“Ermənistanla şərti sərhədin o tayında 100-ə yaxın xaraba kəndimizin taleyi necə olacaq?..”

“Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürübsə, deməli, sərhəd məntiqini pozub...”

Son vaxtlar Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasından danışarkən müxtəlif illərin xəritələrinə istinad olunmasından bəhs edilir. Məsələn, Ermənistan baş naziri Nikol Paşinyan daha çox keçmiş sovet-rus ordusu baş qərargahının 1975-ci ildə tərtib etdiyi xəritələri əsas götürməyi təklif edir. Bir sıra erməni şərhçilər isə 1929-cu ilin SSRİ xəritələrindəki inzibati sərhədlərin guya daha ədalətli çəkildiyindən dəm vurur. Bəs məntiqlə və hüquqi-tarixi baxımdan  Azərbaycanın müstəqil olduğu, Ermənistanın isə Rusiyanın qapazı altından müvəqqəti çıxdığı  1918-1920-ci illərin, yəni hər iki ölkənin de-fakto və de-yure işğal edilməsinədək olan ərazilərin sərhədləri əsas götürülməli deyilmi? Yoxsa buna əngəl olan amillər çoxdur?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri ifadə edib:

“Bilrirsiz, tərəflər arasında öhdəlik var ki, sərhədlərin müəyyənləşdirilməsində 1991-ci il Alma-Ata deklarasiyası əsas götürülsün. Yəni söhbət sovet dövrünün  inzibati xəritələrindən  gedir. Lakin həmin administrativ xəritələrin konkret olaraq hansı ilə aid olması göstərilmir, sadəcə ümumi prinsiplər açıqlanır. Yəni buna istənilən şəkildə baxmaq olar. Siz dediyiniz kimi, iki münaqişədə olan ölkə: Azərbaycan və Ermənistan hansısa müddətdə Sovet İttifaqını təşkil edərkən hansısa real xəritələrlə daxil olublarsa, bu gün də  sərhədlərin delimitasiya və demarkasiya prosesində həmin xəritələr əsas götürülə biilər. Yəni bu məntiqi biz niyə inkar edək?.. 

Hesab edirəm ki, 1922-ci ilədək, yəni SSRİ qurulanadək olan Azərbaycan ərazisini də əsas götürmək mümkündür. Yəni müzakirə üçün mövzular çoxdur. Ancaq reallığı da nəzərə almaq lazımdır.  Çünki indiki şərti sərhədin o tərəfində, yəni Ermənistanın nəzarətində olan 100-ə yaxın qədim Azərbaycan kəndi var ki, ermənilər yüz illərlə orada yaşayan soydaşlarımızı 35 il öncə qovublar və hazırda həmin məntəqələrdə heç kəs yaşamır.  Məsələn, bir müddət öncə Ermənistanın şərti sərhəd məntəqələrindən birindəki bir evdə erməni əsgərlərin kütləvi şəkildə yandığı Azat kəndi də belə kəndlərdəndir. Bəs onların taleyi necə olacaq? Bu da eyni münaqişənin nəticəsidir, yoxsa yox?.. Əlbəttə, nəticəsidir. Azərbaycan və Ermənistan tərəfləri həmin vaxt bir-birlərinin sərhədlərini tanıyıblar? Xeyr, tanımayıblar.  Yəni söhbət ondan gedir ki. ümumiyyətlə, sərhəd məfhumu birtərəfli məsələ deyil. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürübsə, deməli, sərhəd məntiqini pozub. Bu qəsbkar ölkənin məntiqsizliyi ilə özünün vaxtilə iddia etdiyi  sərhəd də indi yoxdur. Bu gün isə deyir ki, bizim sərhədlər 29,8 kvadrat kilometrlik  ərazini əhatə edir. Deməli, özləri öz sərhədlərini ləğv ediblər. Belə isə Ermənistanın özünün 30 il ərzində tanımadığı sərhədi biz niyə tanımalıyıq? Kimsə bunun məntiqini izah etsin. İki sərhəd ola bilməz axı... Bir sözlə, əvvəlki söhbətimizdə qeyd etdiyim kimi, 1 iyun Kişinyov görüşlərindən sonra danışıqların gündəmində olan əsas mövzu sərhədlərlə bağlıdır. Və bu, ümumi proseslərə çox böyük təsir edəcək. Çünki müzakirələr bunu göstərir ki, artıq Azərbaycan da məntiqi suallar verir: axı siz hansı sərhəddən danışırsız? Özünüz inkar etdiyiniz sərhəddən? Bu, məntiqə uyğun deyil”,- deyə sabiq baş diplomat vurğulayıb. 

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin