Şuşada görüşmək qismətimiz olsun

Çox hörmətli Prof.Dr.Elçin İsgəndərzadənin adını ilk dəfə yazıçı dostum Oktay Hacımusalıdan eşitmişdim. 
Şeirlərini oxuyarkən təəcüblənmişdim və Oktay Hacımusalıdan soruşanda "Elçin İsgəndərzadəni anlamaq üçün mütləq Şuşanı görməli, onunla tanış olub Şuşanı onunla hiss etməlisən" demişdi...
Ancaq Şuşanı görmək nə mümkün?! Şuşa yad əldə əsir, Xarıbülbül Cıdır düzündən başqa bir yerdə açmaz, quşlar İsa bulağında oxuduqları kimi başqa bir yerdə oxumaz...
Şuşanı əlimizdən alıblar,  Şuşaya həsrətik eyni ilə Elçin müəllimin şeirlərinin qəhrəmanı Xalid Fələstinə həsrət qalan kimi. Həsrət dadı gəlir ordakı ağaclardan, ağaclardakı budaqlardan, budaqlardakı meyvələrdən...  Hər yer ayrılıq qoxuyur bu şeirlərdə... Bir dünyanın faniliyi qədərdir o şeirlər...
Ancaq indi vüsalın şirinliyi ayrılığın məyusluğu ilə qarışıqdır. Əminəm ki, o şirinlik içindəki acını, göz yaşı içindəki gülüşü Azərbaycanı ziyarət edəndə hər biriniz görmüsünüz. Göz yaşına qarışan gülüşləri, qəhqəhələri... İnsan gülərkən gözləri dolarmı bulud - bulud?! Şuşadir bu, adamı ele hala salar ki... İnim - inim inlədər adamı. İnlətdiyi kimi güldürməyi də bacarar həmçinin...
Elçin müəllim də yəqin ona üsyan edir şeirlərində. Bir gözü gülursə, bir gözü ağlayırsa, xoşbəxt deyildir o... Tam olmalıdır, bütöv olmalıdır hər şey. Tamı, bütövü olmalıdır her şeyin. Vətən də bütöv, tam olmalıdır. Olmadı, alınmadı, qoymadılar. İcazə vermədilər, gecikdirdilər bizi. 
Azərbaycan olaraq yavaş - yavaş bütövləşməyə, tamlaşmağa getdiyimiz bu günlərdə, Qarabağın kənd – kənd, qəsəbə - qəsəbə, şəhər – şəhər ANA VƏTƏNƏ qaça - qaça geri gəldiyi, qucaqlaşdığı, həsrətini dindirdiyi bu günlərdə öz – özümə düşünürəm görəsən indi çox hörmətli Elçin İsgəndərzadənin içində hansı fırtınalar qopur?! Kim bilir bəlkə də indi o, Şuşanın dumanlı dağlarında, Cıdır düzündə, İsa bulağındadır... Ruhən oraları gəzərkən cismi siqnal səsləri ilə, insan səs - küyünün iç – içə keçdiyi meqapolislərdədir. Nə fərq edər ya İstanbuldur həmin meqapolis, ya Paris, ya da Bakı?!...
Nə Parisdə yoxdur ihlamur çiçəkləri, nə Bakıda yoxdur dağların dumanı, nə İstanbulda yoxdur Gövhər ağa məscidi...
Amma Şuşada ruh var, Şuşada qaranlıq gecəni işıqlandıran isti sözlər var. Ana Vətən, baba yurdu, ata ocağı, ana əli, nənə yaylığının cəmi Qarabağdır,cəmi Şuşadır. Bəlkə elə ona görə Elçin müəllimin şeirlərini oxuyanda Şuşanı sevdim.   Cürbəcür ölkələrdən, yerlərdən, yurdlardan, torpaqlardan bəhs edərkən belə o, suşalı olaraq yazır, suşalı olaraq danışır, suşalı olaraq içindəkiləri kağıza tökür.
Uzada da bilərəm seirləri ilə, yazıları ilə bağlı düşüncələrimi, amma içimdən bu cümləni demək keçir: Şuşada görüşmək qismətimiz olsun, Elçin müəllim! Məncə bu ən gözəl duadır və buna elə ən çox Şuşa sevinəcək...

Dr.Derya Akdemir
Araşdırmaçı yazar 
Anka Türk Birliyi başqanı
 

Arayış:

Derya Akdemir 1978 ci ildə Iğdırın Tuzluca rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngibasar  bölgəsinin Uluxanlı qəsəbəsindəndir. İllər əvvəl babaları Iğdırın Tuzluca rayonuna köçüblər. Orta məktəbi bitirdikdən sonra D.Akdemir təhsilini və fəaliyyətini Ankarada davam etdirib. Hal hazırda Anka Der Anka Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin ve Anka Türk Birliyinin başqanıdır. Bədii ədəbiyyatla da məşğul olan Dərya Akdemirin iki kitabı nəşr olunub. Sonuncu kitabı "Qaçaqaç hekayələri" Iğdırda və bütövlükdə Şərqi Anadoluda ermənilərin törətdiyi soyqırımlar barəsindədir. Bir çox regional və beynəlxalq təşkilatın idarə heyətində Azərbaycanı layiqincə təmsil edən D.Akdemir 2020 ci ildə  Qırğızıstan Orta Asiya tarixçilər və yazarlar birliyi tərəfindən Turan mükafatına, 2021- ci ildə Mahmud Kaşgari medalına layiq görülüb. Eyni ildə Vektor Türk dünyası Elmlər Akademiyası tərəfindən Fəxri doktor titulu ilə mukafatlandırılıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin