”Şuşa sizin üçün nədir” sualının cavabı...

        Kəmalə Cahidqızı yazır...

Adətən, iştirakçısı olduğum tədbirlərdə, dəvət aldığım efirlərdə, müsahibələrdə son olaraq nə qədər şablon səslənsə də ənənəvi sual ünvanlanır: ”Şuşa sizin üçün nədir?”...

Cavabım?..

Şuşa-qayğısız uşaqlığım!

Şuşa-heç yaşaya bilmədiyim gəncliyim!

Şuşa-xoşbəxtliklə keçirəcəyim ahıl çağım!.. 

Şuşa ilə bağlı qeydlərimə niyə bu fikirlə başladım, bu barədə yazının sonunda. Hələliksə xatırlamalı, həm də xatırlatmalı daha başqa məqamlar var... 

Şuşa işğal ediləndə 18 yaşındaydım. Həyat mənə görə, tək bir pəncərədən gördüyüm mənzərədən ibarət idi və bu mənzərədən hədsiz xoşbəxt idim... Mənim üçün həyat hər səhər Şuşadakı evimizdən işlədiyim “Şuşa” qəzetinin redaksiyasına getməkdən, çox sevdiyim işimlə-jurnalistliklə məşğul olmaqdan ibarət idi və həyatın başqa tərəfləri, başqa  mənzərələri olduğunu qətiyyən düşünməzdim. Hətta 1991-1992-ci illərdə, tək Şuşanın yox, Qarabağın, bütövlükdə Azərbaycanın ən ağır, ən çətin zamanında belə mən, Şuşada yaşamaqdan çox xoşbəxt idim və o ağır günlərdə belə bir gün Şuşadan kənarda yaşaya biləcəyim ağlıma da gəlməzdi...

Yaşadım amma... Yaşadıq... Daha doğrusu, sadəcə illər keçdi, təqvim dəyişdi,uzun illər boyu Şuşadan uzaq qaldıq, amma Şuşadan uzaqlaşmadıq. Gün oldu, sındıq, aşağılandıq, bəzən ümidsizləşdik, amma Şuşasız olmadıq, fikrən, xəyalən qayıtdıq Şuşaya, işğaldan əvvəlki təsəvvürlərimizlə dolaşdıq küçələrini. O məsum. Saf Şuşamızın düşmən tapdağında xarabalığa çevrilməsi fikrini qəbul etmədik, yaxın buraxmadıq özümüzə... Beləcə, 28 il 6 ay yaşlandıq, amma əslində bu rəqəm 2-yə, 3-ə... vuruldu bizim üçün. Tez qocaldıq Şuşadan uzaq, elə Şuşa kimi kiçildik, sıxıldıq, büzüşdük... Ta ki...o möcüzə baş verənədək...

...Nə gözəl ki, bu gün, Şuşa əsarətdən xilas olub tarixinin ən möhtəşəm dövrünü yaşayır. Dövrümüz Şuşa dövrü, ilimiz Şuşa ili, günlərimiz Şuşa ilə dolu. Şuşa artıq yuxularımızdakı şəhər deyil, xoşbəxtcəsinə yuxuya getdiyimiz şəhərdir. Şuşa indi qaranlıqda qalan keçmişimiz deyil, gözümüzü açdığımız işıqdır, aydınlıqdır...

Şuşa bu il tarixinin 270-ci ilini qeyd etdi. Adına layiq, özünə layiq. Şuşa tarix kitabının 270-ci səhifəsini çevirdi bu il. Heç vaxt görmədiyi qədər sevgi ilə, özünə yaraşan hörməti ilə. Bu il hamı ŞUŞALI oldu. Milyonların VƏTƏNİ oldu ŞUŞA. Hüsnünün gözəlliyinə tamaşa etmək istəyi cəlb elədi dünyanın o başındakıları və görənləri özünə məftun etdi Şuşa. Ona can atanların sayı çoxaldı, onu daha çox sevməli olduğumuzu anlatdı bizə Şuşa, daha çox qorumalı olduğumuzu, daha çox dəyər verməli olduğumuzu anlatdı... 

...Nəhayət... Şuşalı olduğumuz üçün heç vaxt olmadığım qədər qürurlandıq bu il. Şuşa bərpa edilir, tikilir, yenidən qurulur, daha çox inkişaf edir, daha da gözəlləşir. Möhtəşəm qayıdışa da az qalıb artıq. Şuşanın daimi sakinləri olacağımız, beləliklə də yaşaya bilmədiyimiz illərin həsrətinin bitəcəyi, deməli, mənə təkrar-təkrar ünvanlanan eyni suala verdiyim cavabın reallaşacağı günlərə də az qalıb: “Şuşa, sən həm də mənim xoşbəxtliklə keçirəcəyim ahıl çağım olacaqsan...”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin