Şuşalı etnoqraf alimin “Şuşa İli” çərçivəsində 23 məqaləsi dərc olunub

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Şuşa, sən azadsan!” nidasıyla 28 illik ayrılıqdan sonra ömrümüzün şuşalı günləri başladı. Sanki Azərbaycanın bu mədəniyyət beşiyininin 30 il əsarətdə qalmasında hamımız günahkardıq, ona görə də hər kəs artıq həqiqi sahiblərinə qovuşmuş Şuşanın yaralarını tək-tək sarımağa, müqəddəs şəhərimiz qarşısında öz borcundan çıxmağa çalışır. 2022-ci ilin “Şuşa İli” elan olunması isə Şuşa qarşısında öz borcunu verməyə çalışanlar üçün əvəzsiz bir şans oldu.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçinin “Şuşa İli” çərçivəsində 23 məqaləsi dərc olunub. Şuşalı etnoqraf alimin “Dağlıq Qarabağ münaqişəsi və müharibəsində məcburi köçkünlərin kollektiv yaddaşı” mövzusunda təqdimat və məqalələri Azərbaycan, Türkiyə və Rusiyanın elmi nəşrlərində dərc edilib. Şuşalı alimin sözlərinə görə, Qarabağın tarixi-mədəni irsi kollektiv yaddaş kontekstində araşdırılıb: “Şuşalı məcburi köçkünlərin kollektiv yaddaşı və kollektiv travmaları mövzusunda araşdırmalar aparmışam. Bu araşdırmalar sosial kateqoriyalar və yaş qrupları üzrə uşaqlar, gənclər, orta nəsil və yaşlı nəsil nümayəndələri arasında, qadınlar, uşaqlar və kişilərin söhbətləri əsasında, Qarabağ qaziləri, müharibə iştirakçıları və münaqişədən zərər çəkənlər arasında aparılıb”.

P.Ahənçi “Şuşa İli” çərçivəsində Azərbaycan, Türkiyə, ABŞ və Rusiyada keçirilən 20-dən artıq respublika və beynəlxalq elmi konfransda həm məruzəçi, həm də moderator kimi iştirak edib.

Qeyd edək ki, etnoqraf alim P.Ahənçi doğulduğu, ömrünün 29 ilini yaşadığı doğma Şuşa şəhərinə də elə 29 il sonra, 58 yaşında “Şuşa İli” çərçivəsində qovuşub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin