Şuşanın küçələri

On doqquzuncu əsrin ikinci yarısında Şuşada 52 küçə, 116 dalan və döngə vardı. Küçələrin bəzilərinin adları (Cəfərqulu xan, Mehmandarovlar, İrəvan, Poçt Petrovsk, Mixaylovsk, Qolitsin Dondukov, və sair) tarixi şəxsiyyətlərlə, nəsillərlə, orda yaşayan əhalinin sosial və ictimai vəziyyəti, məşğul olduqları peşə və sənət sahələri ilə bağlı idi. Füsünkar , təkrarolunmaz və qeyri-adi körkəmi olan bu şəhərə gözəlliyi təkcə onun dağlıq relyefi, bir-birindən dəyərli saray və imarətləri yox, həm də bütün koloriti ilə orta əsrlər Şərq şəhərlərini xatırladan bazar və meydanları, ensiz dalanları, dolaşıq döngələri, dar küçələri verirdi. Şəhər kələ-kötür qaya üzərində, dərəli-təpəli bir sahədə yerləşdiyindən onun küçələridə enişli yoxuşlu idi və hər biri də əyri-üyrü, köndələn, darısqal döngələrə və dalanlara ayrılırdı. Ona görə də bu yaşayış sahələri salınarkən ərazinin təbii-coğrafi şəraiti və iqlim xüsusiyyəti heç şübhəsiz, nəzərə alınırdı. 

Küçələr iki yerə bölünürdü. İctimai, dini, və ticarət mərkəzlərini birləşdirən böyük və geniş küçələr əsas, balaca dolanbac küçələr isə ikinci dərəcəli hesab olunurdu. Lakin bu bölgüyə baxmayaraq, onların əksəriyyətinin bədii-memarlıq cəhətdən böyük əhəmiyyəti vardı və xüsusi maraq doğururdu. Bu cür memarlıq quruluşu həm də şəhərin planlaşdırılmasında mühüm rol oynayırdı.

Üç küçə isə (Rastabazar, Şeytanbazar və Merdinli) şəhərin eni boyu uzandığından tamamilə düzdür və bir çox xüsusiyyətlərinə görə o birilərindən fərqlənir. Bunlardan ən uzunu və enlisi mərkəzdən keçərək şimaldan şərqə doğru uzanan və şəhəri iki hissəyə ayıran Rastabazardır. Şuşanın ən məşhur, ən gözəl, ən dəbdəbəli bu əsas küçəsinin başlanğıcındakı ərazi “Bazar başı meydanı” , yəni bazarın başlanğıcı, qurtaracağındakı sahə isə “Meydan” adlanır. Qarabağ xanlığının divanxanası, Gövhər ağa məscidi, Meydan bulağı, Mirsiyabovların karvansarası burada yerləşir. Bu küçə Böyük bazarla Bazar başı meydanını birləşdirən iri ticarət mərkəzi idi. Küçə boyu o əl-bu əldə əttar, nüsxəbənd, bəzzaz, baqqal, zərgər və sair iri, sanballı dükanlar sıralanırdı. 

Rastabazar geniş, müstəsna dərəcədə təmiz və səliqəli idi. Gecələr piltə və yağla işləyən lampalarla işıqlanırdı. Az-az şəhərlərdə olduğu kimi bu küçəyə xüsusi qaydada ağ sal çay daşları döşənmişdi. Yolun sağında da, solunda da eni 1,2-1,5 metr olan səki salınmış, sıra ilə müxtəlif növ ağaclar əkilmişdi. Hər iki tərəfdə  yağış və sel sularının axıb-getməsi üçün xəndəklər düzəldilmişdi. Günəşli günlərdə küçədə zərrə qədər toz olmur, yağmurlu havada isə ayaqlar palçığa bulaşmırdı .

Küçədə iki at arabası, yaxud iki fayton yan-yana asanlıqla hərəkət eləyə bilərdi. Amma daş döşənmiş bu küçə atlar üçün münasib deyildi. Ona görə də çaparların. Xüsusilə də, hərbiçilərin gediş-gəlişi üçün yolun qırağında  daş döşənmiş yerlər saxlanmışdı. Ayrı-ayrı evlərə gedib-gəlmək üçün küçədən müxtəlif istiqamətlərdə bir neçə döngə və dalan ayrılırdı.

Rastabazar sakinlərinin böyük bir qismini varlılar-bəylər və tacirlər təşkil edirdi. Buradakı yaraşıqlı evlər Şərq memarlığının, Şərq zövqünün gözəlliyini, incəliyini, rəngarəngliyini canlandırırdı. Bu baş küçə, bu şah küçə sanki aristokrat ruhu ilə nəfəs alırdı. 

Şeytanbazar Mirsiyabovların karvansarasının sağ tərəfindən başlayaraq üzü Cıdır düzünə uzanan küçədir. Onun hər iki tərəfində xırda sənətkarlar, dəmirçi, qalayçı, saxsı və çini qablar, xırdavat, parça, meyvəcat, göy-göyərti dükanları vardı. Şair Molla Pənah Vaqifin evi bu küçədə yerləşirdi. 

Rastabazarla paralel, onun aşağı tərəfi ilə uzanan küçə isə Merdinli (həm də məhəllədir) adlanır. Burada əsasən, yaşayış binaları yerləşirdi. Şair Qasım bəy Zakir, həkim Məmmədqulu Qayıbov, məşhur ictimai xadimlər Cahangir xan Nurubəyov, Məhəmməd ağa Əbrəxanov bu küçədə yaşayırdılar. Şirin su hamamı da burada yerləşirdi. 

Vasif Quliyev

Rəylər

Aşağıdakı məlumatları qeyd edin