıdır", - deyə o bildirib.

 


F.Çıraqovun fikrincə Ermənistan qonşuları ilə münasibət qurmaq istəyirsə, konstitusiyasına düzəliş etməlidir:

 

"Mən Ermənistanın qanunvericiliyinin dəyişdirilməsi fikri ilə razıyam. Ermənistan əgər doğurdan da qonşuları ilə normal əlaqələr qurmaq istəyirsə, buna getməyə məcbur olacaq və onların qanunvericiliyində ərazi iddiaları ilə bağlı olan maddələr çıxarılacaq. Hələlik ilk məsələ Paşinyanın sülh müqaviləsinə imza atmasıdır. Vardan Oskanyanın dediyi kimi, görək bu, proesdurlardan necə keçəcək. Ondan sonra görəcəyik ki, Ermənistan Konstitusiya Məhkəməsi və parlamenti necə interpritasiya edəcək. Bu zaman hüquqi kazus ortaya çıxsa, Ermənistan öz daxilində və qonşuları ilə problem yaşayacaq. Həmçinin sülh müqaviləsinin imzalanmasını istəyən Qərb dövlətləri ilə Ermənistan arasında fikir ayrılıqları olacaq. Bu problem ortaya çıxarsa, müəyyən addımlar atmaq olar".

 

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə təəssüflə bildirib ki, Ermənistan işğalçı niyyətlərinə öz konstitusiyasında da yer verib.

 

"Bu da onların əsas məqsədlərinin bariz nümunəsidir. Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqları, onların Azərbaycanda qalaraq vətəndaşlığı qəbul edib yaşamaları ilə bağlı müəyyən mübahisə doğuran məqamlar var. Bunu da yaradan təbii ki, Ermənistan və ona dəstək verən ölkələrdir. Azərbaycan ermənilərin hüquq və azadlığı ilə bağlı olan məsələləri öz üzərinə götürüb. Ölkəmizdə yaşayan xalqların hüquqları Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənir", - deyə o söyləyib.

 

 

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, qarşı tərəf öz konstitusiyasına və dövlət simvollarına yenidən nəzər yetirməlidir:

 

"Ermənistan Ağrı dağını öz əraziləri kimi hesab etdiyindən bunu guya qanuniləşdirmək üçün öz gerblərində ona yer veriblər. Əgər Paşinyan hakimiyyəti sözlərində səmimidirsə, ilk olaraq bu məsələyə diqqət etməlidir. Azərbaycanla da bağlı Ermənistanın belə çirkin addımları var. Bu baxımdan təbii ki, sülh danışıqlarında hər hansı bir sənəd imzalancaqsa, Ermənistan üzərinə öhdəlik götürməlidir ki, yaxın aylarda referendum keçirərək konstitusiyasına dəyişiklik etsin".

 

Deputat Aydın Mirzəzadə isə deyib ki, Ermənistan həm konstitusiyasında, həm də müxtəlif dövlət rəmzlərində olan işğalçılıq nümunələrini aradan qaldırmalıdır.

 

"İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, ərazi bütövlüyü tanınmalı, sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunmalı və diplomatik əlaqələr qurulmalıdır. Həmçinin qarşı tərəf Azərbaycanın daxili işlərinə qarışmamaq barəsində öhdəlik götürməlidir. Ölkəmiz bunu onsuz da edir, ancaq Ermənistan müxtəlif bəhanələrlə öz üzərinə düşən məsələləri icra etməkdən yayınır. Ermənistanın baş naziri sözdə Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsinə və normal qonşuluq əlaqələrinin yaradılmasına çağırış etsə də, faktiki olaraq bunun yaranması üçün heç bir addım atmır", - parlamentari qeyd edib.

 

A.Mirzəzadə vurğulayıb ki, Bütün bu olanlar azmış kimi Ermənistan Azərbaycan ərazisində hələ də öz silahlı qüvvələrini saxlayır:

 

"Həmçinin, ölkəmizə qarşı siyasi və hərbi təxribatlara əl atır. Ermənistan Türkiyə və Azərbaycanla normal münasibət qurmaq istəyirsə, gerbindən Ağrı dağının rəsmini götürməlidir. Ora tarixi olaraq türk torpağıdır və onun adı Ararat deyil. Eyni zamanda, Ermənistan konstitusiyasındakı qonşu ölkələrə qarşı ərazi iddiaları ilə dolu maddələr çıxarılmalıdır. Bunu nə vaxt və necə edəcəklərini özləri bilər. Onlar Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqla büdcələrini artıracaq və bu, yüzlərlə iş yerinin açılmasına gətirib çıxaracaq".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin