Ermənilərin Türkiyədən köçürülüb gətirilməsi

1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir. Hücumu genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.


 

Rus ordusunun türk qoşunları üzərində qələbələrinin təmin edilməsində erməni silahlı dəstələrinin və Şərqi Anadoluda yaşayan ermənilərin böyük rolu olmuşdur. Müharibənin əvvəlində yeni təşkil edilmiş Erməni vilayətinin ərazisində 2800 nəfərdən ibarət piyada və kavaler dəstələri təşkil edilmişdir. Bu dəstələr çox zaman rus qoşunlarının önündə gedirmişlər.


 

Birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində İrəvan xanlığının ərazisindən qaçqın düşmüş azəri türkləri Şərqi Anadoluda türk paşalıqlarının ərazilərində sığınacaq tapmışdılar. Daha öncədən-rusların “1801-ci ildə Gürcüstan işğalından sonra Borçalı və Qazax boyları ilə Qarapapaq uruğundan (tayfasından) gələn tərəkəmə türkləri qaçıb köçərək Çıldır və Arpaçayı kəndlərində yerləşmişdilər”. Rusların Şərqi Anadoluya hücumu zamanı qırğınlara və yenidən köçməyə məruz qalanların əksəriyyəti yenə də azəri türkləri idilər. Bu dəfə onlar Türkiyənin içərilərinə doğru köçməyə məcbur olmuşdular.


 

Türk tarixçisi Kemal Beydili “1828-1829-cu illərdə Osmanlı-rus savaşında Şərqi Anadoludan Rusiyaya köçürülən ermənilər” adlı araşdırmasında həmin dövrün qaçqınlıq faciəsini rəsmi qaynaqlar əsasında belə təsvir edir: “Ərzurumu ələ keçirən ermənilər düşmən önünü beləcə boş görüb Bayburda qədər getmiş və ətrafdakı qəzaları da dəhşətə salmışdılar. Ətraf əhali ya ruslara boyun əymək, ya da yollara düşüb sağa-sola dağılmaqdaydılar. Ərzurum və Ərzincan ətraf kəndlərində sığınacaq yerləri alan Qars və Axıska mühacirləri bu halı görüncə, Şərqi Qarahisar tərəflərinə doğru yönəlməkdəydilər. Minlərlə insanın yollara düşərək təlaş içində köç etmələrinə şahid olanların gözlərinə isə bu durum, sanki bunların “arxalarından gavur sürüb götürürmüş kimi dəhşətverici” bir şəkildə təqib edilir və hər tərəfi vahimə içində tərk edirdilər. Kəlkit, Şirlan, Gümüşxana, Ərzincan, Tercan və Şərqi Qarahisar bölgələrindəki xalq da bu hal qarşısında vəsvəsə edərək hər biri bir tərəfə köçməyə və dağılmağa başlamışdır”.


 

1829-cu ilin avqustunda ruslar Balkan cəbhəsində İstanbula yaxınlaşan zaman II Sultan Mahmud barış istəmiş və sentyabrın 2-də Ədirnə müqaviləsi imzalanmışdı. Müqaviləyə görə Axılkələk və Axıska bölgələri Rusiyanın tərkibinə keçmiş, işğal edilmiş qalan ərazilərin Türkiyəyə qaytarılması qərara alınmışdı.


 

Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş ərazilərində qalan ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə Rusiyanın tabeliyinə keçmək hüququ verilmişdi. Rusların Qars, Ərdahan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə salmışdı. Erməniləri bu vəziyyətdən xilas etmək üçün rus qoşunlarının komandanlığı onları yeni işğal edilmiş ərazilərə köçürməyi və bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə xristianların say üstünlüyünü təmin etməyi qərara almışdı. Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: “Bayaziddə 2 min erməni bizim əsgərlərin cərgəsində vuruşmuşdular, Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon təşkil edilmişdi, onların ailələrindən – 10 min nəfərinin başının üstünü labüd təhlükə almışdır. Bu bədbəxt qurbanlara diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan qisas almasına yol verməyin.


 

Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm.


 

Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl kifayət edəcəkdir”.


 

Noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki, imperator onun təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal əməli fəaliyyətə keçir. O, dekabrın 3-də Gürcüstan mülki qubernatoruna məktub yazaraq göstərir ki, artıq Türkiyə paşalıqlarında yaşayan xristianların Gürcüstana və Rusiyaya mənsub vilayətlərə köçmək istəyən və bunun üçün maddi yardım tələb etməyən ailələrinə yola düşmək üçün bilet (vəsiqə) verməyi yerli qoşun rəislərinə icazə vermişəm. Bundan istifadə edən bir çox ailələr dərhal yola düşürlər. Qars və onun ətrafından köçənlər onların yaşadıqları ərazilərin iqlim şəraitinə uyğun olan Ələyəz (Alagöz) ətrafındakı boşalmış kəndlərdə məskunlaşdırılmışdılar. General Pankratyev Paskeviçə xəbər verir ki, Loru dərəsində yerləşmək üçün 95 ailəyə bilet (vəsiqə) vermişdir. General mayor Bereman həmçinin Qarsdan çıxıb Gümrüyə yola düşən 400 ailəyə bilet verdiyini bildirmişdi. Paskeviç köçürmə işlərinə və köçürülən ailələrin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün xüsusi komitə təsis etmişdi. Komitənin fəaliyyəti üçün 12 maddəlik ümumi qaydalar müəyyən etmişdi. Bu qaydalar aşağıdakılardan ibarət idi:


 

1. Köçürülənlər Rusiyanın ərazisinə daxil olan kimi onların qayğısı üçün bütün sərəncamları köçkünlər komitəsi verəcəkdir.

2. Köçürülmə prosesi sona yetənədək, köçürülənlərin hamısı yaşayış yerlərində məskunlaşdırılanadək, kəndlərdə köçkünlərin təsərrüfat qayğıları həll edilənədək komitə öz fəaliyyətini davam etdirməlidir. Bundan sonra Baş komandanlıq hesabat verib fəaliyyətini dayandırmalıdır.

3. Komitə dərhal Gürcüstanda və digər əyalətlərdə boş dövlət torpaqları haqqında məlumat toplamalıdır.

4. Bütün köçkünlər üç zümrəyə ayrılmalıdırlar: 1) tacirlər və alverçilər, 2) sənətkarlar və istehsalın hər hansı növündən baş çıxaranlar, 3) əkinçilər və yaxud kəndlilər. Köçkünlərin məskunlaşdırılması zamanı tacirləri və sənətkarların şəhərlərə və bu işlə məşğul olmağa imkan olan yerlərdə, kəndliləri isə kəndlərdə yerləşdirmək, bu zaman iqlim şəraitini və əvvəlcə məskunlaşdıqları səviyyəni nəzərə almaq lazımdır. Yelizavetopolda (Gəncə), digər şəhər və əyalətlərdə boş dövlət evləri vardır, ona görə də sənətkarları və tacirləri həmin yerlərdə yerləşdirməyi komitə nəzərdə tutmalıdır.

5. Köçkünlər Komitəsi Türkiyə ərazisində köçürülənlərin siyahısını hərbçilərdən tələb edən zaman onların haradan köçürüldükləri, hansı işlə məşğul olmaları haqqında məlumat verməyi tələb etməlidir.

6. Komitə çalışmalıdır ki, köçürülən kəndlər bütövlüklə, bu mümkün olmazsa, qonşuluqda yerləşdirilsinlər.

7. Komitə köçürülənləri lazımi qədər torpaqla təmin etməlidir (hər kənddə ailələrin, hər ailədə nəfərlərin sayına mütənasib olaraq.

8. Köçürülənlər bütünlüklə dövlət torpaqlarında, əgər kifayət etməsə, kilsə və mülkədar torpaqlarında yerləşdirməlidirlər.

9. Köçürülənlər 6 il müddətinə vergilərdən, 3 il müddətinə torpaq mükəlləfiyyətindən azad edilməlidirlər.

10. Yeni köçürülən xristian kəndlərini müsəlman kəndləri ilə qarışdırmamaq, onlardan ibarət ayrıca mahallar və dairələr təşkil etmək lazımdır.

11. Köçürülənləri məskunlaşdırmaq üçün yer seçərkən rahatlığı, gözəlliyi və yaxşı suyu olmasının qayğısına qalmaq lazımdır.

12. Köçürülən hər bir ailəyə orta hesabla 25 rubl gümüş pul həcmində köməklik göstərilməlidir.


 

Köçkünlərin məskunlaşdırılması zamanı bu təlimata ciddi əməl edilmişdi. İstər indiki Ermənistan və Gürcüstana, istərsə də Azərbaycanın Gəncəbasar və Qarabağ əyalətlərinə köçürülən ermənilər yığcam halda, təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu olan dağətəyi rayonlarda və şəhərlərdə yerləşdirilmişdilər.


 

1830-cu il yanvarın 22-də Paskeviçin Çernışeva göndərdiyi məlumatında göstərilirdi ki, Qars və ətrafından keçən 2500 ailə onun sərəncamı ilə yaşadıqları yerin iqlim şəraitinə uyğun olaraq Ələyəz yaxınlığında (Pəmbək distansiyasında) boşalmış kəndlərdə yerləşdirilmişlər.


 

Türkiyə hökuməti onun ərazisində pərakəndə halda yaşayan ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyu ərazilərdə yığcam halda yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də bu köçürmənin qarşısını almaq məqsədilə rusların gəlişi zamanı ermənilərin türklərə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq, onlardan haqq-hesab çəkməmək qərarını verərək, fevralın 17-də yerlərdəki ermənilərə “Əfvnamə”lər göndərirlər. Lakin Ərzurum ermənilərinin “qarabaşı” (katolikosu) bu “Əfvnamə”lərə rəğmən, etdikləri cinayətlərin ağırlığını dərk edərək, ruslar geri çəkiləndən sonra onlarla haqq-hesab çəkiləcəyinə əmin olduğu üçün köçmək niyyətində olduqlarını bildirmişdi.


 

Ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə tərəfi işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən boşaldılmalı olan Ərzurum, Qars, Bayazid, Ələşgird və s. yerlərə açıq və ya gizli şəkildə öz nümayəndələrini göndərmişdi. Ərzurum ermənilərinin köç işlərinə maneçilik göstərildiyi, onların əmlak və torpaqlarının satılmasına türklərin əngəl törətdikləri haqda işğal edilmiş ərazilərdə köçürülmə işlərinə rəhbərlik edən general Pankratyev Paskeviçə şikayət məktubu göndərmişdi.


 

Köçürülən ermənilərin qoyub getdikləri əmlak və ərazilərin satılması məsələsini həll etmək üçün Paskeviç mayor Vannikovu Ərzuruma nümayəndə kimi göndərmişdi. Lakin ermənilərin sahib olduqları kəndlərin əksəriyyəti bir qədər əvvəl, yəni müharibə zamanı təhlükəsiz yerlərə köçməyə məcbur olan və ermənilərin satış yolu ilə aldıqları müsəlman kəndlərindən ibarət idi. Təkcə Qars bölgəsində bu yollarla ermənilər 80 kəndə bütünlüklə, 15 kəndin isə yarısına yiyələşmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən Axılkələk və Axıska bölgələrindən) Türkiyəyə qaçan türklərin qoyub getdikləri əmlak və torpaqların satışı müqabilində vəsaitin onlara çatmaması Rusiya tərəfini maraqlandırmırdı. Ona görə də onlar daşınmaz əmlaklarını, mülklərini və torpaqlarını qoyub gedirdilər.


 

Ədirnə müqaviləsində köçürülmə işləri üçün nəzərdə tutulan 18 aylıq müddətin başa çatmasının yaxınlaşmasını və bu işin ləngidiyini görən Paskeviç 1829-cu il fevralın 29-da Ərzurum və Qars valilərinə rus və türk dillərində məktub göndərərək bildirir ki, Türkiyədən köçürülən katolik ermənilərin təmsilçiləri arximandrit Tatosu, Müğdisi Karapeti və Ağacan Karapetyanı, frankların təmsilçiləri Ter-Hovanes Matevosovu Ağacan Osipovu və Hakop Hanakovu Ərzuruma göndərmişdir ki, ermənilərin qoyub gəldikləri əmlakların, taxıl sahələrinin və s. satışını təşkil etsinlər.


 

Müqavilədə göstərilən müddətin başa çatması ərəfəsində, yəni 1831-ci il aprelin 3-nə qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni ailələrinin təxmini sayı və məskunlaşdırıldıqları ərazilərin adları göstərilmişdir. Həmin sənədi təqdim edirik:


 

Haradan köçürülmüşdürKöçürülən ailələrin sayıHarada məskunlaşdırılmışdır
Ərzurumdan Ərdahandan7288 671. 5000 ailə Axıskada (paşalığın ərazisində). 2. 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında 3. 1305 ailə Pəmbək və Şörəyel distansiyalarında
Qarsdan24641. 2264 ailə Pəmbək və Şörəyel distansiyalarında 2. 200 ailə Talın mahalında
Bəyaziddən4215Erməni vilayətində – Göyçə gölü ətrafında, Baş Abaranda
Cəmi14044 ailə 


 

Sənədin bu cədvələ əlavə qeydində göstərilir ki, heç də digər yerlərdəki nümayəndələrin hamısı tam və dəqiq hesabat təqdim etmədikləri üçün neçə nəfərin köçürüldüyü göstərilməmişdir. Əgər bir ailədə orta hesabla altı nəfər götürülsə, nəticədə 84 mindən artıq erməni və yunanların köçürüldüyü məlum olur. Bəzi erməni tarixçiləri köçürülənlərin 90 mindən artıq, bəziləri isə 100 minə yaxın olduğunu göstərirlər.


 

Ermənilərin İrandan köçürülməsi zamanı fəallıq göstərən hərbçilər və din xadimləri mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr zamanı xidməti olanlar da mükafatlandırılmışdılar.


 

Ərzurumdan ermənilərin köçürülməsi işindəki xidmətlərinə görə 1830-cu il oktyabrın 20-də arxiyepiskop Karapet 1-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdi. Sonralar İmperator I Nikolay 1837-ci ilə Axıskaya gedərək Karapetlə görüşmüş, həmin xidmətinə görə ona öz minnətdarlığını bildirmişdi.


 

İmperatorun fərmanı ilə 1831-ci il aprelin 24-də Türkiyədən köçürülən ermənilərin təsərrüfat ehtiyaclarını ödəmək üçün verildiyi vaxtdan 4 il keçəndən sonra, 6 il müddətinə faizsiz olaraq qaytarmaq şərti ilə xəzinədən 380 min gümüş rubl ayrılmışdı.


 

Ümumiyyətlə, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra İ. Şopenin Erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində) apardığı siyahıyaalınmanın nəticələrinə görə, vilayətin ərazisinə 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdlərinin köçürüldüyü göstərilir, Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarının 129 kəndində yerləşdirilmişdilər.


 

İndiki Ermənistan ərazisinin Şörəel və Loru-Pəmbək bölgələri 1801-1805-ci illərdə Gürcüstana birləşdirildiyindən Erməni vilayətinə daxil edilməmişdi. 1829-cu ilə qədər, yəni Rusiya-Türkiyə müharibəsindən sonra ermənilərin rəsmi köçürülməsinə qədər Şörəyel-Pəmbək distansiyasına 1536 ailə (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575 nəfər kişi cinsi) köçürülmüşdü. 1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına köçürülmüşdülər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri (frankları) var idi. Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdilər. Şörəyel bölgəsinin (Gümrü ətrafı – indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Z. Balayan «Ocaq» kitabında yazır: «Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bidlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda (keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dan artıq yaşayış məskənindən türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar». Z. Balayan bu bölgəsinin əhalisinin bütünlüklə Türkiyədən gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, həmin ərazidə vaxtilə türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.


 

İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yerləşmişdilər. 1834-cü ilin məlumatına görə İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məskunlaşmışdılar.


 

Ələyəz dağının ətəyində bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezidi kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərində gəlib yerləşmişdilər. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən Araqats rayonu təşkil edilmişdir.


 

Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının Alakilsə, Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər.


 

* * *


 

Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə (İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər.


 

Lakin hələ 19-cu əsrin əvvəlində Rusiyanın müəyyən dairələri rus ordusunun Zaqafqaziyada işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus koloniyalarının – kazakların, malakànların, duxoborların və s. yerləşdirilməsinə üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə hazırlanmışdısa da, sonralar icrası təxirə salınmışdı. N. N. Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: «Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… 1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəlliflər) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır.


 

Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi.


 

N. Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.


 

Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.


 

Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən – əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir.


 

31.07.2018

Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998, səh. 33-44

Rəylər

Aşağıdakı məlumatları qeyd edin